Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2374/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mal-qara və pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(059)-122/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(059)-122/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11 ədəd iribuynuzlu heyvana görə 13900 (on üç min doqquz yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 33%-i, yəni 9,90 (doqquz manat 90 qəpik) manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim B.R.Ələkbərov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-122/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2741/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Siyəzən Rayon Məhkəməsinin 2(059)-122/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim L.Məmmədova). Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 1806/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2741/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11 ədəd iri buynuzlu malların alınaraq ona verilməsi, bu mümkün olmadığı təqdirdə həmin malqaranın bazar dəyəri 25000 (iyirmi beş min) manat pulun, adi mülki dövriyyə şəraitində mal-qaranı satacağı pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 17000 manat məbləğində dəymiş zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin mart ayında Ukrayna Respublikasından ölkə ərazisinə orta hesabla 250 kq diri çəkisi olan, Ukrayna cinsi, ağqara rəngli, simmental, 91 baş iribuynuzlu mal-qara gətirmişdir. Mal-qaranı saxlamaq və ondan xeyir götürmək məqsədilə, 3-4 il əvvəlcədən tanıdığı Siyəzən şəhər sakini Cavabdehlə hər ay sonuncuya 300-400 manat zəhmət haqqı ödənilməsi şərti ilə yaylağa aparıb orada saxlaması üçün razılaşmışlar. xx xxxx 2018-ci il tarixdə cavabdehlə Şabran rayon Dövlət Notariat Kontorunda təhvil-təslim aktını təsdiqlətməklə, 91 baş mal-qaranı ona vermişdir. Lakin, mal-qara həmin gün deyil, təxminən aktın imzalanmasından 5-6 gün sonra cavabdehə təhvil verilmiş, yaylağa aparılmışdır. Mal-qara təhvil verilən zaman o yox, atası Qismət Cahangirov və sürücüsü Pərviz Abdullayev iştirak etmişdir. Cavabdeh mal-qaranı oktyabr ayınadək yaylaqda bəsləməli, daha sonra ona təhvil verməli idi. Malqaranın saxlanmasına sərf olunan xərcləri o ödəməli idi, bu xərclər çıxıldıqdan sonra qalan pulu isə cavabdehlə aralarında bölməli idilər. Lakin, cavabdeh üzərinə düşən öhdəliyin tələblərinə riayət etməmiş və xx xxxx 2018-ci il tarixdə 11 baş mal-qara- 9 baş dişi düyə, 2 baş erkək dana əskik olmaqla, ona təhvil vermişdir. Əvvəlcə mal-qaradan 12 baş erkək əskik olsa da, sonradan 1 baş dana tapılıb təhvil verilmişdir. Mal-qaranın itməsinə görə cavabdeh məsuliyyət daşısa da Cavabdeh onların axtarılması üçün tədbir görməyərək, pulunu da qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə yeddi ildir ki, tanışdır. O, iddiaçı üçün işləmişdir, aralarında bir-birilərinə etibar olmuşdur. 2018-ci ilin may ayında İddiaçı Siyəzən rayonu, Qara-Siyəzən kəndində yerləşən fermasına iri buynuzlu inək və dana gətirmişdir. İddiaçı ona heyvanlarını Zöhrəbkənd kəndinə yaylağa aparmağı, onun bütün xərclərini ödəyəcəyini təklif etmiş, o da razılaşmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı onu Şabran notariat kontoruna gətirib və orada notariat qaydasında müqavilə bağlanmışdır ki, onun 91 baş iri buynuzlu heyvanını yaylağa aparıb otaracaq və buna görə məsuliyyət daşıyacaqdır. Sonra xx.xx.2018-ci il tarixdə saat 5 radələrində təhvil-təslim aktını tərtib edərək 78 (yetmiş səkkiz) iri buynuzlu heyvanı qəbul edib Şabran rayonu, Zöhrəbkənd kəndinə getmişdir. Notariat qaydasında göstərilən 91 baş iri buynuzlu heyvandan 78 başını çoban X13 yaylağa aparmışdır. Qalan 13 baş iri buynuzlu heyvan isə xəstə olduğuna görə iddiaçının fermasında işləyən adamlar həmin xəstə heyvanları çobanı Məlikov Kamrana verməmişlər. Ona görə də aktda 91 baş heyvanın yerinə 78 baş mal-qara göstərilmişdir. Zöhrabkənd kəndinə çatanda 3 baş heyvan tələf olmuşdur. Bu fakt iddiaçının adamlarının gözü qarşısında olmuşdur. İddiaçının atası Qismət Cahangirli onlarda olan aktın surətinin ona verilməsini xahiş edərək demişdir ki, aralarında təhvil-təslim olduğuna görə bu akt lazım deyil. Aralarında etibar var, amma onların şərikinə akt lazım olduğuna görə ona öz aktlarını verə bilməzlər, onda olan aktı istəmişlər ki, onu şəriklərinə versinlər. O da X9 tapşırmışdır ki, aktın surətini iddiaçının atası Qismətə versin. O, bilməmişdir ki, İddiaçı və onun atası Qismət planlı şəkildə onu aldatmışlar. O, heç bir heyvanı itirməmiş və mənimsəməmişdir. Onun çobanları 78 baş iri buynuzlu mal-qaranı təhvil almış, xx.xx.2018ci il tarixdə 75 (yetmiş beş) baş heyvanı geri, iddiaçının Qara Siyəzən kəndində yerləşən fermasına qaytarmışlar. İddiaçının fermasına 75 baş iri buynuzlu mal-qaranın təhvil verilməsi barədə akt tərtib olunmuşdur. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək əlavə etdi ki, Əsgər ona heyvanlarını yaylağa aparmağı, onun bütün xərclərini ödəyəcəyini təklif etmiş, o da razılaşaraq bu barədə xx.xx.2018-ci il tarixində notariat kotorunda müqavilə bağlamışlar. Müqaviləyə əsasən, o, Əsgərin 91 baş iri buynuzlu heyvanını yaylağa aparıb otaracaq və onlara məsuliyyət daşıyacaqdı. xx.xx.2018-ci il tarixində saat beş radələrində bu işə cəlb etdiyi adamlar: çobanları X13, onun 18 yaşlı oğlu İbrahim və X7 onun tərəfdən, iddiaçı tərəfdən iddiaçının sürücüsü, Siyəzən şəhər sakini, Mais adlı şəxs, iddiaçının atası Qismət Cahangirli, onların çobanı X6-bu şəxslər təhviltəslim aktını xx.xx.2018-ci il tarixində tərtib edərək 78 iri buynuzlu heyvanı qəbul edib Şabran rayonu, Zöhrəbkənd kəndinə yola düşmüşlər. 91 iri buynuzlu heyvandan 78-ni çoban Məlikov Kamran yaylağa aparmışdır. Qalan 13 iri buynuzlu heyvanı isə iddiaçının fermasında işləyən adamlar çobanı Məlikov Kamrana verməmişdilər. İddiaçı həmin heyvanların xəstə olması səbəbindən təhvil verilmədiyini bildirmişdir. Ona görə də aktda 78 baş mal-qara göstərilmişdir. Təhvil aldıqları 78 baş iri buynuzlu mal-qaranın isə 3-ü yolda tələf olmuşdur. Qalan 75 baş iri buynuzlu mal-qara təhvil verilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X14 təmsil etdiyi şəxsin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, 2018-ci ilin mart ayında Ukrayna Respublikasında ölkə ərazisinə orta hesabla 250 kq diri çəkisi olan, ukrayna cinsi, ağ-qara rəngli, simmental, 91 baş iri buynuzlu mal-qara gətirmişdir. Mal-qaranı saxlamaq və ondan xeyir götürmək məqsədi ilə tanışı Siyəzən şəhər sakini Quliyev Əlzamin ilə hər ay ona 300-400 manat zəhmət haqqı ödənilməsi şərtilə yaylağa aparıb orada saxlanması barədə razılaşmışlar. xx.xx.2018-ci tarixdə cavabdeh ilə Şabran rayon Dövlət Notariat Kontorunda təhvil-təslim aktını təsdiqlətməklə, 91 baş malqaranı verilməsi barədə razılaşmışlar. Lakin mal-qara həmin gün deyil, təxminən aktın imzalanmasından 5-6 gün sonra cavabdehə təhvil verilib, yaylağa aparıldı. Mal qara təhvil verilməsində o yox atası Qismət Cahangirov və sürücüsü Pərviz Abdullayev iştirak etmişdir. Mal-qara təhvil verilən zaman isə 13 baş əksik vermişlər. Məhkəmə ədalətli qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X15 təmsil etdiyi şəxsin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğa təhvil vermiş, qarşılığında Cavabdeh razılaşdırılmış məbləğdə zəhmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə öz növbəsində mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğanı təhvil almış və yaylaqdan sağ-salamat geri qaytaracağını öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan Siyəzən RPŞ-nin xx xxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti İddiaçı göndərilməklə ona hüquqları izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən Dövlət X19 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 36 saylı məktubundan görünür ki, qeyd olunan iri buynuzlu heyvanlara mütəxəssislər tərəfindən baxış keçirilmədiyindən hansı cinsə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Simmental cinsli heyvanlar adətən sarı-ala və ya qırmızı-ala olur. Mal-qara bazarında aparılmış müşahidələrə əsaslanaraq 250 kq diri çəkisi olan erkək heyvanlar orta köklükdə ət hesabı ilə qiyməti 1100-1200 manat, dişi heyvan isə 1300-1500 manat civarında dəyişir. Yenə işdə olan sadə yazılı qəbzdən görünür ki, qəbzdə xx.xx.2018-ci ildə Abdullayev Pərviz tərəfindən Məlikov Kamrana 91 baş əvəzinə 78 baş mal-qara təhvil verilməsi, xx.xx.2018-ci ildə isə Məlikov Kamran tərəfindən Abdullayev Pərvizə 75 baş diri, 3 baş ölü mal-qara verilməsi qeyd edilmişdir. Məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X1 Cahangirlinin sürücüsü olduğunu, 91 baş mal-qaranın Şabran rayonunun Zöhrabkənd kəndinə onun apardığını, lakin mal-qara arasında xəstəlik olduğu üçün cavabdehə 78 baş mal təhvil verdiyini, qalan malları özü aparmalı olduğunu, lakin xəstəlik olduğu üçün apara bilmədiyini, 2018-ci ilin oktyabrına kimi saxlamalı olduğu halda cavabdehin malları 19 iyunda onlara geri təhvil verdiyini, 78 baş maldan 17 başın əskik gəldiyini, 61 baş malın cavabdeh tərəfindən ona və iddiaçının atasına təhvil verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında yenidən şahid qismində dindirilən X6 bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsində verdiyi ifadəni təsdiq edir. Belə ki, o, mal-qaranı Kamrana təhvil vermiş, o da qəbul etmişdir. Aralarında təhvil-təslimlə bağlı akt olmamış, işdə olan aktdakı imza isə ona məxsus deyil. Heyvanların təhvil alınmasında isə o iştirak etməmiş, Əsgərin atası Qismət təhvil almışdır. Təhvil alınan saydan məlumatsızdır. Məhkəmə baxışı zamanı digər şahid İddiaçı atası X8 ifadəsində cavabdehə 78 baş təhvil verildiyini, qalanlarının vaksin vurulduqdan sonra yaylağa aparılacağını, lakin cavabdehin malları saxlaya bilməyib geri qaytardığını, 91 baş mal-qaradan 30 əskik olduğunu bildirmişdir. Apelyasiya baxışı zamanı məhkəmədə şahid kimi dindirilmiş X13 ifadəsində bildirdi ki, Əsgərlə Əlzaman heyvanları saxlamaqla bağlı razılaşdılar. Əlzamanın tapşırığı ilə Famillə birlikdə gecə Əsgərin fermasında qalıb, səhər 5.00-6.00 radələrində Pərvizdən 78 baş heyvanı qəbul ediblər. Orada heyvan çox olsa da, lakin onlara 78 baş təhvil verilib. Heyvanları yaylağa piyada aparıblar, 2 baş heyvan yolda ölüb. Mal-qaranı təhvil alıb verəndə akt tərtib edilməyib. Aktakı imzanın isə ona məxsus olmadığını bildirdi. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, Ali Məhkəmənin iş üzrə göstərişlərini qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(059)- 122/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər iddiaçıya məxsus 91 baş mal-qaranın cavabdeh tərəfindən yaylağa aparılıb-gətirilməsinə dair razılaşmışlar. Cavabdeh sürüdə olan heyvanların sağ-salamat aparılıb qaytarılmasın dair öhdəlik götürmüşdür. Mal-qara aparılıb-gətirilmişdir. Hazırda iddiaçı 11 ədəd iribuynuzlu heyvanın təhvil verilmədiyini, cavabdeh isə xx.xx.2018-ci il tarixli təhvil-təslim aktında göstərilən sayda deyil, 78 baş mal-qaranın ona təhvil verildiyini, yalnız 3 baş heyvanın tələf olması səbəbindən az qaytarıldığını əsas gətirir. Məhkəmə kollegiyası aşağıda qeyd edilən hüquq normaların istinad etməyi zruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə də həmin Məcəllənin 404-cü maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Daha öncə qeyd olunduğu kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında 01iyun 2018-ci ildə sadə yazılı bir razılaşma tərtib edilmişdir. Həmin razılaşmaya əsasən İddiaçı Cavabdeh mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğa təhvil verməyi, qarşılığında Cavabdeh razılaşdırılmış məbləğdə zəhmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə öz növbəsində həmin mal-qara sürüsünü təhvil alıb yaylağa aparıcağını, yaylaqdan sağ-salamat geri qaytaracağını öhdəsinə götürmüşdür. Başqa sözlə, işin hallarından görünür ki, tərəflər arasında öhdəlik münasibətləri olmuşdur. Bu öhdəlikdən doğan ziyanın məbləği isə hazırda mübahisə predmetidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edildiyi kimi iddiaçı 11 baş heyvanın əskik təhvil verildiyini iddia edir. Cavabdeh isə təhvil aldığı 78 baş heyvandan 3 başın tələf olduğunu bildirir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə İddiaçı apelyasiya baxışı zamanı izahatında cavabdeh ilə notarial qaydada əqd bağlasalar da mal-qaranın təhvil-təslimində özünün iştirak etmədiyini, həmin prosesdə işçisi X2 və atası X4 iştirak etdiyini etiraf etmişdir. Yenə iş üzrə şahidlər iddiaçının işçisi X2 və iddiaçının atası X4 ifadələrindən görünür ki, digər mal-qara xəstə olduğundan nəzərdə tutulandan cəmi 78 baş heyvan yaylağa aparılması üçün cavabdehin adamlarına təhvil verilmişdir. Cavabdeh da apelyasiya şikayətində 78 baş heyvanı təhvil aldıqlarını təsdiq etmiş, lakin yolda 3 baş heyvanın tələf olduğunu bildirmişdir. İşin bütün faktiki hallarını, tərəflərin izahatlarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 91 baş mal-qaranın cavabdehə təhvil verilməsinə dair iddianın mövqeyi inandırıcı və ağlabatan deyil. Təhvil-təslim iştirakçıların izahat və ifadələri ilə də bu təkzib olunur. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçının tərəflər arasında bağlanmış təhviltəslim aktına dair dəlillərinə münasibətdə onu da qeyd edir ki, akt notarial qaydada təsdiq edilsə də notarius tərəfindən aktın predmeti olan heyvanların sayı yox, tərəflərin iradə ifadəsi təsdiq edilir. Başqa sözlə, həmin aktda tərəflərin heyvanların təhvil verilməsindən sonrakı öhdəlikləri (iddiaçının zəhmət haqqının dəyərini ödəməsi, cavabdehin mal-qaranı sağ-salamat aparıb geri qaytarması öhdəliyini) təsbit olunur. Təhvil verilmə faktı isə həmin hərəkətin yerinə yetirildiyi zaman tərəflərin iştirakı ilə aktlaşdırılmalı idi. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən qeyd edilən sayda heyvanın verilməsinə dair hərəkət aktlaşdırılmamış, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə isə hərəkətin iştirakçıları təhvil-təslimin sözügedən aktdan sonra olduğunu və təhvil verilən heyvan sayının 78 olduğunu etiraf etmişlər. Əskik gələn malların sayı barədə iddiaçı və onun dəvət etdiyi şahidlər fərqli, bir-birinə zidd rəqəmlər deyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X18 Məhkəməsi "X3rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən 91 baş heyvanın verilməsi, onun 11 baş heyvanının qaytarılmamasına dair tutarlı əsas gətirilməmiş, hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf 3 baş heyvanın yolda tələf olduğunu və təhvil zamanı 3 baş heyvan əksik verildiyini etiraf etmişdir. Bu hissədə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əqd əsasında cavabdeh mal-qaranı sağ-salamat aparıb geri qaytarmaq öhdəliyini götürmüş, lakin buna riayət etməmiş, nəticədə 3 baş heyvan tələf olmuşdur. Belə olan halda Cavabdeh qeyd olunan zərərə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə kollegiyası işdə olan AR Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən Dövlət X19 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 36 saylı məktubunu da nəzərə alaraq hesab edir ki, 3 baş erkək heyvanın orta bazar qiyməti (3 x 1150azn) olan 3450 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası iddianın 17000 manat məbləğində əldən çıxmış fayda formasında dəymiş zərərə dair hissəsini də əsassız hesab edir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qisməntəmin edilsin. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(059)- 122/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3 baş erkək dananın dəyəri kimi 3450 manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2374/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2374/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver