Məhkəmə qərarları › İş №2(105)-2352/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2352/2021

22.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2352/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı və onun vəkili X24, Cavabdeh1 vəkili və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın alqı satqı müqaviləsinin etibarsız və reyestrdən çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 saylı qətnaməsilə (hakim R.Kazımov) iddia qismən təmin edilmiş, 3,13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsi 2,65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, MH ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarışlar 2,65 hektar torpaq sahəsinə dair hissədə ləğv olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və ona qarşı qaldırılmış iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, MH ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə İddiaçı və ailə üzvləri X14, X10, X3, həmçinin X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Qusar rayonunun Gündüzqala kəndi ərazisindən 4,04 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 15 oktyabr 1998-ci il tarixli, JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Ona və ailəsinə məxsus olan bu torpaq sahəsindən maliyyə cəhətdən imkanları məhdud olduğundan aidiyyatı üzrə istifadə edə bilməmişlər. 2006-cı ildə qeyd edilmiş torpaq sahələrinə reyestrdən çıxarış ala bilmədiyi üçün ona köməklik göstərilməsi ilə əlaqədar həmin dövrdə Gündüzqala Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X21 müraciət etdikdə, Mömin Babayev birmənalı olaraq bildirmişdir ki, torpaq sahəsinə dair həmin dövlət aktının əslini ona versin, qalan işlərdən isə narahat olmasın. Uzun müddət keçməsinə baxmayaraq, Mömin Babayev dövlət aktını qaytarmaq istəməmiş və yaxın gələcəkdə reyestrdən çıxarış alıb ona verəcəyini bildirmişdir. Həqiqətən də, onlar ailənin mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə edə bilməmişlər. 2019-cu ilin noyabr ayında torpaq sahəsini satmaq məqsədilə Gündüzqala Bələdiyyəsinin sədri X21 müraciət edərək, torpağa mülkiyyət hüququna dair dövlət aktının qaytarılmasını xahiş etdikdə Mömin Babayev torpaq sahəsinin kənar şəxslərə satıldığını bildirmişdir. Dövlət aktı X27 tərəfindən qaytarılmadığı üçün o, Qusar rayon Polis Şöbəsinə müraciət etmiş, lakin şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsindən və çıxarışların verilməsindən 05 noyabr 2019-cu il tarixdə xəbər tutmuşdur. Pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdir. 09 dekabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə edilmiş vəkil sorğusuna cavab olaraq 13 dekabr 2019-cu il tarixli məktubla bildirilmişdir ki, JN- 0003 saylı, 30107038 kodlu saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 2,65 hektar hissəsinə dövlət reyestrindən 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. Həmin tarixdə edilmiş digər vəkil sorğusuna cavab olaraq isə həmçinin bildirilmişdir ki, JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktındakı torpaq sahəsinə dair dövlət reyestrindən Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixdə, MH ******* saylı çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Bütün sadalanan xüsusatlar göstərir ki, bu alqı-satqı müqaviləsi saxtadır və ona görə də etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışlar isə ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 oğlu apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış qətnamə qanunsuzdur. Mübahiəs araşdırılarkən məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, bununla da qanunsuz nəticəyə gəlinmişdir. Mübahisəli torpaq sahəsinə dair onunla Cavabdeh2 arasında 31.07.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır və bu zaman mülki qanunvericiliyin hər hansı norması pozulmamışdır. Əqd bağlanarkən torpaq sahəsinə dair Cavabdeh2 adına olan reyestrdən çıxarışın həqiqiliyi və tamlığı przumpsiyası pozulmamışdı. Bu əməliyyatdan öncə əmlakın Cavabdeh2 tərəfindən hansı qaydada əldə edilməsindən onun məlumatı olmadığından və əmlakın dəyərini alıcıya tam ödədiyindən o, vicdanlı əldə edəndir. Beləliklə məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Mülki Məcəllənin 140 və 149.2-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ona qarşı qaldırılmış iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X18 şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, Cavabdeh1 torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada satın almış, oradan təyinatı üzrə istfidaə etmiş, bələdiyyə vergilərini ödəmiş və dövlətdən bu fəaliyyətlə bağlı subsidiya belə almışdır. Bu sahə Cavabdeh2 tərəfindən ipoteka qoyularaq kredit götürülmüşdür. Cavabdeh1 banka olan qalıq borcu ödəmiş və ipotekanı girovluqdan azad etmiş, bundan sonra isə tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Torpaq sahəsinin satılmasından iddiaçının da məlumatı olmuşdur. 2018-ci ildən sahə onun istifadəsində olduğundan buranın iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X38 şikayətlə razılaşmadılar və onun rədd edilməsini xahiş etdilər. İddiaçı əlavə etdi ki, mübahisəli torpaq sahəsini 2019-cu ilədək o, istifadə etmişdir. 2019-cu ildən isə oraya gözətçi qoymuşlar. Qalan torpaq sahəsi hazırda da onun istifadəsindədir. Onun yaşadığı yerlə sahənin arası 60 km. məsafədə olduğundan buraya tez-tez gedə bilmir. O, ərazidə fındıq ağacları əkmişdir. İş üzrə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və iş üzrə müstəqil tələb irəlis ürməyən 3-cü şəxs Qusar rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndədlərini göndərməmişlər. Digər Cavabdeh2 ünvanlanmış məhkəmə bildirişləri müxtəlif səbəblərlə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə X5, X12, X6, X2 və X7 mülkiyyətlərinə Qusar rayonunun Gündüzqla kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 dekabr 2019-cu il tarixli, **********09 nömrəli məktubundan görünür ki, JN- 0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına dövlət reyestrindən Cavabdeh2 adına **********01 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 dekabr 2019-cu il tarixli, **********97 nömrəli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının 2,65 hektar hissəsinə dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* saylı, ********* qeydiyyat nömrəli, 04 iyun 2007-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən **********01 reyestr nömrəli, 3,134336 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. Onun adına 05.06.2007-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yenə işdə olan Qusar rayon Notariat Kontoru tərəfindən 31 iyul 2018-ci il tarixdə, 4Ə-1369 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 (onun adından etibarnamə əsasında Cəlilov Asim) tam mülkiyyət hüququ ilə özünə məxsus olan 3,13434 hektar torpaq sahəsini 19720 manata Cavabdeh1 satmışdır. Yenə də işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli 3,1343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Onun adına 13.09.2018-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən X13 göndərilmiş 09 yanvar 2020-ci il tarixli, 149-22260V-3220 saylı məktubundan görünür ki, araşdırmanın nəticəsində X5 ərizəsi mülki xarakterli olduğundan, eləcə də, X4 əməlində hər hansı cinayət və ya inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən toplanmış material Qusar RPŞ-də işə alınmışdır. Mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Yenə işə əlavə edilmiş Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Gündüzqala kəndində yaşayır və onun X19, X15, X16, X17 və X8 ibarət ailə tərkibi vardır. Yenə də işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsinin 21 iyul 2020-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, MH ******* seriyalı, **********1 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 adına olmuş Qusar rayonu, Gündüzqala kəndində yerləşən 3,134336 hektar torpaq sahəsini Cavabdeh2 Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. İş materiallarında olan JN-0352 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən Cavabdeh2 mülkiyyətinə Qusar rayonu, Gündüzqala kəndi ərazisindən 68,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan Qusar Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, G(029)-440/2020 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. Ona görə də, 11 aprel 2006-cı il tarixli, 2-158 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin surətinin təqdim edilməsi mümkün olmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin sorğusuna DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən və o çümlədən Qusar Rayon Məhkəməsinin 2-551a\2006 saylı, 20.09.2006cı il tarixli qətnaməsindən məlum olur ki, iddiaçıya məxsus JN 0003 KOD 30107038 nömrəli dövlət aktının 2,65 ha hissəsi daxil olmaqla 11 aprel 2006-cı il tarixində məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 adına 3,134336 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə JN 352 nömrəli dövlət aktı işlənmiş və həmin dövlət aktına əsasən 04 iyun 2007-ci il tarixli, **********01 reyestr, ********* qeydiyyat nömrəli çıxarış işlənmişdir. Həmin 3,134336 ha torpaq sahəsi 31 iyul 2018-ci ildə Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Məktuba əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 2-551a\2006 saylı, 20.09.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı həmin iş üzrə tərəf olmadığı kimi, ona və ailə üzvlərinə məxsus 4,04 ha torpaq sahəsi, yaxud onun 2,65 ha hissəsi həmin iş üzrə mübahisə predmeti olmamışdır. İşə əlavə edilmiş Qusar Rayon Polis Şöbəsinin 16.09.2021-ci il tarixli məktubundan bəlli olur ki, Cavabdeh2 barəsində AR Baş Prokurorluğu Yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmış, Bakı Ağır Cinayətlərə Dair Məhkəmənin 09.08.2018-ci il tarixli hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin 14.02.2019-cu il tarixli qərarı ilə cazası 9 ilə endirilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə Qusar rayonu, Gündüzqala kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0003 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsinin 2,65 hektar hissəsinə dair Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 isə həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunda 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və sonuncunun adına RX ******* saylı, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli, MH ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yenə həmin Məjəllənin 140-сı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yenə də həmin Məсəllənin 146.1-сi maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Eyni Məсəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İşdən görünür ki, iddiaçı və ailə üzvlərinə verilmiş 4,04 ha pay torpaq sahəsi qanuni əsaslarla, yəni aqrar islahatları nəticəsində əldə edilmişdir. Bu torpaq sahəsinin 2,65 ha hissəsi isə Cavabdeh2 mülkiyyətinə Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 adına tərtib edilmiş JN-0352 saylı, 30107038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verilmiş, Cavabdeh2 bu aktdan istifadə edərək öz adına 04 iyun 2007-ci il tarixli, MH ******* saylı reyestrdən çıxarış almışdır. Lakin məhkəmə araşdırması nəticəsində Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki işin başqa şəxslər arasında olan mübahisə ilə əlaqədar olması və Cavabdeh2 həmin mülki iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs olmadığı müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli 2,65 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz əsaslarla əldə edilmişdir. İddiaçı mülkiyyətində olan 4,04 ha torpaq sahəsinin 2,65 ha hissəsi onun tərəfindən Cavabdeh2 adına özgəninkiləşdirilməmiş, bu barədə hər hansı əqd bağlanmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Yenə həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından göründüyü kimi, iddiaçıya və onun ailəsinə məxsus torpaq sahəsinin 2,65 hektar hissəsinə Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, AN-İ ******* saylı, 4Ə-1369 reeyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satması və onun adına RX ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi İddiaçı mülkiyyət hüquqlarının pozulmasına, onun və ailə üzvlərinin mülkiyyətlərindən özlərinin xəbəri olmadan əsassız olaraq məhrum olmalarına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.5-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Yenə həmin Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar (M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarixli Qərar). Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan iddiaçı M.Ə.Misirxanovun və ailə üzvlərinin mübahisəli 2,65 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Bundan başqa, mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etməməsi onu qətiyyən həmin əmlaka olan hüquqlardan məhrum etmir və başqa şəxslərə həmin hüquqları bu səbəblə mənimsəməyə əsas vermir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı M.Ə.Misirxanovun həmin torpaq sahəsindən istifadə etməməsi cavabdehlərə həmin əmlakı göstərilən qaydada qanunsuz olaraq ələ keçirməyə motiv ola bilməz və onların bu hərəkəti birmənalı şəkildə yolverilməzdir. Cavabdeh2 adına tərtib edilmiş reyestrdən çıxarışın həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması barədə apelyasiya şikayətinin dəlili əsassızdır, çünki yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh2 mübahisələndirilən 2,65 ha torpaq sahəsini qanunsuz əsaslarla əldə etmişdir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni Cavabdeh1 əmlakı vicdanlı əldə edən olması barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası nəzərə alır ki, vicdanlı sahiblərin hüquqlarının müdafiəsi üçün daha çox istinad olunan Mülki Məcəllənin 157.3-cü maddəsi (Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz) çoxdan qüvvədən düşmüşdür. Mülki Məcəllənin 157.5, 157.6 və 157.7-ci maddələri isə birmənalı olaraq mülkiyyətçi hüququnu üstün mövqeyə çıxarmışdır. İsitinad olunan maddələrin ümumi dispozisiyasına görə vicanlı sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər, əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin hazırki halda Cavabdeh1 mübahisəsiz vicdanlı sahib kimi qəbul etmək çətindir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İşdən görünür ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini satın alarkən satıcı qismində Cavabdeh2 deyil, onun nümayəndəsi A.Cəlilov iştirak etmişdir. İş materialları ilə müəyyən olunur ki, həmin dövrdə Cavabdeh2 AR CM-nin 179.3.2 və 308.2-ci maddələrilə təqsirləndirilmiş və 12 il azadlıqdan məhrum edilmişdir. Digər tərəfdən işdən göründüyü kimi Cavabdeh2 mübahisəli torpaq sahəsini mövcud olmayan məhkəmə qətnaməsi əsasında əldə etmişdir. Cavabdeh1 qeyd olunan qətnamənin mövcud olmadığını bilməyə bilərdi, lakin onun məhkəmə yolu ilə əldə edilmiş torpaq sahəsinə dair mübahisə olmasını bilməməsi ağalabatan görünmür. Ən azı o, bunu bilməli və görməli idi. Göründüyü kimi alıcı kimi Cavabdeh1 bu barədə lazımi ehtiyatlılıq tədbirləri görməmiş, sayıqlıq göstərməmiş, qanunsuz əsaslarla ələ keçirilmiş başqasının mülkiyyətində olan əmlakı almaqla əsl mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Bu halda isə onun həmin torpaq sahəsinə dair vicdanlı sahib olmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri hüquqi əsası olmayan formal mülahizə xarakterli dəlillər olduğundan birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar