Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2318/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X7, Cavabdeh: Cavabdeh, 3-cü şəxsin nümayəndəsi: X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «Polad» Bagçılıq Yoldaşlığı Cəmiyyətinin sədri X6 qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iddiaçının X10 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi və mühafizə zonasından çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının X10 Kəmərləri Sahəsinin istismarında olan 530 mm diametrli “Sumqayıt QPS-Yaşma QPS” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən 39 T 0374445; ******* koordinatı üzrə inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının X10 Kəmərləri Sahəsinin balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma Bağlar massivi adlanan ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında kəmərdən «6» metr məsafədə daş hasar və 8 metr məsafədə yaşayış evi inşa edilmişdir. Müvafiq kəmərin mühafizə zonasında aparılan tikinti işlərinin qarşısının alınaraq sökülməsi və torpaq sahəsinə eləcə də aparılan tikinti işlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün iddiaçı tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Müraciətə Agentliyinin 20.11.2019-cu il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, sözügedən ərazidə gedən qanunsuz tikinti işləri ilə bağlı təqdim etdiyiniz faktlar, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Lakin, bu günədək qeyd edilən həmin tikili ilə bağlı heç bir tədbir görülmədiyindən yaşayış evinin tikintisi başa çatdırılmışdır. Qeyd olunan tikinti işlərinin qarşısının alınaraq sökülməsi istiqamətində müvafiq köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə məlumat verilməsi məqsədilə onlar tərəfindən 14 noyabr 2019-cu il tarixli məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinə də müraciət edilmişdir. Lakin, bununla bağlı hər hansı tədbir görülməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi C.V.Dosiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən həmin tikintinin üzərində cavabdehin mülkiyyət hüququnun olmasını qeyd etmişdir. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunda nəzərdə tutulan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdeh həmin tikilini tikdirdikdə lazımi icazələr almamışdır. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə yüksək təzyiqli maqistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Qanunun tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(060)-1280/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi C.V.Dosiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. 3-cü şəxs Q.H.Nəcəfov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli tikilinin cavabdehin mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi C.V.Dosiyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1973-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 06.11.2019-cu il və 20.11.2019-cu il tarixlərdə, 5 saylı XİK-in rəisi İ.Nuriyev, 5 saylı XİK-in mühəndisi M.Mirzəyev və 5 saylı XİK-in xətt baxıcısı S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış aktlarda göstərilmişdir ki, cavabdeh «Sumqayıt-Yaşma» magistral qaz kəmərinin 19-cu kilometrliyində 39 T 0374445; ******* koordinatı üzrə 530 mm diametrli magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 6 metr məsafədə yerləşən ev və daş hasar inşa etmişdir. İş materiallarına ərazinin fotoşəkili əlavə edilmişdir. İddiaçının X1 Təşkili üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubuna cavab olaraq Agentliyin 20.11.2019-cu il tarixli,**********19 saylı cavab məktubunda qanunsuz tikinti işləri ilə bağlı təqdim edilmiş faktların qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərildiyi qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma Bağları massivi “Polad” Kollektiv Bağçılıq Cəmiyyətinin ərazisində 521 kv.metrlik 305 nömrəli bağ sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi 18.09.2019-cu il tarixində qeydə alınmışdır. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərazinin planından görünür ki, 305 nömrəli bağ sahəsinin qonşuluğunda digər bağ sahələri yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi, iddiaçı onun balansında olan qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin tikilinin sökülməsini xahiş edir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamışdır. Belə ki, cavabdehin hasar və ev inşa etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Mülki Məcəllədə göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir (238.2.). Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1). Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış olsa belə, iddiaçının həmin tikilinin sökülməsi üçün subyektiv hüquqa malik olub olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aiddir və iddiaçı həmin iddianı qaldırmaqda sübyektiv hüquqa malik deyil. Eyni zamanda Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Yəni, cavabdehə məxsus fərdi ev və ya ərazidəki digər tikililər həqiqətən iddiaçının qeyd etdiyi boru kəmərinin mühafizəsi zonasına düşürsə, həmin tikililərin yerləşdiyi torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Hazırkı iddianın təmin edilməsi isə mülkiyyətçi kimi cavabdehin hüquqlarının pozulmasına səbəb olar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın sökülməməsində haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1 bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 23 aprel 2021-ci il tarixli 2(060)-1280/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2318/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2318/2021
26.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver