Məhkəmə qərarları › İş №2(105)-231/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-231/2024

09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-231/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2615/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 599,36 manat borcun (abonent kodu **********003) və 30 manat dövlət rüsumunun tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********003) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 599,36 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2615/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh (abonent kodu **********003) 599,36 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2615/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən işdə onun mövqeyinin öyrənilməsinə zərurət olsa da, məhkəmə işi yazılı icraat qaydasında keçirtmişdir. Eyni zamanda, iddiaçının iddia tələbi formal mülahizələrə əsaslanır. Heç bir həqiqəti əks etdirmir. O, həmin evi xx.xx.2020-ci ildə notarius vasitəsilə X1. Bu faktı təsdiq edən AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir. Onun bu işin məhkəmədə mübahisələndirilməsindən xəbəri olmamışdır. Yalnız icra mərhələsində icra məmurunun bildirişi daxil olduqdan sonra o, məsələni araşdırmağa başlamışdır və qətnaməni xx.xx.2023-cü ildə məhkəmədən şəxsən əldə etmişdir. O, evi satmamışdan qabaq bütün kommunal borclarını sıfırlamışdır və ödənişləri həyata keçirmişdir. Lakin yeni alıcı kommunal sayğacları öz adına keçirtmədiyi üçün borclar da köhnə abonent kimi onun adına yazılmışdır. Hesab edir ki, bu qanunsuzdur və Azərsu ASC işçilərinin səhlənkarlığı da işin bu vəziyyətə gəlib çıxmasında öz rolunu oynamışdır. Onun evi yeni alıcıya satmamışdan qabaq su ödənişlərini tamamilə ödəməyi və bütün borclarını sıfırlamağını təsdiq edən abonent kartı da iş materiallarına əlavə edilmişdir. Məhkəmənin bu epizodları nəzərə almadan işi yazılı icraat qaydasında keçirməsi, kiçik iddialara qarşı sadələşdirilmiş icraatı iddia icraatına keçirməməsi özü hüquqpozmadır. Odur ki, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və həmin borc yeni abonentə transfer edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməli, yeni qətnamə qəbul edilməli, Cavabdeh (abonent kodu **********003) 15,50 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan kodu **********003 olan abonent kartından görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023-cü il tarixinə 599,36 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 599,36 manat borcunun olması və onun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 599,36 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında quraşdırılmış su sayğaclarının göstəricilərinə uyğun olaraq müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Buna görə də iddia təmin edilməli, Cavabdeh 599,36 manat pul tutularaq İddiaçı ASC-yə verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın AN-İ№0851805 saylı, 08 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh əvvəl yaşamış olduğu Abşeron rayonu, Xırdalan şəhəri, X12 küçəsi, ev 30 ünvanında yerləşən ümumi sahəsi 47,9 kv.m. olan fərdi yaşayış evini X2. İş materiallarında olan abonent kartından görünür ki, 04 may 2020-ci il tarixə cavabdehin 45 manat 50 qəpik borcu olmuş, 30 manat ödəniş etmiş, 15 manat 50 qəpik borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Bundan əlavə Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh əvvəl yaşamış olduğu ünvan üzrə evini xx.xx.2020-ci il tarixdə X1. İşin 6-cı vərəqindəki abonent kartına əsasən isə müəyyən olunur ki, cavabdehin xx.xx.2020-ci il tarixə su xidmətlərində istifadəyə görə onun 15,50 manat borcu olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sonrakı dövr üzrə yaranmış borclar üzrə tələb əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməli, yeni qətnamə qəbul edilməli, Cavabdeh (abonent kodu **********003) 15,50 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2615/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu **********003) 15 manat 50 qəpik borc İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar