Məhkəmə qərarları › İş №2(105)-2288/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2288/2022

30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2288/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(060)-5679/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstahsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus **********01243 saylı abonent koduna xx.xx.2022-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində borc əsassız olduğu üçün silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstahsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Mülki Prosessual Məcəllənin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qurumuna müraciət etməli olduğundan, Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1., 259.0.13., 263, 264, 384.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar