Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2306/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, Cavabdeh vəkili X2 iştirakı ilə, iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsindən iddiaçı Heydər Əliyev adına X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsi ilə iddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan iddiaçı Heydər Əliyev adına X10 tərəfindən apelyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Heydər Əliyev adına X10 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 nömrəli sahə (R.Behbudov küçəsi) adlanan yerdə yerləşən tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşsə də bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.05.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının mülkiyyətində olduğundan və həmin torpaqlar yaşayış məntəqələri torpaqları olduğundan, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə qərar qəbul edən zaman, qeyd olunan boru kəmərlərinin iddiaçının özünün və ailə üzvlərinin həyatı üçün yüksək təhlükə mənbəyi olduğunu nəzərə almamışdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan nəticə etibarilə hazırki mülki işə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatıdırır ki, qanunvericiliklə neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydaları müəyyən edilmişdir ki, həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin «Mühafizə Zonasının müəyyənləşdirilməsi» Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Bununla yanaşı “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X4 apelyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, ümumiyyətlə həmin ərazidə hər hansı bir tikili mövcud deyildir, yəni iddiaçı mövcud olmayan tikilinin sökülməsini tələb edir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 25.09.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Heydər Əliyev adına X5 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Mülki işin materiallarında olan RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 05.05.2012-ci il tarixli, ******* saylı Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 27 saylı sahədə 0.08 ha yaşayış məntəqələrinin torpaq sahəsi- həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki işin materiallarında olan RX seriyalı, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 05.05.2012-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 saylı sahə yaşayış məntəqələrinin torpaq sahəsihəyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayon icra hakimiyyəti başçısının 08.06.2020-ci il tarixli, 1/6/1254 saylı məktubundan müəyyən olunur ki, iddiaçının sökülməsini xahiş etdiyi tikilinin altında yerləşən torpaq sahəsi 05.05.2012-ci il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmiş, bununla bağlı DƏDRX tərəfindən müvafiq çıxarış və plan-ölçü verilmişdir. Mülkiyyət hüququ ilə cavabdehə məxsus torpaq sahəsində tikinti işləri aparılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, tikinti layihəsi razılaşdırılmış, bununla əlaqədar məlumatlandırma icrratı olmuşdur. Bundan başqa iş materiallarında olan cavabdehə məxsus çıxarışlardan görünür ki, torpağın kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Mülki işin materiallarında olan 13.07.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq adlı əraziyə (R.Behbudov küçəsi) baxış keçirən vaxt, zavoda məxsus neft məhsulu nəql olunan Dş-250 mm. neft boru kəmərinin mühafizə zonası”nın 45 metrliyində Cavabdeh tərəfindən tikinti işlərinin aparılması aşkar edilmişdir. İş üzrə keçirilmiş 12 fevral 2021-ci il tarixli, 10/3914-li ekspert rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 saylı sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikilinin təqdim edilmiş 13.07.2020-ci il tarixli akta əsasən neft kəmərlərindən 45 metr məsafədə yerləşdiyi nəzərə alındıqda həmin tikilinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Dş- 250 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 saylı sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi- həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işləri aparılmışdır, iddiaçı tikilinin magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi üçün sökülməsini tələb edir. Cavabdeh isə həmin tikilinin aparıldığı torpaq sahəsinə reyestrdən çıxarışla mülkiyyət hüququ əldə etdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2 maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 saylı qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Heydər Əliyev adına X7 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədinə əsasən (AR NK-nin 02.11,2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkilinin təqdim etdiyi şəkillərdən görünür ki, iddiaçının sbkülməsini tələb etdiyi mübahisəli ərazidə hər hansı bir tikili mövcüd deyildir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, 26 saylı sahə (R.Behbudov küçəsi) adlanan ərazidə yerləşən tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşsə də bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 05.05.2012-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətində olduğundan və həmin torpaqlar yaşayış məntəqələri torpaqları olduğundan, tikinti razılaşdırıldığından, bundan başqa orada ümumiyyətlə hər hansı bir tikili olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə iddiaçı Heydər Əliyev adına X10 tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(012)-541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2306/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2306/2021
10.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver