Məhkəmə qərarları › İş №2(105)-2371/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2371/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2371/2020 12.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X6, Cavabdehin vəkili: X1 iştirakları ilə, İddiaçı1 cavabdeh «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilkin, «xxxxxxxxxx» MTK-nin İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, “xxxxxxxxxx” MTK ilə İddiaçı1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilinə dair bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı1 qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun alınıb “xxxxxxxxxx” MTK-ya ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 cavabdeh “xxxxxxxxxx” MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla cavabdeh “xxxxxxxxxx” MTK ilə arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini dəqiqləşdirərək qeyd edilən binanın 2-ci giriş, 4-cü mərtəbə 31 saylı mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində, 31 saylı mənzili payçıya verməli, payçı isə həmin mənzili qəbul etməli və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 58.39 kv.m., ümumi dəyəri isə 23.356 manat müəyyən olunmuşdur. O, müqavilə bağlayan vaxtda mənzilin dəyərini tam olaraq, yəni 23.356 manat ödəmişdir, bu barədə ona kassa mədaxili orderinin qəbzi verilmişdir. Həmin binada mənzil almış digər payçılar öz mənzillərini təhvil alaraq təmir etdirmiş, bəziləri hətta köçüb yaşayır. Onun haqqını tam olaraq ödədiyi 31 saylı mənzil isə bu günə kimi ona təhvil verilməyib və o, öz mənzilinə buraxılmır. Cavabdeh “xxxxxxxxxx” MTK İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə “xxxxxxxxxx” MTK arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 nömrəli mənzilin onun sahibliyinə və mülkiyyətinə verilməsi barədə iddia tələbinin rədd edilməsi, həmin mənzilə dair xx xxxx 2012-ci il tarixdə bağlanmış koorperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” MTK ilə “xxxxxxxxxx” MMC-nin təmsilçisi X4, icraçı direktoru X2 və fiziki şəxs X5 arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə görə Abşeron RİH Başçısının xx.xx.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə “xxxxxxxxxx” MTK-ya ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşası nəzərdə tutulan 3 girişli, 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzilləri “xxxxxxxxxx” MMC tərəfindən inşa olunmalı idi. Qeyd olunan müqavilə üzrə tərəf olan T.Ş.Alaverdiyev tikintinin həyata keçirilməsi üçün tikinti materiallarına ehtiyac olduğundan təklif etmişdir ki, 23356 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 5-ci mərtəbə, 31 saylı mənzil İddiaçı1 adına rəsmiləşdirilsin və onları 23356 manat dəyərində tikinti materialları ilə təmin etsin. Bu təklifdən sonra tərəflər arasında müqavilə bağlanaraq İddiaçı1 kassa-məxaric orderi verilsə sonuncu cəmi 600 manat dəyərində tikinti materialları ilə təmin etmədiyindən, qalıq borcunu ödəməyindən «xxxxxxxxxx» MMC-də müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və qeyd edilən binanın tikintisini həyata keçirməmişdir. İddiaçı1 T.Ş.Allahverdiyev və “xxxxxxxxxx” MTK arasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək 23356 manat dəyərində tikinti materialları ilə təmin etməməsi nəticəsində “xxxxxxxxxx” MTK-ya maddi zərər yetirmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, müqavilə bağlayan vaxtda mənzilin dəyərini tam olaraq yəni 23.356 manat ödəmişdir, bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Həmin binada mənzil almış digər payçılar öz mənzillərini təhvil alaraq təmir etdirirlər, mənzilə hətta köçüb yaşayırlar, onun haqqını tam olaraq ödədiyi 31 saylı mənzil isə bu günə kimi ona təhvil verilməmiş və o, mənzilinə buraxılmamışdır. Cavabdeh qarşılıqlı iddiada göstərmişdir ki , “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə xxxxxxxxxx MMC-nin təmsilçisi X4, icraçı direktor X2 və fiziki şəxs X8 arasında birgə fəaliyyətlə bağlı müqavilə bağlanılmış və müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 3 girişli, 12 mərtəbəli yaşayış evinin 12-ci mərtəbəsinin bütün mənzilləri xxxxxxxxxx MMC tərəfindən inşa edilməli idi. T.Ş.Allahverdiyev tikinti materiallarına olan təlabatla əlaqədar təklif etmişdir ki, 23356 manat dəyərində olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbəsində 31 saylı mənzil onun adına rəsmiləşdirilsin və onlar 23356 manat dəyərində tikinti materialları ilə təmin etsin. Bu təklifdən sonra tərəflər arasında müqavilə bağlanılmış, onun adına kassa mədaxil orderi verilmiş, sonuncu isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, tikinti materialları verməmiş və binanın tikintisini həyata keçirməmişdir. Məhkəmə yalançı şahidlərin göstərdiklərinə hüquqi qiymət verərək, mötəbər sübut kimi qəbul edərkən bir faktı nəzərdən qaçırmışdır ki, onun tərəfindən tam ödəniş olunmuş və bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Göründüyü kimi, “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi onunla müqavilə bağlayarkən onların niyyəti müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə onu ev ilə təmin etmək deyil, gələcəkdə onu aldadaraq onun pulunu mənimsəmək olmuşdur. Bu məqsədlə də öz adamları olan T.Ş.Allahverdiyevin imzasını müqaviləyə əlavə etməklə, həmin imzanın ona «xxxxxxxxxx» MTK-nin sahibinin imzasının olması, müqavilənin etibarlılığının təminatının olması barədə yalan məlumatlar vermişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-1834//2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 nümayəndəsi B.S.Şirinov apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin vəkili K.Ş.İsmayılov apellyasiya şikayətini qəbul etmədi, qarşılıqlı iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddianı rədd edərkən, qarşılıqlı iddianı təmin edərkən, tərəflər arasında olan bağlanmış müqavilənin qanuna uyğun tərtib olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “xxxxxxxxxx” MTK ilə İddiaçı1 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, “xxxxxxxxxx” MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci giriş, 4-cü mərtəbə, 31 saylı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı İddiaçı1 isə mənzili qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzilin dəyəri olan 23356 manat pulu “MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan xx xxxx 2012-ci il tarixli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı1 xx xxxx 2012-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə üzrə 23356 manat pulu “xxxxxxxxxx” MTK-ya ödəmişdir. İşə əlavə olan xx xxxxxxx 2013-cü il tarixli “xxxxxxxxxx” MTK ilə “xxxxxxxxxx” MMCnin təmsilçisi X.M.Cəfərov, icraçı direktoru T.Ş.Allahverdiyev, fiziki şəxs R.S.Kərimov və V.Ş.Müslümov arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilədən müəyyən edilir ki, Abşeron RİH Başçısının xx.xx.2009-cu il tarixli, 1180 saylı sərəncamı ilə “xxxxxxxxxx” MTK-ya ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən 0,45 ha torpaq sahəsində təsdiq edilmiş layihə əsasında inşası nəzərdə tutulan 3 girişli, 12 mərtəbəli yaşayış evinin 3-cü girişinin 12-ci mərtəbəsinin bütün mənzilləri “xxxxxxxxxx” MMC tərəfindən inşa olunmalı və 24 aydan gec olmayaraq tikinti işləri tam başa çatdırılmalıdır. Həmin müqavilənin arxasında tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli qeyddən müəyyən edilir ki, T.Allahverdiyev səhhəti ilə əlaqədar işi dayandırır və müqavilə ləğv olunmuş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasınan məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini sadalayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı «xxxxxxxxxx» MTK-nın iddia tələbi üzrə gəlinən nəticə ilkin İddiaçı1 iddia tələbi üzrə gəlinəcək nəticəni özündən asılı etdiyindən, ilkin olaraq «xxxxxxxxxx» MTK-nın qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalı, daha sonra İddiaçı1 ilkin iddia tələbinə münasibət bildirməlidir. Qarşılıqlı iddia predmetinin müqavilənin etibarsızlığı, əsasını isə öhdəliyin icra edilməməsi (müqavilə üzrə pulun ödənilməməsi, tikinti materiallarının verilməməsi), müqavilənin formal olaraq bağlanması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətən müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM 14.1-ci maddəsində də təsbit edilib göstərilmişdir, həmin maddənin tələblərinə görə məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımi şərait yaratmalıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişidirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 342.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərar). Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisələndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, «xxxxxxxxxx» MTK tələbinin maddi hüquqi əsası kimi 340.1, 340.2-ci maddələrində istinad etmiş və məhkəmə tərəfindən xx xxxx 2012-ci il tarixli müqavilədə bu maddi hüququ normalarına əsasən etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əhəmiyyətsiz əqdlər qrupuna daxil olan uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün öablanırsa, yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşısada, lakin uydurma əqddən fərqli olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir maddəsindən də aydın olduğu kimi, yalan əqddən söhbət getməsi üçün bir neçə şərtin mövcudluğu tələb olunar. Birincisi eyni tərəflər arasında iki fərqli əqdin (görüntüdə bağlanmış olan əqd və həqiqətdə bağlanmış (pərdələnmiş əqdin) bağlanması, tərəflərin hər ikisinin pərdələmək niyyəti ilə hərəkət etməsi. Hazırkı mübahisədə isə, bu şərtlər mövcud deyil. Lakin iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının mövcud müqavilən hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün və ya digər əqdi pərdələmək məqsədilə ağlandığını deyil, müqavilənin tərəfi olan İddiaçı1 öhdəliyin icra etməməsi nəticəsində mübahisələndirməsini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası tərəflərin sözügedən müqavilələr üzrə hüquq və vəzifələrin əmələ gəlməsini üçüncü şəxs tərəfindən veriləcək tikinti materiallarının verilməsi ilə şərtləndirmədikləri üçün, həmin müqavilənin İddiaçı1 iddiaçı təşkilata verməli olduğu hər hansı tikinti materiallarının verilməməsinə görə etibarsız sayıla bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, İddiaçı1 tərəfindən götürülmüş öhdəliyi icra edilməməsi mülki işin materialları ilə gəldiyi nəticə ilə istisna olunur. Belə ki, mülki qanunvericiliyinin mənasına görə, mənzillərin dəyərinin cavabdehlər tərəfindən həqiqətən iddiaçı təşkilata ödənilməməsi müqavilələrin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin mənasına görə, müqavilə üzrə tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, yəni digər tərəf müqavilə əhəmiyyətli dərəcədə pozan tərəfə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə deyil, ləğv barədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsinin İddiaçı1 sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni həmin müqavilədə göstərilən mənzilin dəyərini iddiaçı təşkilata ödəməmələrini qeyd edib, gəldiyi nəticəni tikinti materialları təmin edilməməsini şahid ifadələri ilə əsaslandırmağa çalışsa da, bununla da məhkəmə kollegiyası razılaşmayaraq, qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işin şalları başqa sübutlarla təstiq oluna bilməz. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən, həmin müqaviləyə əlavə edilmiş kassa mədaxil qəbzindən görünür ki, mənzilin dəyəri cavabdeh tərəfindən tam məbləğdə iddiaçı təşkilata ödənilmiş və həmin müqavilə üzrə cavabdehin iddiaçı təşkilata ödənilməmiş borcları yoxdur. Həmin müqavilə bilavasitə iddiaçı təşkilatın sədri A.Ağayev tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təstiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mənasına görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və hərəkətsizlik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İşdən görünür ki, ilkin İddiaçı1la cavabdeh «xxxxxxxxxx» MTK arasında xx xxxx 2012-ci il tarixli «kooperativ binanın mənzil tikintisi haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikilməkdə olan yaşayış binası, 2-ci girişinin, 5-ci mərtəbəsindəki, 31 saylı mənzili «xxxxxxxxxx» MTK-nın ona verməsi, İddiaçı1 isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və sonuncuya bu barədə kassa mədaxil orderi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi binanı, qurgunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Lakin hazırkı iş üzrə İddiaçı1 tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, «xxxxxxxxxx» MTK mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı1 müqaviləyə əsasən yuxarıda qeyd olunan mənzilin tam dəyərini «xxxxxxxxxx» MTK-nə ödəməklə həmin mənzilə sahiblik və istifadə hüququ əldə etdiyindən, mənzilin onun sahibliyinə verilməsini cavabdeh «xxxxxxxxxx» MTK-dan tələb etməkdə ilkin iddiaçı haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(012)-1834/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdeh «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilkin iddia təmin edilsin, «xxxxxxxxxx» MTK-nin İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia təmin edilməsin. «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbəsində 31 saylı mənzil İddiaçı1 sahibliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar