Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-239/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5530/2023 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. “Abonent kartından” görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 814-ə 2016-2022-ci il üzrə 540,85 manat borc hesablanmışdır.
3. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023- cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında 2007-ci ildən yaşayış yoxdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 14/58, 8 saylı mənzilə xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 540,85 manat məbləğində borcun silinməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 14/58, 8 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin nümayəndələri tərəfindən ona məxsus olan evin xidmətlərdən istifadəyə görə (abonent kodu-**********080) xx.xx.2023-cü il tarixə 540,85 manat borcun olması bildirilmişdir. Qeyd olunan ünvanda kod açılan tarixdən xx.xx.2002-ci ildən yaşayış olmamasına baxmayaraq cavabdehin əməkdaşları sayğac olmadan 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat apararaq əsassız olaraq ona məxsus ünvana borc hesablamışlar. Tərəfindən dəfələrlə ünvanda yaşayış olmaması barədə sənəd təqdim etməyinə baxmayaraq ona məlum olmayan səbəbdən borc hesablanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 2169 saylı, xx.xx.2023-cü il tarixli arayışda da ünvanda yaşayış olmaması öz təsdiqini tapmışdır. Əsassız hesablanmış borc məbləği ilə razı deyildir. Ona görə də hesab edir ki, həmin borc silinməlidir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5530/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 14/58 ünvanında yerləşən 8 saylı mənzilə hesablanmış 540 (beş yüz qırx) manat 85 (səksən beş) qəpik məbləğində borcun silinməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan İ Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında 2007-ci ildən yaşayış yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış olmayan mənzilə cavabdeh tərəfindən hər hansı bir borcun hesablanması qanunsuzdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1, 425.1 və 567-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6, 5.1.5, və 7.2-ci bəndləri, Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 80, 77.1 və 106-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5530/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə iddiaçıya məxsus ünvan 1 ünvanına yaşayış olmadığı halda cavabdeh tərəfindən hər hansı bir borcun hesablanmasını qanunsuz hesab edərək 540,85 manat məbləğində borcun silinməsini məqbul hesab etmişdir. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
11. “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
12. İş materialarından göründüyü kimi ünvanda xx.xx.2002-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuşdur. Ünvanda kod açılan tarixdən 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçı qeyd olunan ünvanda illər üzrə yaşayış olmaması barədə sənəd təqdim etmədiyini nəzərə almayaraq hesablanmış borcu əsassız hesab etmişdir.
13. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi, iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur
14. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin yaranmış borcun 4 nəfər ailə tərkibinə uyğun olaraq aparılmasını iddiaçı tərəfindən illər üzrə ünvanda yaşayış olmaması barədə ərizənin təqdim olunmadığından xidmətlərdən istifadə nəticəsində yaranmış olduğunu araşdırmalı idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının
19. 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
20. 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
21. 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
22. 7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5530/2023 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.
34. Hazırkı halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında 2007-ci ildən yaşayış yoxdur.
37. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, mübahisəli ev yaşayış üçün yararlı vəziyyətdə deyil. Odur ki, kollegiya iddiaçının həmin evdə yaşayışın olmaması barədə dəlilini inandırıcı hesab edir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
40. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
41. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyant öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam təmin etməklə, əsassız hesablanmış borcu silmişdir.
43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5530/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.