Məhkəmə qərarları › İş №2(105)-2376/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2376/2021

02.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2376/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1, İddiaçı2 və X1 Rəsmiyyə İllər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 məxsus «OPEL VECTRA» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin müəyyən edilərək vərəsələrin miras əmlakda paylarının bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim E.Hüseynov) Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mübahisə predmeti olan avtomobil onunla mərhum ərinin birgə nikahda olduqları zaman əldə edilmişdir və son zamanlara kimi oğlu tərəfindən idarə olunmuşdur. Bu əmlak miras kütləsinə daxil ola bilməz. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən, həmçinin şikayətdə cavabdehin konkret tələbi göstərilmədiyindən məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Cavabdeh hüquqi savadsız olduğunu, bunun isə üzürlü səbəb olduğunu göstərərək şikayətinin icraata götürülməsini xahiş etdi. İş üzrə iddiaçılar məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda üzrə iddia ərizələri üzrə 30 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh apelyasiya şikayəti verdikdə 15 manat dövlət rüsumunu ödəmişdir, lakin ödəniş qəbzindən görünür ki, ödəmə təyinatı “Sumqayıt Apelyasiya Məhkəməsi” deyil, “məhkəmələr” kimi qeyd edilmişdir. Başqa sözlə, qeyd olunan ödənişi hazırki iş üzrə apelyasiya şikayəti verilməsi üçün təyinatı üzrə tam ödənilmiş dövlət rüsumu kimi qəbul etmək olmaz. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan başqa, cavabdehin apelyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələb yoxdur, halbuki MPM-nin 361.1.4-cü maddəsinə görə şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apelyasiya şikayətində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən, həmçinin şikayətdə konkret tələb göstərilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-602/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar