Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2347/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin təhvil verilməsi və lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı lizinq obyekti olan “Samand SE” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil verilməsi və lizinq müqaviləsi üzrə yaranmış cəmi 827,59 manat borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin təhvil verilməsi və lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi şikayət vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh qarşı lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **- AX-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT1FF710521 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılmasının və 20 iyul 2022-ci il tarixə 743.54 manat gecikdirilmiş əsas, 12.81 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 71.24 manat dəbbə pulu, ümumilikdə 827.59 manat gecikdirilmiş borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdıraraq hesab etmişdir ki, iddia ərizəsi və əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzdən məlum olur ki, rüsum qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, dövlət rüsumu sadəcə qiymətləndirilən iddia tələbinə münasibətdə ödənilmiş, qiymətləndirilməyən iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, iddiaçı ərizəsində qeyd etmişdir ki, iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunu “elektron məhkəmə portalında” dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə hesablayaraq ödəyir və əgər məhkəmənin gəldiyi nəticə düzgün olsaydı, portaldakı dövlət rüsumunun hesablanması kalkulyatorunda qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə dövlət rüsumunun yoxlanılması üçün bir yerdə seçim nəzərdə tutulardı. Həmçinin iddiaçı iddia ərizəsi məhkəməyə elektron göndərilən zaman da dövlət rüsumunun qeyd edilən hissədə yalnız bir seçim nəzərdə tutulduğunu bildirmişdir. İddiaçı hesab edir ki, iddia ərizəsi qiymətləndirilən iddia ərizəsi olduğundan iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu qanunvericiliyin tələbinə tam uyğun olaraq ödənilmişdir. İddiaçı məhkəmənin mövqeyinə əsaslandığı halda hər hansısa şəxsin məhkəmədə nigahın pozulması, uşaqların valdeynin himayəsində saxlanılması, qızıl zinət və cehiz əmlakının geri qaytarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda qiymətləndirilməyən hər bir tələb üzrə 100 manat məbləğində dövlət rüsumunu ödəməli olduğunu qey etmiş və bunun əsassız oluğunu bildirmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı ASC hazırki iddia ərizəsini verərkən X4 vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 14:55-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 31 avqust 2022-ci il tarixli, e-2(012)- 4961/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2347/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2347/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver