Məhkəmə qərarları › İş №2(105)-2390/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2390/2020

25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2390/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcunun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, ünvan 1 ünvanına xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 637,20 manat borcun silinməsi qət olunmuşdur. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 637,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X8 Sahəsində sənədlərdə yaşadığı ünvan ünvan 4 kimi qeyd olunmuşdur. Təbii qazdan istifadəyə görə tərəfindən ödənişlər vaxtı-vaxtında aparılır. Cavabdeh İB-nin X8 Sahəsinin əməkdaşları onun yaşadığı ünvana məxsus məişət qaz sayğacını onun iştirakı və xəbəri olmadan çıxardaraq növbəti dövlət yoxlamasına göndərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib etmişlər. X8 Sahəsi tərəfindən evdə quraşdırılmış G-6 markalı, ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının verdiyi rəyə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfində boya olduğu və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Sayğacın plastmas qapağının alt tərəfdən kənar təsir nəticəsində əzilməsi kimi qiymətləndirilmişdir. Sumqayıt QİS dəymiş ziyanın bərpasına dair tələbnamə ilə yeni sayğacın dəyərinin və (6372 kub metr qaz üçün) 637,20 manat dəymiş ziyanın onun ödəməsini tələb edir. Dövlət yoxlamasına göndərilən sayğac çıxarılarkən sayğacın plombu üzərində olduğundan onun sayğaca müdaxilə etməsi mümkün deyildir. Ona görə də yeni qaz sayğacının dəyərinin və dəymiş ziyanın ondan tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhəri, 21 -ci mkr., ev 1A/6 saylı fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli aktda sayğacda qeyd olunan nöqsan “H/M alt plastmas qapağı alt hissədən 1 ədəd giriş-çıxış qayka plombu aşkar edilmədi”, yazılmışdır. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq informasiya Texnologiyaları və Rabitə idarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfində boya var və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğacın plastmas qapağı alt tərəfdən kənar təsir nəticəsində əzilib”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Onların əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurulmuş ziyan müəyyən edilərək xx.xx.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üzrə 637,20 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. İddiaçı dəymiş zərəri ödəməlidir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunub, nəticədə dövlətə zərər dəyib, həmin zərər ödənilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, xx.xx.2019-ci ildə dövlət yoxlamasına göndərilmiş sayğacların müayinə labaratoriyasının rəyinə görə G-6 markalı, ******* nömrəli məişət qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfində boya var və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, Sayğacın plastmas qapağı alt tərəfdən kənar təsir nəticəsində əzilməsi müəyyən edilmişdir. Yenə iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus olan ünvan 6 ünvanına Cavabdeh İB tərəfindən 637,20 manat borc hesablanmışdır. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı 6372 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21 mkr., 1A/6 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfində boya olduğu və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini əsas gətirərək itirilmiş qazın bərpası üzrə dəymiş ziyan hesablamışdır. İddiaçı isə sayğaca müdaxilə etmədiyini bildirib ona hesablanmış borcun silinməsini və dəyişdirilmiş sayğacın dəyərinin ona aid olmadığını iddia edir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Eləcə də qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Beləliklə, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X7 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barədə qeyd edilən borcun hesablanması əsassızdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)-1353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar