Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2307/2022 12.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X6 və Cavabdeh1 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın təmin edilməsi, 1999-cu ilin noyabr ayında, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayonu, Padar kəndi ərazisində yerləşən 2.06 hektar torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq 1999-cu ilin noyabr ayında, onunla cavabdehlər arasında, Şabran rayonu, Padar kəndi ərazisində yerləşən 2.06 hektar torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində Şabran rayonu, Padar kəndi ərazisində JN: 0071, kod 30408058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.06 hektar “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədi üçün verilmiş torpaq sahəsi olmuş və cavabdehlər həmin torpaq sahəsini 1999-cu ilin noyabr ayında ona satmışlar. Alqı-satqı zamanı cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4 ilə qiyməti razılaşan zaman həmin vaxt kənd sakini X1 da onların söhbətlərində iştirak etmişdir və onun əlində həmin vaxt kifayət qədər pul olmadığından o, S.M.Şıxverdiyev ilə razılaşmışdır ki, 1 ədəd ona məxsus dananı ondan alaraq cavabdehlərə versin, dananın pulunu, əvvəlki pulla 1 milyon manat pulu iyun ayında taxılı biçən kimi ona ödəsin. Belə ki, Cavabdeh1 və Cavabdeh4 onunla razılaşmışdılar. Aralarında torpağın alqı-satqısı baş tutmuş və o da torpağın dəyəri olaraq 1 milyon manat dəyərində dananı onlara vermiş və onlar da dananı özləri ilə aparmışdılar. Sonra 1 milyon manat pul tərəfindən S.M.Şıxverdiyevə ödənilmişdir. Həmin vaxt 1 milyon pul 250 dollar müqabilində olmuşdur. Alqı-satqı zamanı dövlət aktı ona təqdim edilmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də cavabdehlər torpağa dair zəruri sənədləşməni apararaq əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna gəlməmişdilər. Belə olan halda əqdi rəsmiləşdirə bilməmişdi. O, torpağı aldığı vaxtdan hal-hazıra kimi mülkiyyətçi kimi həmin torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmiş, torpağa qulluq göstərmiş, 3500 manat xərc çəkib artezian vurdurmuşdur və s. Bu barədə şahidləri və digər sübutları da vardır. Bu barədə sübutlarından biri budur ki, JN: 0071, kod 30408058 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının əsli cavabdehlər tərəfindən ona təqdim edilmişdir. O, həmin dövlət aktını onlardan qeyri qanuni yolla əldə etsəydi onlar bu 23 il ərzində onu çoxdan məhkəməyə verərdilər. Həmin vaxt torpağın alqı-satqısına dair akt da tərib edilmişdir, lakin cavabdehlər Sumqayıt şəhərinə köçüb getdiklərindən akta imza etmələri mümkün olmamışdır. O, əqdi rəsmiləşdirmək istəsə də, hal-hazırda bunu edə bilmir. Üstəlik Cavabdeh1 2-3 ay olar ki, ailə üzvləri arasında narazılıq olduğunu bəhanə edərək həmin torpaq sahəsinin geri qaytarılmasını ondan tələb edir, onunla mübahisə yaradır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisə olunan 2,06 ha torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətindədir. İddiadan görünür ki, danışıqlar yalnız iki nəfər arasında aparılmışdır. Bu danışıqlar də əmlakın özgəninkiləşdirilməsi barəsində deyil, yalnız kirayəyə verilməsi barədə olmuşdur. Məhkəmə işin araşdırılması zamanı hadisənin vaxtının 1999-cu il olması barədə qərara gələrkən yol vermiş və hüquqi əsaslandırmanı köhnə məcəlləyə uyğun aparmışdır. İddiaçı ilə aralarında torpaq sahəsi barədə danışıqlar 1999-cu ildə aparılmasının nəticəyə gəlsə də, bu halı heç bir mötəbər sübutla təsdiq etməmişdir. Odur ki, Şabran Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(031)-607/2022 saylı qətnaməsini tam ləğv edib, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında əqdin 1999-cu il tarixdə bağlanmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ə.C.Abudərimov və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0071, kod 30408058 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X7 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları məqsədi ilə 2.06 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Şabran rayon Rəhimli Bələdiyyəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli 26 saylı arayışdan görünür ki, hazırda məhkəmə araşdırmasında olan İddiaçı cavabdeh Ə.C.Abdurəhmanovun işi üzrə iddia olunan torpağın torpaq vergisini 2000-ci ildən hal-hazıra kimi İddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş altı nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış 05 yanvar 2000-ci il tarixli aktdan görünür ki, X4 mülkiyyətində olan 2.06 ha torpaq sahəsini İddiaçı 250 ABŞ dollarına satmışdır. (cavabdeh X5) akta imza etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təstiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması, notariat qaydasında təstiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyalarının alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir…» «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisad mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafeləri real bərpası təmin olunmalıdır. Hazırki işdə göstərilən qaydaya əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin iş üzrə 23 avqust 2022-ci il tarixli 2(031)-607/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X6 və Cavabdeh1 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2307/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2307/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver