Məhkəmə qərarları › İş №2(105)-2391/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2391/2021

04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2391/2021 04.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi”tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə tərəflər arasında bağlanmış 31.01.2019cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 MMC-nin xeyrinə 174,839 manat məbləğində pul tutulması qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 MMC-nin xeyrinə 174,839 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının islasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək və bildirdi ki, onunla iddiaçının təsisçisi İddiaçı2 arasında 28 yanvar 2020-ci il tarixdə Öhdəlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə görə onun İddiaçı1 MMC üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Həmin Müqavilənin 5-ci bəndinə görə cavabdeh məhkəmə və hüquq-mühafizə orqanlarının icraatında olan işlərlə bağlı iddiaların geri götürülməsini öhdəsinə götürmüşdür. Həmin razılaşma məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qərəzli mövqe tutaraq bu vacib əhəmiyyətli sənədə əhəmiyyət verməmişdir. İkincisi İddiaçı2 iddia edir ki, bankdan alınmış 150.000 manat kredit xətti üzrə borcu güya onunla Cavabdeh2 ödəməlidir. Bununla bağlı qeyd edir ki, bankdan alınmış həmin kredit vəsaiti İddiaçı1 MMC-nindir, cəmiyyət tərəfindən alınıb və onun məqsədləri üçün sərf edilib və istifadə edilib. Belə ki, həmin vəsait İddiaçı1 MMC üçün karton istehsal edilməsi üçün avadanlıq və onun xammalı, yəni sellüloza alınmışdır. Xammal olan sellüloza Rusiya Federasiyasından alınmış və bununla əlaqədar "Aqro İnvest və İstehsalat” MMC ilə "xxxx" şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış və vəsait İddiaçı1 MMC bank hesabından "xxxx" Şirkətinin hesabına köçürülmüşdür. Karton istehsalı edilməsi üçün avadanlıq və dəzgahlar isə Türkiyə Respublikasından alınmışdır. Qeyd edilməlidir ki. həmin avadanlıq və xammal hazırda da İddiaçı1 MMC-nin balansındadır və İddiaçı2 mülkiyyətində və sərəncamındadır, yəni ona aiddir. Kredit İddiaçı2 təsisçisi olduğu İddiaçı1 MMC üçün sərf edildiyi halda hazırda fakitiki olaraq onun mülkiyyətində olduğu halda - krediti o ödəməməlidir. Məhkəmə qətnamə üzrə bu nəticəyə gəldikdə hansı normativ hüquqi sənədə istinad etmişdir - məlum deyil. Məhkəmənin gəldiyi nəticə əsassız varlanma halı yaradır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 MMC-nin direktoru Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində də qeyd edir ki, o, digər cavabdeh, həmin dövrdə İddiaçı1 MMC-nin direktoru olmuş Cavabdeh1 təkidi ilə şirkətin təsisçisi İddiaçı2 yerinə imza ataraq saxta sənəd hazırlamaq yolu ilə Kapital Bank ASC-dən kredit götürməklə şirkəti bank qarşısında borclandırmaqla ciddi həcmdə maddi zərər vumuşdur. Eyni zamanda Cavabdeh1 qeyd edir ki, onunla İddiaçı2 arasında 28.01.2020-ci il tarixli Öhdəçilik Müqaviləsi bağlanılmış və həmin Müqavilənin 3-cü bəndinə görə cavabdehin İddiaçı1 MMC üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Bu öhdəlik müqaviləsi ilə bağlı bildirir ki, ilk öncə bu müqavilə İddiaçı2 ilə Cavabdeh1 arasında imzalanmışdır. Yəni müqavilə imzalanan zaman İddiaçı1 MMC bu müqavilənin imzalanmasında tərəf olmadığı üçün sözügedən öhdəçilik müqaviləsinin müddəlarının İddiaçı1 MMC-yə münasibətdə əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Eyni zamanda öhdəçilik müqaviləsinin 3-cü bəndində gələcəkdə yaranacaq və eyni zamanda Cavabdeh1 direktor olduğu dövrlər də daxil olmaqla ifadə qeyd edilmişdir. Məlum olduğu kimi “yaranacaq” hal-hazırda olmayan, ancaq gələcəkdə ola biləcək mənasında ifadə edilir. Bundan başqa Cavabdeh1 direktor olduğu dövrə münasibətdə də eyni mənada ifadə edilir. Belə ki, yəni P.Hacıvevin direktor olduğu dövr üçün öhdəçilik müqaviləsi imzalanan zaman yaranmayan ancaq gələcəkdə yarana biləcək öhdəliklər mənasında ifadə edilir. Qeyd edir ki, kredit və zaminlik müqaviləsi 31.01.2019-cu il tarixində imzalanmış, bununla bağlı iddia ərizəsi 12.11.2019-cu il tarixində məhkəməyə verilmişdir. Göründüyü kimi öhdəçilik müqaviləsi imzalanan zaman kredit və zaminlik müqaviləsi artıq bağlanılmış və eyni zamanda bununla bağlı məhkəmədə iddia qaldırılmışdır. Yəni İddiaçı2 ilə Cavabdeh1 arasında 28.01.2020-ci il tarixli öhdəlik müqaviləsi imzalanan zaman artıq bank qarşısında öhdəlik yaranmışdır. Bir sözlə öhdəlik müqaviləsinin 3-cü bəndində qeyd edilir ki, yaranacaq öhdəliklərə görə Cavabdeh1 cavabdeh deyil, ancaq göründüyü kimi həmin tarixdə öhdəlik artıq yaranmışdır və bu işə münasibətdə şamil edilməməlidir. Bundan əlavə Cavabdeh1 işin əsas mahiyyətindən yayınmaq üçün diqqəti başqa tərəfə çəkir. Belə ki, o, vəzifə səlahiyyətlərini aşaraq və eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digər cavabdeh və eyni zamanda yanında çalışan Cavabdeh2 zaminlik müqaviləsində İddiaçı2 yerinə imza atmağı təkidlə tələb etmişdir. Cavabdeh2 onun işçisi olduğu üçün işinin itirilməsindən qorxaraq bu addımı atmışdır. AR Cinayət Məcəlləsinin 341.1-ci maddəsinə əsasən rəisin və va vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və va qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və va xidməti səlahiyyətlərinin hüdudlarından açıq-askar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən Hüquq verən və va vəzifədən azad edən vəsiqəni və va digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üc min manatdan altı min manatadək miqdarda cərimə və va iki ilədək müddətə islah isləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Cavabdeh1 AR Cinayət Məcəlləsinin 341.1 və eləcə də 320.1-ci maddələrini kobud surətdə pozmuşdur. Bu səbəbdən də hesab edir ki, onun əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə koldlegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC –yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instanstya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə iddianı təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, borcalan İddiaçı1 MMC-yə zamin qismində cəlb edilmiş İddiaçı2 02/118 saylı, 31.01.2019cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 31.01.2019-cu il tarixli 01 saylı əlavəsinə və 16/118 saylı, 31.01.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində və cavabdehlər tərəfindən hazırlanmış saxta 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərinin qərarında onun adı qeyd edilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin, iddiaçının izahatı ilə və Cavabdeh2 məhkəmə iclasında etirafı ilə iddia tələbi öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərinin qərarından görünür ki, İddiaçı1 MMC adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün "xxxx" ASC-yə müraciət olunması və İddiaçı1 MMC-nin adından bu Qərarın məqsədləri üçün "xxxx" ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1 MMC-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar da İddiaçı1 MMC-nin təsisçisi İddiaçı2 tərəfindən imzalanmamış və İddiaçı1 MMC-nin sabiq direktoru Cavabdeh1 vəzifəsindən sui-istifadə edərək, qərarı İddiaçı2 əvəzinə Cavabdeh2 imzalatmışdır. Bununla da, İddiaçı1 MMC-nin sabiq direktoru Cavabdeh1 niyyəti İddiaçı1 MMC-yə maddi və mənəvi ziyan vurmaq, təşkilatın nüfuzunu ona verilmiş vəzifə və səlahiyyətlərdən sui-istifadə edərək ləkələmək olmuşdur. Bundan başqa, iş materiallarında olan Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin, əmək müqaviləsinin və işə qəbul ərizəsinin surətləri ilə zaminlik müqaviləsində və digər sənədləşmələrdə İddiaçı2 imzalamalı olduğu hissəyə çəkilmiş imza ilə həmin sənədlərdə əks olunmuş imza eynilik təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, "xxxx" ASC tərəfindən 02/118 saylı, 31.01.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcalan İddiaçı1 MMC və zamin qismində cəlb edilmiş İddiaçı2 adına açılmış 200.000 manatlıq kredit xətti yeni kredit xətti ilə əvəz edilmişdir. Belə olan halda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində şirkəntin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 178,839 manat borcu yaranmışdır. Həmin borc iddiaçılar tərəfindən banka ödənilmişdir. Eləcə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Mçəcəlləsinin 4337, 339.1, 340.1, 4870, 472.1, 477, 739, 1096,197-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan 16/118 saylı, 31.01.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 02/118 saylı, 31.01.2019-cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 31.01.2019-cu il tarixli, 01 saylı əlavəsinə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində onun adı qeyd edilmişdir. İş materiallarında olan 26.11.2018-ci il tarixli İddiaçı1 MMC”-nin təsisçilərinin qərarına əsasən, İddiaçı1 MMC adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün "xxxx" ASC-yə müraciət olunması və İddiaçı1 MMC-nin adından bu Qərarın məqsədləri üçün "xxxx" ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1 MMC-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 03.04.2019-cu il tarixli ödəniş cədvəlinin çıxarışdan görünür ki, İddiaçı1 MMC-nin 04.02.2019-cu il tarixli kredit müqaviləsi əsasında 150.000 manat əsas, 24,838,89 manat faiz olmaqla ümumilikdə cəmi 174,838,89 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmışlar. Məhkəməyə təqdim edilmiş təsisçi İddiaçı2 ilə arasında 28 yanvar 2020-ci il tarixdə Öhdəlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə görə onun İddiaçı1 MMC üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Həmin Müqavilənin 5-ci bəndinə görə cavabdeh məhkəmə və hüquq-mühafizə orqanlarında icraatında olan işlərlə bağlı iddiaların geri götürülməsini öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilənin şərtlərindən məlum olur ki, iddiaçı İddiaçı2 Zörab oğlunun Cavabdeh1 heç bir tələbi yoxdur. İş materiallarından, eləcə də məhkəmə kollegiyasında tərəflərin izahatından məlum olur ki, iddiaçıların cavabdehlərdən tutulmasını tələb etdiyi 174.839 manat məbləğində pul cavabdehlərə yox, "xxxx" MMC-yə ayrılmış və həmin müəssisənin məqsədləri üçün sərf edilib və istifadə edilib. Belə olduqda həmin pulun cavabdehlərdən tələb edilməsi düzgün deyil. Bundan başqa iddiaçılar həmin kreditin alınması nəticəsində müəssisənin Bank qarşısında borclanmasını, bunun da cavabdehlərin günahı ucbatından baş verməsini bildirsələr də buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər Eləcə də məhkəmə kollegiyasında müəyyən olunmuşdur ki, etibarsızlığı mübahisələndirilən zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuş, tərəflər iradə ifadələrini bildirməklə imzalamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmadığından iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddialarını əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. Odur ki, iddia tələbi təmin edilə biliməz. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 3851.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi yuxarıda göstərilən əsaslar üzrə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-369/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsitələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar