Məhkəmə qərarları › İş №2(105)-2371/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2371/2023

29.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2371/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X4” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X4” MMC-yə qarşı “orta əmək haqqının, son haqq-hesabın və gecikdirilmiş günlərə görə ödəncin tutulması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(059)-24/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X4” MMC-dən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ayrı-ayrılıqda ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin və işçiyə ödənilməli əmək haqqı) verilməklə, həmin MMCdən onların hər biri üçün gecikdirilmiş 365 günə münasibətdə əmək haqqının bir faizi məbləğində ödəncin hesablanaraq, tutulması qət edilmişdir.

2. Cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 24 oktyabr 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Apellyasiya şikayətinə əlavə olunmuş ərizədə cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməklə, bərpa edilməsini xahiş etmişdir.

4. Müddətin bərpa edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsi 21 sentyabr 2023-cü il tarixdə elektron sistemə daxil edilmiş, 10 oktyabr 2023-cü il tarixdə isə cavabdeh tərəfindən təhvil alınmışdır. 23 oktyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmək istənilsə də, elektron sistemdə yaranmış problemlərdən dolayı apellyasiya şikayətinin sistemə yüklənməsi mümkün olmamışdır. Ərizəyə əlavə edilmiş “screen shot”lardan da göründüyü kimi elektron sistem apellyasiya şikayətini qəbul etməmişdir. Həmçinin, dövlət rüsumu da 23 oktyabr 2023-cü il tarixdə ödənilmişdir. Odur ki, ötürülmüş müddətin bərpa edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadı ilə bu məhkəmənin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən buraxılmış müddətin bərpasından imtina edilmişdir.

6. Bundan sonra, cavabdeh tərəf Siyəzən Rayon Məhkəməsinin sözügedən qərardadından şikayət vermişdir.

7. Siyəzən Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)- 24/2023 nömrəli qərardadından cavabdeh “X4” MMC tərəfdən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 şikayəti onunla əsaslandırmışdır ki, hazırk mübahisə üzrə cavabdeh şirkətin məhkəməyə müdafiəsi hüququ pozulmuşdur. Əslində qanunverciliyin imkan tanıdığı müddət ərzində məhkəməyə müraciət edilmiş, lakin əsassız olaraq şikayəti qəbul edilməkdən imtina edilərək müddətin bərpasından imtina edilmişdir. Cavabdeh müddəti ötürməmiş, şikayət üçün qanunvercilikdə nəzərə tutulmuş son gündə şikayət yüklənilmək istənilmişdir. Lakin şikayətə əlavə edilmiş ekran görüntüsündən də göründüyü kimi həmin gün ərzində elektron sistemdə problem yaranmış, şikayətin yüklənməsi mümkün olmamışdır. Bu hal təkzib edilməz olduğu halda məhkəmənin müddəti bərpa etməməsi anlaşılan deyildir. Həmçinin qərardadda qeyd edilir ki, ekran görüntüləri bir-birini təkzib edir. Halbuki, məhkəmənin bu mövqeyi həqiqəti əks etdirmədiyi kimi anlaşılan da deyildir. Belə ki, şikayətə əlavə edilmiş ekran görüntüsündən də göründüyü kimi ilk əvvəl ümumiyyətlə eməhkəmə elektron sistemi çalışmamış, giriş mümkün olmamışdır. Daha sonra növbəti cəhdlər nəticəsində elektron sistemə giriş mümkün olmuş, bu səbəblə də dövlət rüsumu ödənilmiş və apellyasiya şikayəti sistemə yüklənilmişdir. Lakin təəssüflər olsun ki, bu səfər də elektron sistem apellasiya şikayətini qəbul etməkdən imtina etmişdir. Şikayət müddətinin sonuncu günü rəsmi hökümət ödəniş portalından ödənişin edilməsi və elektron sistemin işləməməsi səbəbi ilə şikayəti yükləməyin mümkün olmadığına dair ekran görüntüləri ərizəyə əlavə edilməsinə baxmayaraq, burda ziddiyyətin nədən ibarət olması və məhkəmənin nəyə görə belə bir mövqe sərgiləməsi tamamilə anlaşılmazdır. Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi ilə apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli və bununla bağlı 28 noyabr 2023-cü il tarixli 2(059)-24/2023 nömrəli qərardadları ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 ərizəsi təmin edilməlidir.

13. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesasab edilərək bərpa edilməsinə dair cavabdeh “X4” MMCnin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ötən bir ay ərzində cavabdeh tərəfin məlum qətnamədən apellyasiya şikayəti verməməsi, buna hərəkətsizlik nümayiş etdirməsi, həmçinin son məqamda belə bir ərizə ilə məhkəməyə müraciət etməsi qətnamənin qanuni qüvvəsini almasını, eləcə də bundan sonra vaxtında, tez icra edilməsini uzun müddətə yubatmaq (ləngitmək) niyyətindən irəli gəlir. Bu səbəbdən də ərizənin təmin edilməsi məqsədəmüvafiq deyildir.

15. Məhkəmə həmçinin şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq göstərmişdir ki, cavabdeh “X4” MMC-nin nümayəndəsi apellyasiya şikayətinin vaxtında verilməməsini elektron sistemdə yaranmış problem ilə əlaqələndirsə də, göstərilən əsaslı səbəb sayıla bilməz. Çünki, Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsinin tam mətni 21 sentyabr 2023-cü il tarixdə cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 elektron məhkəmə informasiya sistemində olan şəxsi kabinetinə yerləşdirilməklə, cavabdeh tərəfə rəsmi qaydada verilmiş və bu tərəf apellyasiya şikayətini məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, yəni qeyri-iş günü nəzərə alınmaqla, 23 oktyabr 2023-cü il tarixə, saat iyirmi dördə qədər verilə biləcəyi ilə bağlı məlumatlı olmuşdur. Bundan başqa, buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə əlavə edilmiş ekran görüntüləri ilə də, elektron sistemin apellyasiya şikayətini qəbul etməməsi öz təsdiqini tapmamışdır. Həmçinin, təqdim edilmiş ilk görüntü ilə sonrakı görüntülər arasında saat fərqinin olması aydın şəkildə görünür. Belə ki, ilk görüntü 23 oktyabr 2023-cü il tarixə aid olsa da, həmin gün saat 23:10-da baş vermiş nöqsanın məhz hazırkı mülki iş üzrə bu apellyasiya şikayətinin sistemə daxil edilməsi zamanı yaranması müəyyən edilməmiş, habelə bu görüntü digər görüntülərlə təkzib edilmişdir. Yəni, digər görüntülərdən də göründüyü kimi məlum qətnamədən verilmiş apellyasiya şikayəti üzrə dövlət rüsumu 23 oktyabr 2023-cü il tarixdə, saat 23:27:56-da ödənilmişdir. Bundan əlavə, cavabdeh tərəfdən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilmiş tam mətinin deyil, yalnız dövlət rüsumuna aid hissəsinin elektron məhkəmə sisteminə daxil edilməsinə dair görüntülərin məhkəməyə təqdim edilməsi də, həmin şikayətin 23 oktyabr 2023-cü il tarixdə, saat iyirmi dördə qədər hazırlanmasına və imzalanması üçün sistemə daxil edilməsinə dəlalət etmir. Bununla da, qeyd olunan hallar, həmçinin ziddiyyətlər sözügedən görüntülərin əsaslılığına şübhələr yaratmışdır. Bütün bunlar isə nəticədə, cavabdeh tərəfdən məlum qətnamədən verilmiş apellyasiya şikayətinin 24 oktyabr 2023-cü il, saat 19:55-dək vaxtında imzalana bilməməsinin məhz elektron məhkəmə sistemindəki nöqsanlarla əlaqələndirmə cəhdi, yəni sistemdə texniki problemin olması təəssüratının yaradılması kimi qiymətləndirilmişdir. Bununla da, cavabdeh tərəf müddətin bərpasına dair ərizəsində ötürülmüş prosessual müddətin bərpasına əsas ola biləcək üzrlü səbəbləri göstərə və bu ərizəsini əsaslandıra bilməmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

17. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

18. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur. Bu müddət prosessual müddətin bütün dövrünü əhatə etməklə, həmin müddətin son günü apellyasiya şikayəti ilə şəxsin müraciət etməsi hərəkətsizlik nümayiş etdirməsi və s. hal kimi qiymətləndirilə bilməz. Prosessual müddət daxilində apelyasiya şikayəti verilməsi qanunla tanınan hüquqdur və bu hüququn hər hansı bir əsaslar məhdudlaşdırılması yolverilməzdir, məhkəmə müdafiəsi hüququnun pozulmasıdır.

19. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan istifadə edərək qanunla müəyyən edilmiş müddət daxilində apellyasiya şikayəti verməyə cəhd etmiş, lakin Elektron Məhkəmə İnformasiya sistemində yaranmış texniki problem səbəbindən, öz iradəsindən asılı olmayaraq apellyasiya şikayətini elektron kabinetə yerləşdirə bilməmişdir. Apellyasiya şikayəti prosessual müddət bitdikdən sonra, ertəsi gün elektron kabinetə yerləşdirilmiş, tərəf prosessual müddəti bir gün ötürmüşdür.

20. Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə əssən məhkəmələr tərəfindən prosessual müddətin bərpası barədə məsələlərə baxılarkən nəzərə alınmalı vacib amillərdən biri də ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir.

21. Göründüyü kimi araşdırılan mübahisə üzrə cavabdeh tərəfindən bir gün müddət ötürülmüş və bunun səbəbi şəxsin iradəsi ilə bağlı olmamışdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müddətin bərpası bərpası barədə vəsatəti təmin etməməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli və bununla bağlı 28 noyabr 2023-cü il tarixli 2(059)-24/2023 nömrəli qərardadları ləğv edilməli, Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir.

24. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(059)-24/2023 nömrəli və bununla bağlı 28 noyabr 2023-cü il tarixli 2(059)-24/2023 nömrəli qərardadları ləğv edilsin. Siyəzən Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “X4” MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar