Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2321/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1400/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1400/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, bağ evinə (Abunə kodu: **********05257) hesablanmış 274,83 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, bağ evinə qanunsuz və əsassız olaraq tərtib edilmiş, 19.10.2020-ci il tarixli, 199721 saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 809,38 manat borcun və 2006-cı ildə heç bir əsası olmadan hesablanan 274,83 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsindəki bağ evi ona məxsusdur. Həmin ünvanda bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı-vaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında ödəmiş və bu ödənişlər barədə qəbzləri vardır. 19.10.2020-ci il tarixində “Azərişıq” açıq səhmdar cəmiyyətinin bir qrup əməkdaşı göstərilən ünvana gələrək evdən çöldə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya sayğaca müdaxilə olunduğunu, elektrik sayğacının sxemindən kənar xətt olmasını bildirərək “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin pozulması haqqında 19.10.2020-ci il tarixli, 199721 saylı akt tərtib etmişlər. Həmin akt əsasında ev üzrə elektrik enerjisindən istifadəyə görə 809,38 manat borc hesablanmış, həmçinin 2006-cı ildə 274,83 manat borcu olduğu bildirilmişdir. Elektrik hesabat sayğacı evdən kənarda, çöldə yerləşir və sayğacın qorunmasına enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin ünvan 06.07.2006-cı il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********05257 saylı abunə hesabı açılmışdır. Bu ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək, ona bildiriş təqdim edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi aktı əsaslı hesab edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32 və 8.33-cü bəndlərində aktın tərtibatı zamanı hal şahidlərinin iştirakı nəzərdə tutulmuşdur. Akt tərtib olunan zaman hal şahidi və onun iştirakı təmin olunmamış, yalnız cavabdehin nümayəndələri öz aralarında əsassız akt tərtib etmişlər. Həmin əsassız akt görə ona 809,38 manat məbləğində borc hesablanmışdır. Bu hal abunə haqqında çıxarışda da öz əksini tapır. Göründüyü kimi, məhkəmə iddia tələbinə dair onun tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin birinci instansiya məhkəməsində iddia tələbi üzrə onun tərəfindən məhkəməyə təqdim edilmiş aktdan və abunə haqqında çıxarışdan görünür ki, 19.10.2020-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən ona məxsus mənzilə quraşdırılmış elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik elerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Bununla əlaqədar olaraq da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması haqqında 19.10.2020-ci il tarixli, R 199721 saylı akt tərtib edilmişdir. Abunə haqqında çıxarışdan da məlum olur ki, akt tərtib olunmamışdan əvvəl, yəni 10.10.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi sayğaca baxış keçirmiş, sayğacın göstəricisini oxuyaraq ona bildiriş təqdim etmişdir. Yalnız 9 gündən sonra enerjitəchizatı müəsisəsinin əməkdaşları yenidən gələrək guya kənar xəttin olması barədə akt tərtib etmişlər. Əgər kənar xətt olsaydı, bu hal 10.10.2020-ci il tarixdə rəsmiləşdirilərdi. Əgər kənar xətt 19.10.2020-ci il tarixdə aşkar edilmişdirsə, 3 illik deyil, 9 günlük hesabat aparılmalı idi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv ediərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş 199721 saylı, 19.10.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində yaşayan İddiaçı məxsus evdə sayğaca baxış keçirilən zaman sayğacın sxemdən kənarlaşdırılaraq birbaşa şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına 03.07.2015-ci il üçün 274,83 manat və 29.10.2020-ci il üçün 809,38 manat borc hesablanmışdır. İş materiallarında olan 29.10.2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonetlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərdən görünür ki, 29.10.2020-ci il tarixli akt əsasında Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yerləşən bağ evinə itirilmiş elektrik enerjisinin bərpası üçün 7358 kvt elektrik enerjisi hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, bağ evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın sxemdən kənarlaşdırılaraq bir başa şəbəkəyə qoşulduğu müəyyən edilmiş, bu barədə 199721 saylı, 19.10.2020-ci il tarixli akt tərtib olunmuşdur. Məhkəmə kollegiyası sadalanan normaların tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissələrində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-1400/2021 saylı qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2321/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2321/2021
09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver