Məhkəmə qərarları › İş №2(105)-2307/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2307/2023

08.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2307/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)- 5321/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və xx.xx.2007-ci ildə vəfat etmiş X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-5321/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mərhum xx.xx.2007-ci il tarixdə ölmüş X6 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)- 5321/2023 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(060)-5321/2023 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadından maraqlı şəxslər Maraqlı şəxs, X8 və X7 20 noyabr 2023-cü il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və xx.xx.2007-ci ildə vəfat etmiş X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və İddiaçı mərhum xx.xx.2007-ci il tarixdə ölmüş X6 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılmasının bərpa edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tam əsassız və qanunsuz hesab edərək, maraqlı şəxslər olaraq onlar yəni, X8, X7 və Maraqlı şəxs həmin qəətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin isə tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, “Birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, mülki iş üzrə maraqlı şəxslər olan X8 və X3 şahid qismində dindirmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağırılan şəxsdir. Şahidin işin nəticəsində marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri xidməti asılılıq, qohumluq, dostluq və s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneə deyildir, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi işin nəticəsində birbaşa maraqlı olan şəxləri şahid qismində dindirərək, qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Eyni zamanda məhkəmə şahid qismində dindirilmiş X8 və X2 ifadələrini ciddi yoxlamamış və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, İddiaçı ilə bacıları X8 və X7 arasında şifahi razılaşma olmuş və həmin razılaşmaya əsasən, xx.xx.2007-ci ildə vəfat etmiş ataları X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi Rəhim Əliyev tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə məhkəmədə şahid qismində razılıq verərlərsə, həmin əmlakı satıb onların da payını verəcəkdir. Lakin İddiaçı şifahi olaraq verdiyi vədə əməl etməyərək, qanun üzrə birinci növbə vərəsə olan X8 və X4 heç bir əmlak verməyəcəyini bildirmişdir. Bu səbəbdən də hesab edirlər ki, Şəhla Kərimli və X1 hüquqları pozulmuş və qanun üzrə birinci növbə vərəsə kimi onlara çatası paydan məhrum olunmuşlar. Əlavə olaraq qeyd etmişlər ki, maraqlı şəxslərdən Maraqlı şəxs qanun üzrə birinci növbə vərəsə olmasına baxmayaraq, onun adı vərəsələr sırasından çıxarılmış və qətnamədə onunla bağlı heç bir müddəa öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normasına əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bütün bunlara baxmayaraq Sumqayıt Şəhər Məhkəməsi işi dərindən araşdırmamış Maraqlı şəxs birinci növbə vərəsə olmasına baxmayaraq, onun maraqları kənarda qalmış və faktiki olaraq miras əmlakdan məhrum olmuşdur. Bu nə dərəcədə obyektiv və qanuni yanaşmadır? Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni hesab etmirlər və həmin iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi qənaətindədirlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bir daha qeyd etmişlər ki, X8 və X7 həmin mülki iş üzrə maraqlı şəxslərdir və onların şahid qismində məhkəmə prosesində dinidirilməsi hüququn və qanunun ruhuna ziddir. Belə ki, məhkəmə Şəhla Kərimlini və Kəmalə Məmmədovanı şahid qismində dindirməklə maraqlı şəxslər statusundan çıxarmış və dolayısı ilə miras əmlakdan məhrum etmişdir. Çünki şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağırılan şəxsdir. Buradan da belə aydın olur ki, birinci instansiya məhkəməsi kobud qanun pozuntusuna yol verərək, maraqlı şəxslər olan Şəhla Kərimlini və X1 hüquqlarının məhdudlaşdırılmasına cəhd göstərmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində hakim, birinci növbəli vərəsələr olan X8 və X3 maraqlı şəxslər statusundan çıxararaq şahid statusuna mindirməklə, həmin şəxslərin Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci instansiya məhkəməsi X3 şahid yox, maraqlı şəxlər kimi işə cəlb etməli və onların mövqeyini öyrənməli idi. Çünki məhkəmə qətnaməsi çıxarıldıqdan sonra, əgər vərəsələr arasında hər hansı razılaşmaya əsasən, onlardan biri həmin razılaşmaya əməl etmədiyi halda, maraqlı şəxs kimi şikayət etmək hüquqları olsun. Marağına toxunan hər bir şəxsin məhkəmə aktından şikayət vermək hüququ hər zaman saxlanılmalıdır. Bu hüquq heç kim tərəfindən qəti şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, Konstitusiyanın 26cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda onu da bildirmişlər ki, müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində də öz əksini tapmışdır. Qeyd etmişlər ki, “İddiaçı ilə bacıları X8 və X7 arasında şifahi razılaşma olmuş və həmin razılaşmaya əsasən, xx.xx.2007-ci ildə vəfat etmiş ataları X6 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi Rəhim Əliyev tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə iş üzrə məhkəmədə şahid qismində ifadə verərlərsə, həmin əmlakı satıb onların da payını verəcəkdir. Lakin məhkəmə iş üzrə qətnamə qəbul etdikdən sonra İddiaçı şifahi olaraq verdiyi vədə əməl etməyərək, qanun üzrə birinci növbə vərəsələr olan X8 və X4 heç bir əmlak verməyəcəyini bildirmişdir”. Buradan da belə aydın olur ki, məhkəmənin şahid qismində dindirdiyi birinci növbəli vərəsələr arasında şifahi razılaşma olmuş və qətnamə qəbul edildikdən sonra mülki iş üzrə İddiaçı verdiyi vədin heç bir əhəmiyyət daşımadığını və onu yerinə yetirməyəcəyini qeyd etmişdir. Onda sual olunur, hakim mülki işi necə araşdırıb ki, tərəflər arasında olan razılaşmadan xəbərsiz olub? Çünki işin əsas mahiyyəti, vərəsələr arasında olan şifahi razılaşmadan ibarətdir. Əlavə olaraq bildirmişlər ki, məhkəmənin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında “birinci növbə vərəsə olan Maraqlı şəxs 05 aprel 2007-ci ildə vəfat etmiş atası X6 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağ ilə bağlı bu müddət ərzində heç bir notariat kontoruna müraciət etməməsi, həmin əmlaka onun vərəsəlik hüququnun tanınmasını tələb etməməsi, Maraqlı şəxs atasından miras qalmış əmlaka dair mirasın qəbul etmə hüququnun itirilməməsini və bu barədə vərəsə kimi öz hüquqlarından məhrum edilməməsini” əsas gətirərək apellyasiya şikayətini geri qaytarması o demək deyildir ki, məhkəmə birinci növbə vərəsə olan Maraqlı şəxs kimi məhkəməyə dəvət etməli və onun mövqeyini öyrənməməlidir. Belə ki, birinci instansiya məhkəməsi əvvəlcə vərəsələrin dairəsini müəyyən etməli və ondan sonra işə mahiyyəti üzrə baxmalı idi. Təəssüflər olsun ki, hakim işi yaxşı araşdırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş və məhkəmənin hazırlıq iclasını formal olaraq keçirmişdir. Halbuki Maraqlı şəxs da birinci növbə vərəsə olmaqla maraqlı şəxsdir və məhkəməyə dəvət olunaraq dinlənilmək hüququ vardır. Çünki bu Konstitusiyanın 60-cı maddəsinin İİİ hissəsində birbaşa olaraq göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(060)-5321/2023 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(060)- 5321/2023 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs, X8 və X2 qətnamədən birgə verdikləri apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələblərinə uyğun qəbulu məsələsinə baxılması üçün mülk iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Maraqlı şəxs atasından miras qalmış əmlaka dair mirasın qəbul etmə hüququnu itirilməmişdir və bu barədə vərəsə kimi öz hüquqlarından məhrum edilməmişdir. Qərardaddan narazı qalan maraqlı şəxslər Maraqlı şəxs, X8 və X7 şikayət vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti hər üç birinci növbəli vərəsələr tərəfindən verilsə də, qərardadda təkcə Maraqlı şəxs adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu müddətinin uzadılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi miras payının əldə edilməsi ilə əlaqədar olduğundan, digər qanun üzrə birinci növbədən olan vərəsələrin maraqlarına toxunur. Bununla əlaqədar birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 364.2ci maddəsinin tələbinə əsasən müvafiq qərardad qəbul etməli idi.Həmin maddəyə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını,daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-5321/2023 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs, X8 və X2 qətnamədən birgə verdikləri apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələblərinə uyğun qəbulu məsələsinə baxılması üçün mülk iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar