Məhkəmə qərarları › İş №2(105)-233/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-233/2022

22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-233/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi, cərimə borcunun silinməsi və əlavə tutulan pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1030/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1030/2021saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu **********07060) dair hesablanmış 1181 manat cərimə borcunun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən narazı qalan İddiaçı ondan apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq ünvan 1ndə yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********07060 olan sayğaca görə qanunsuz olaraq iddiaçıya hesablanmış 1400 manat cərimənin tutulmasına dair tərtib edilmiş 31.01.2018-ci il tarixli ******* saylı və 30 aprel 2018-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, cərimə borcunun silinməsi və ondan əlavə olaraq tutulan 143 manat pul məbləğinin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanan 08.04.2015-ci il tarixli, 125614 nömrəli müqaviləyə əsasən, iddiaçı təbii qazdan istifadə etməyə başlamışdır. 2017-2018-ci illərdə iddiaçı rayonda olarkən, qurumun işçiləri ünvan 1ndə yerləşən fərdi yaşayış evinə sayğac yoxlanılması məqsədilə gəlmiş və evdə heç kimin olmamasına baxmayaraq qanunsuz və əsassız olaraq ******* nömrəli akt tərtib etmişlər. Bir müddət sonra 30 aprel 2018-ci il tarixdə yenidən sayğac yoxlanılmış və birtərəfli şəkildə akt tərtib edilmiş, 1400 manat cərimə borcu yazılmışdır. İddiaçının aktların tərtibindən xəbəri olmamışdır. Bu barədə cavabdehə müraciət etsə də, nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən qazdan istifadəyə görə müxtəlif vaxtlarda aktlar tərtib edilmiş, həmin aktlara əsasən 858,20 manat, 322,20 manat və 219,60 manat məbləğlərində hesablaşmalar aparılmışdır. Məhkəmə 858,20 və 322.20 manat əsassız hesablaşmaya münasibət bildirərək həmin hissədə iddia tələbini təmin etmişdir. Lakin, digər yəni 30.04.2018-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta əsasən hesablanmış 219,60 manat hissədə iddia tələbini təmin etməmişdir. Halbuki qətnamənin müəyyən etdi hissəsində məhkəmə aktlara görə ümumilikdə 1400 manat hesablaşma aparıldığını qeyd etmişdir. Lakin 219,60 manat hissədə iddia tələbini təmin etməməsinin əsaslarını və qanunauyğunluğunu qeyd etməmişdir. Onun aylıq sərfıyyatı 10- 20 manat arasında dəyişir və hər ay cavabdeh təşkilatın əməkdaşı sayğaca nəzarət edir. Əgər hər hansı bir qüsur var idisə, niyə görə bu barədə vaxtında məlumat vermirdilər. Bu günki gündə ona 10-12 manat aylıq hesablaşma aparırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmin qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı müəssisəsi daşıyır. Qeyd olunanlardan əlavə ona məxsus fərdi yaşayış evinə əlavə borc hesablanan dövrdə qaz hesabat sayğacı smart tipli sayğac idi. O, karta ödəniş edən zaman ödənişin bir hissəsi akt üzrə ödənilmiş borca çıxılırdı. Buna görə də cəmi 143 manat məbləğində pul məcburi qaydada ondan akt üzrə hesablanmış borc üçün tutulmuşdur ki, o, həmin borcun qaytarılması tələbini öz iddia ərizəsində qeyd etmişdir. Lakin məhkəmə ümumiyyətlə həmin hissəyə münasibət bildirməmiş, həmin hissədə iddia tələbini rədd edərkən heç bir qanuna əsaslanmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh nümayəndəsi X3 şikayətlə razılaşmadıqlarını, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 08.04.2015-ci il tarixli, 125614 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarından olan 31.01.2018-ci il tarixli, ******* saylı və 30 aprel 2018-ci il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar qoşulmaqla istifadə etməsi aşkar edilmişdir. Abonent aktı imzalamaqdan imtina etmişdir. Yenə də iş materiallarında olan iddiaçının adına tərtib olunan abonent saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün tərtib edilən akta görə 858,20 manat, həmin ilin mart ayı üçün tərtib olunan akta əsasən 322.20 manat, həmin ilin aprel ayı üçün tərtib edilən akta görə 219.60 manat məbləğində cərimə məbləği olmaqla, cəmi 1400 manat cərimə məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.01.2022-ci il tarixli, 10/6744 saylı rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində iddiaçıya məxsus yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilməmişdir. Ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı paylayıcı qaz xəttinə evin küçəyə tərəf divarının üzərində 1,5 metr hündürlükdə sayğac quraşdırılmışdır. Sayğac plastik qutunun içərisindədir, baxış zamanı üzərində hər hansı sınma, dağılma izləri aşkar edilməmişdir, giriş və çıxış hissələrinə 15 mm-lik polad boru keçirilmiş, çıxış hissəsinə birləşdirilmiş boru evə doğru çəkilmişdir. Baxış zamanı yaşayış evinə sayğacdan kənar çəkilmiş hər hansı xətt, eləcə də xəttin çəkilməsini özündə əks etdirən izlər (qaynaq, borucuq və s) aşkar edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddianın təmin edilmiş hissəsində qətnamə mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1030/2021 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 322.20 manat hissəsində, eləcə də hesab səhvinə yol verilmiş 1181 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, 322.20 manat cərimə məbləği də daxil olmaqla, cəmi 1400 manat cərimə silinməli, qətnamə tərtib edilmiş aktların ləğv edilməsi və əlavə olaraq tutulan 143 manatın geri qaytarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh arasında bağlanan 08.04.2015-ci il tarixli, 125614 nömrəli müqaviləyə əsasən, iddiaçı təbii qazdan istifadə etməyə başlamışdır. İddiaçı barəsində Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında üç dəfə akt tərtib edilmiş, ona təbii qazdan qanunsuz istifadə əsası ilə cəmi 1400 manat (858.20+322.20+219.60) cərimə hesablanmışdır. İddiaçı tələbində 1400 manat cərimənin silinməsini tələb etsə də, işə baxan məhkəmə 1181 manat borcun silinməsi nəticəsinə gəlmiş, 322.20 manat cərimənin silinməsinə dair tələbə qiymət verməmiş, silinməli məbləği müəyyən edərkən isə hesab səhvinə yol vermişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı barəsində tərtib olunan aktlar birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi bu hissədə qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, hazırki halda tərtib edilmiş aktların ləğv edilib edilməməsindən asılı olmayaraq etibarlı sübut olmaması işin artıq mübahisəsiz halına çevrilmişdir. Doğrudur, hər bir halda güvənlilik üçün iş üzrə ekspertiz təyin olunmuş və birinci instansiya məhkəməsinin aktlar tərtib edilərkən qanun pozuntusuna yol verildiyi barədə gəldiyi nəticənin həqiqiliyi öz təsdiqini tapmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Yenə həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Yenə də həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən aktlar formal, istehlakçının iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər onun guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Daha öncə qeyd edildiyi kimi, Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən istehlakçı barədə qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, lakin heç bir aktda onun imzası yoxdur. İş materiallarında iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan məlum olur ki, qanunsuz xətt qazpaylayıcı şəbəkədən qaynaq vasitəsilə ayrılmışdır. Lakin qeyd edildiyi kimi keçirilmiş ekspertiza nəticəsində kənar qoşulma, o cümlədən qanunsuz qoşulmanı və onun ləğvini təsdiq edəcək qaynaq izləri aşkar edilməmişdir. Apellyasiya şikayətindən göründüyü kimi iddiaçı iddiasının təmin edilməyən bütün hissəsində, yəni qətnamə tərtib edilmiş aktların ləğv edilməsi və əlavə olaraq tutulan 143 manatın geri qaytarılmasının rədd edilməsi hissəsində də mübahisələndirir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin aktların etibarsız hesab edilərək ləğv edilməsinə dair hissəsinə münasibətdə hesab etmişdir ki, akt iş üzrə sübut vasitəsidir və yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, bu hissədə iddianı əsassız hesab edərək təmin etməmişdir. Eləcə də, məhkəmə iddia tələbini digər hissəsinə münasibətdə qeyd etmişdir ki, 143 manat əlavə tutulmalarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən bu hissədə tələb əsassız hesab edilib təmin edilməməlidir. İşin faktiki hallarına və iş üzrə sübutlara qiymtə verərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 102 manat ekspertiza xərci isə cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1030/2021 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 322.20 manat hissəsində, eləcə də hesab səhvinə yol verilmiş 1181 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu **********07060) dair hesablanmış 322.20 manat cərimə məbləği də daxil olmaqla, cəmi 1400 manat cərimə silinsin. Qətnamə, tərtib edilmiş aktların ləğv edilməsi və əlavə olaraq tutulan 143 manatın geri qaytarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh İB-dən İddiaçı xeyrinə tutulsun. 102 manat ekspertiza xərci isə Cavabdeh İBdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar