Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2289/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(012)-454/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(012)-454/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı «miras payının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh Abşeron rayon məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(012)-454/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Əliyev X3 rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı ona qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası olmuş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-454/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası baxılmamış saxlanılmışdır. Qərardad iddiaçının məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etməsi ilə əsaslanmışdır. Halbuki həmin işin sonuncu məhkəmə iclası 31.03.2021-ci il tarixdə olmuş, vəkillər tərəfindən son məhkəmə çıxışları edilmişdir, son elan 01.04.2021-ci il saat 10.00-a saxlanılmışdır. Bundan əlavə onun məlumatı olmadan iddiaçı iddiasının baxılmamış saxlanılması ilə bağlı ərizə vermişdir. AR MPM-nin 259.0.6-cı maddəsində də qeyd edilmişdir ki, iddiaçı işin baxılmamış saxlanılmasını xahiş etsə də, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanmasına yol verilmir. Ona görə də hesab edir ki, bu qərardad əsassızdır, şikayətim təmin edilə bilər. AR MPMnn 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardadan şikayət verilə bilər. AR MPM-nin 267.3-ci maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. AR MPM-nin 268.1- ci maddəsinə əsasən, şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan 10 gün müddətində verilir. AR MPM-nin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. AR MPM-nin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosesual hərəkətləri yerinə yetirir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli və onunla bağlı 19 may 2021-ci il tarixli qərardadları ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı miras payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmiş, məhkəmənin 01 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Cavabdeh bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 259.0.11. maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Şərh olunan maddə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması yalnız aşağıda göstərilən şərtlər məcmu halında mövcud olduqda mümkündür: iddiaçı işin məhkəmə baxışına hazırlanması mərhələsində iddia ərizəsinin qaytarılması barədə ərizə verməlidir; cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməməlidir. Yuxarıda göstərilən şərtlər məcmu halında mövcud olduqda, məhkəmə qətnamə çıxarmadan ərizəni baxılmamış saxlamaqla məhkəmə baxışını çatdırmalıdır. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verməsinə baxmayaraq, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edərsə, ərizə baxılmamış saxlana bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, cavabdehdən işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini aydınlaşdırmamış, ərizəni baxılmamış saxlamaqla nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli və onunla bağlı 19 may 2021-ci il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli və onunla bağlı 19 may 2021ci il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2289/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2289/2021
25.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver