Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2329/2020 12.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2846/2020 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 36.2-ci maddələrinə istinad edərək ərizəni qaytarmışdır. Həmin maddələrin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir və rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Burada qanunda başqa hal nəzərdə tutulmamışdırsa ifadəsi prosessual məcəllənin ərazi aidiyyatı üzrə 4-cü fəslində ərazi aidiyyatı ilə bağlı normalarda göstərilən digər halları nəzərdə tutulur. Həmin fəslin 39-cu maddəsində müstəsna aidiyyatdan söhbət gedir və həmin normaya əsasən, yəni MPM-nin 39.1-ci maddəsində göstərilir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən sötürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı burada həmçinin birgə nikah dövründə əldə edilən əmlaklardan məhrum edilmişdir, yəni burada mülkiyyətdən məhrum edilmə ilə bağlı da iddia mövcuddur. Bu isə sözügedən mübahisəyə müstəsna aidiyyət kimi əmlakın olduğu yerin məhkəməsində baxılmasını zəruri edir. Qanunun burada məqsədi şəxsin məhkəməyə çatımlılığmı təmin etmək, ağlabatan müddətə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Bir sözlə müqavilə üzrə icra edilməli olan bütün öhdəliklər Abşeron rayonunda nəzərdə tutulmuşdur İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini və qərardadın ləğv olunaraq iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanları olaraq Rusiya Federasiyası, Qublinskiy şəhəri, 7-ci mkr, ev 13, mənzil 9 ünvanı göstərildiyindən, digər cavabdeh olan Bakı şəhəri 16 saylı notariat kontoru isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Park küçəsi 10 ünvanında yerləşdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq öz icraatına qəbul etdiyi mülki işə baxmağa səlahiyyətli olmadığını müəyyən edərək ərazi aidiyyəti üzrə göndərilməsi üçün cavabdehlərdən biri olan Bakı şəhəri 16 saylı notariat kontorunun yerləşdiyi ərazi üzrə Sabunçu rayon məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci və 309.2-ci maddəsində göstərilən tələblərlə bağlı olmadığından birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 44.1. maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 44.2.1. maddəsinə əsasən məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2329/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2329/2020
12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver