Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2357/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh “NBCBank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1253/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1253/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kvadrat metr olan bağ evinə dair xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə Y-399 nömrəli protokolun etibarsız hesab olunması, “NBCBank” açıq səhmdar cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə “NBCBank” açıq səhmdar cəmiyyətinə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evini ipotekaya qoyaraq 40000 ABŞ dolları məbləğində pul götürmüşdür. Ölkədə baş verən devalivasiya onun da maddi durumuna mənfi təsir göstərmişdir. Bu səbəbdən kreditin aylıq ödənişlərini ödəyə bilməmişdir. Bununla bağlı “NBCBank” açıq səhmdar cəmiyyəti ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və müvafiq qətnamə ilə iddiası təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1074/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 2018-ci ildə ipotekaya qoyulmuş ona məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli bağ evinə dair hərrac keçirilmişdir. Keçirilən hərrac haqqında heç bir məlumatları olmamışdır. Bu barədə nə bank, nə də hərrac mərkəzi onları xəbərdar etməmişdir. xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, ipoteka ilə yüklənmiş əmlak xx.xx.2018-ci il tarixdə satılaraq “NBCBank” açıq səhmdar cəmiyyətinin mülkiyyətinə verilmişdir. Belə ki, qiymətləndirilmə qeyriobyektiv aparıldığı kimi, hərrac da qeyri-obyektiv aparılmışdır. “NBCBank”açıq səhmdar cəmiyyəti ilə onun arasında bağlanmış 07/5612/OBK saylı, 11,07.2015-ci il tarixli müqavilədə əmlak 144500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Lakin qiymətləndirmə 144500 manatla həyata keçirmişdir. Hərracın keçirilməsi barədə cavabdehlər tərəfindən ona və ailəsinə məlumat verilməmiş və keçirilən heç bir hərracda iştirak etməmişdir. Hərracın keçirilməsi barədə məlumat aldıqdan sonra hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. İddia ərizəsində cavabdeh kimi “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra idarəsi əvəzinə, “NBCBank” açıq səhmdar cəmiyyətini qeyd etmişdir. Ona görə də hərracın nəticələri etibarsız hesab edilməli, qiymətləndirmə yenidən aparılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. O, xx.xx.2015-ci il tarixdə “NBCBank” açıq səhmdar cəmiyyətinə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evini ipotekaya qoyaraq 40000 ABŞ dolları məbləğində pul götürmüşdür. Ölkədə baş verən devalivasiya onun da maddi durumuna mənfi təsir göstərmişdir. Bu səbəbdən kreditin aylıq ödənişlərini ödəyə bilməmişdir. Bununla bağlı “NBCBank” açıq səhmdar cəmiyyəti ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və müvafiq qətnamə ilə iddiası təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1074/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 2018-ci ildə ipotekaya qoyulmuş ona məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli bağ evinə dair hərrac keçirilmişdir. Keçirilən hərrac haqqında heç bir məlumatları olmamışdır. Bu barədə nə bank, nə də hərrac mərkəzi onları xəbərdar etməmişdir. xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, ipoteka ilə yüklənmiş əmlak xx.xx.2018-ci il tarixdə satılaraq “NBCBank” açıq səhmdar cəmiyyətinin mülkiyyətinə verilmişdir. Belə ki, qiymətləndirilmə qeyri-obyektiv aparıldığı kimi, hərrac da qeyri-obyektiv aparılmışdır. “NBCBank”açıq səhmdar cəmiyyəti ilə onun arasında bağlanmış 07/5612/OBK saylı, 11,07.2015-ci il tarixli müqavilədə əmlak 144500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Lakin qiymətləndirmə 144500 manatla həyata keçirmişdir. Hərracın keçirilməsi barədə cavabdehlər tərəfindən ona və ailəsinə məlumat verilməmiş və keçirilən heç bir hərracda iştirak etməmişdir. Hərracın keçirilməsi barədə məlumat aldıqdan sonra hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. İddia ərizəsində cavabdeh kimi “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra idarəsi əvəzinə, “NBCBank” açıq səhmdar cəmiyyətini qeyd etmişdir. Ona görə də hərracın nəticələri etibarsız hesab edilməli, qiymətləndirmə yenidən aparılmalıdır. Lakin məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh “NBCBank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsi və “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(060)-16970/2016 saylı qətnaməsi ilə iddiaçı “NBCBank” açıq səhmdar cəmiyyətinin cavabdehlər İddiaçı, X5 və X7 qarşı kredit müqaviləsinın ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5612/OBK saylı kredit müqaviləsinin ləğv edilməsi, X8, X9 və İddiaçı müştərək qaydada 34132 ABŞ dolları 55 sent məbləğində əsas borc, 7241 ABŞ dolları 44 sent məbləğində faiz borcu, cəmi 41373 ABŞ dolları 99 sentin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manatın tutularaq “NBCBank” açıq səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdeh X5 tam mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, 2 mərtəbəli binada yerləşən 285,44 kv.m ümumi, 66,72 kv.m yaşayış, 218 kv.m yardımçı sahədən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, həmin bağ evinin hərracda ilkin satış qiymətinin 144.500 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş pul məbləğinin cavabdehlər X8, X9 və İddiaçı “NBCBank” açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğin X5 qaytarılması, Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, 2 mərtəbəli binada yerləşən 285,44 kv.m ümumi, 66,72 kv.m yaşayış, 218 kv.m yardımçı sahədən ibarət 5 otaqlı bağ evi açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2(105)-1074/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli qətnaməsi qismən, yəni Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli bağ evinin açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin olunmaması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)- 1153/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı “NBCBank” açıq səhmdar cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 185/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı “NBCBank” açıq səhmdar cəmiyyətinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Y-399 saylı, xx xxxxxx 2018-ci il tarixli “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri haqqında yekun protokolunun surətindən görünür ki, X5 məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evinin hərracda ilkin satış qiyməti 144500 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 92119 manat müəyyən edilmiş və həmin ev “NBCBank”açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, X5 məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evini hərracda 92119 manata “NBCBank” açıq səhmdar cəmiyyəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə “NBCBank” açıq səhmdar cəmiyyətinin adına xx xxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evinin mülkiyyətçisi X8 olmuş, ipoteka predmeti olan həmin bağ evinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə açıq hərracda ilkin satış qiyməti müəyyən edilməklə hərraca çıxarılmışdır. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin Y-399 saylı, xx xxxxxx 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolla müəyyən edilir ki, X5 məxsus Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 144500 manat müəyyən edilmiş, ilkin satış qiyməti “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş və ev 92119 manata satılmışdır. “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona və ailəsinə məlumat verilmədiyini göstərmiş, iddia tələbini də bununla əsaslandırmışdır. İş materiallarından görünür ki, “X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Saray bağ massivi, 3561a ünvanında yerləşən 15A nömrəli, ümumi sahəsi 285,44 kv.m olan bağ evinin açıq hərracda satılması barədə “Market” qəzetində elan verilmiş, hərracın keçirilməsi barədə X8, X9 və İddiaçı bildirişlər göndərilmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1253/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2357/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2357/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver