Məhkəmə qərarları › İş №2(105)-2285/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2285/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2285/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi: X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" ASC-nin 05 yanvar 2021-ci il tarixli, A seriyalı 205103 saylı akt əsasında ona məxsus abonent kodu **********02729 olan abonent koduna hesablanmış 1107 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı Şabran şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evinə **********02729 abonent kodu olan işıq xətti çəkilmiş və həmin xəttdən istifadə edərək sərf olunan elektrik enerjisi haqqını həmişə vaxtında ödəmişdir. 05 yanvar 2021-ci il tarixində Azərişıq ASC-nin nümayəndələri gələrək yoxlama keçirmiş və nəticədə A seriyalı 205103 saylı akt tərtib edilmişdir. Aktda qeyd olunur ki, abonent tərəfindən sayğacdan kənar xəttdən qoşulub istifadə olunur. Həmin aktla ölçü aparılmış və onun abonent koduna 1107 manat borc hesablanmışdır. Qeyd olunan akta etiraz etmiş və aktın müvafiq qrafasını imzalamaqdan imtina etmişdir. Həmin aktla hesablanmış borcla əsassız olduğundan razılaşmır. Ona görə ki, onun yaşayış evinə gələn elektrik xəttinə heç bir kənar qoşulma olmamışdır. O, bir abonent olaraq kənar elektrik enerjisindən istifadə etməmişdir. "xxxx" ASC-nin əməkdaşlarının video çəklişdə göstərdikləri elektrik xətti onun deyil, qonşunun həyətinə gedir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərtib edilmiş akt müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır, onlar da birbaşa nəticə ilə maraqlı şəxslərdir. Ona məxsus mənzildə sayğacdan kənar xəttin mövcud olduğuna dair iş materiallarında heç bir sübut yoxlur. Cavabdehin nümayəndələri isə ehtimallara əsaslanaraq, heç bir sübuta əsaslanmadan ona borc hesablanması barədə qərar qəbul etmişdir. Şabran Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar gələ bilmədiyini göstərərək, işin başqa bir vaxta keçirilməsini xahiş etmişdir. Lakin xəstəliyi barədə heç bir sənəd əlavə etmədiyi üçün, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, borcun qanuna uyğun hesablanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, "xxxx" ASC-nin Şabran rayonu Elektrik–Enerji Satış şöbəsinin aparıcı mühəndisi – sahə rəisi vəzifəsində işləyir. İddiaçı rayon sakini kimi tanıyır. Hər ay itkilərlə bağlı "xxxx" ASC-nin əməkdaşları ilə birlikdə yoxlama aparırlar. 05 yanvar 2021-ci il tarixdə şəhərin Nizami küçəsində yoxlama zamanı Feyruzun evinin arxa tərəfindən, qonşunun həyətindən Feyruzun həyətinə faza xəttinin getdiyini müəyyən etmişlər. Həmin faza xətti sayğacdan kənar birbaşa qoşulmuş xətdir. Çəkliş aparmışlar, tester vasitəsi ilə xəttən axan yükün 7.92 amper olduğunu müəyyən etmişlər. Yəni 1,074 kvt olmuşdur. İddiaçı oğlu ilə birlikdə bir sayğacdan istifadə etmişdir. Bu hadisədən sonra iddiaçının evinə gedən elektirik enerjisi kəsilmiş, iddiaçının oğlu üçün 21 aprel 2021-ci il tarixdə başqa sayğac qoyulmuşdur. İddiaçı adına olan abunə haqqında sayğac göstəricisindən də məlum olur ki, sayğacdan kənar xətt kəsildikdən sonra abunə ödənişi 2-3 dəfə artmışdır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli 1510 saylı arayışdan görünür ki, X1 şəhəri, X.Əhmədov küçəsi 117 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş 205103 saylı aktdan görünür ki, EEİQ-yə uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacdan kənar xətdən qoşub istifadə edir. Aktın doğruluğunu Z.Balaqadaşov, Ü.Mədətov, N.Qasımov öz imzaları ilə təsdiq etmişlər. İddiaçı akta imza etməkdən imtina etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, İddiaçı 05.01.2021-ci il tarixli akta əsasən hesablanmış 1107 manat məbləğində borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək, iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş mötəbər sübutlardan da göründüyü kimi, iddiaçıya məxsus yaşayış evində "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması halı müşahidə olunduğundan 05.01.2021-ci il tarixli akt tərtib edilmiş və 1107 manat məbləğində borc hesablanmışdır. Bütün bunlar isə hazırkı tələbin əsaslı olmamasına və özündə faktiki həqiqəti əks etdirmədiyinə dəlalət edir. Bundan başqa məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş SD diskinə baxış keçirilmiş, SD diskinə baxış keçirilərkən də bir daha İddiaçı evinə qonşunun həyətindən keçməklə sayqacdan kənar birbaşa qoşulmuş xətt getdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 22 aprel 2021-ci il tarixli 2(031)-312/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar