Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2395/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun tutulması və işığın ünvanda bərpa olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 nömrəli qərardadından Cavabdeh1 QSC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı cavabdehlər Accessbank QSC-yə və Azərişıq ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun tutulması və işığın ünvanda bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh Accessbank QSC-nin vəsatəti təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 QSC qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)-2775/2022 saylı qərardadından cavabdeh Accessbank QSC tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Gülnarə Tağızadə) Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(012)- 2775/2022 nömrəli qərardadından Cavabdeh1 QSC tərəfindən verilmiş şikayətin qeyrimümkün hesab edilməsi, Cavabdeh1 QSC tərəfindən verilmiş şikayətin prosessual hüquq normalarının tələblərinə uyğunluğunun yenidən yoxlanması və yol verilmiş pozuntuların aradan qaldırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və “Azərişıq№ ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun tutulması və işığın ünvanda bərpa olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hesablanmış 1901.61 manat borcun Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC tərəfindən onun ünvanında işığın bərpa edilməsinin təmin edilməsi və 2022-ci ilin yanvar ayından bəri ödədiyi 300 manat kirayə haqqının məhkəmə qətnaməsi icra olunanadək Cavabdeh1 QSC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Accessbank QSC-nin nümayəndəsi Nümayəndə3 yazılı vəsatət təqdim edərək, İddiaçı iddia tələbinin mahiyyətindən göründüyü kimi, hazırki tələb müqavilə münasibətlərindən irəli gələn mübahisədir və iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər istehsalçı-istehlakçı münasibətləri kimi qiymətləndirilməməlidir. Ona görə də göstərilənlərə əsasən, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 QSC Abşeron Rayon Məhkəməsinin 2(012)-2775/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və 2(012)-2775/2022 nömrəli mülki işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “istehsalçı dedikdə, mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar başa düşülür.” Hər kəsə məlum olduğu kimi, Cavabdeh1 QSC işıq enerjisinin istehsalçısı deyildir. Bununla yanaşı, iddiaçının hazırda ona məxsus mənzildə istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış 1901.61 manat məbləğində borcun bir cavabdehdən tutulub, digər cavabdehə ödənilməsi tələbi ilə çıxış etmək kimi subyektiv hüququ yoxdur. Belə ki, elektrik enerjisinə görə hesablanmış borc məbləğinin ödənilməsi tələbi "xxxx" ASC-yə məxsus hüquqdur və İddiaçı bu tələblə Cavabdeh1 QSC-yə qarşı iddia tələbi irəli sürə bilməz. Tələbin mahiyyətindən göründüyü kimi, hazırkı tələb müqavilə münasibətlərindən irəli gələn mübahisədir və iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər istehsalçı-istehlakçı münasibətləri kimi qiymətləndirilməməlidir. Bununla yanaşı, iddiaçı 2022-ci ilin yanvar ayından ödədiyi 300 manat kirayə haqqının məhkəmə qətnaməsinin icra olunanadək Cavabdeh1 QSC-dən tələb edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının tələbi istehlakçının hüququnun müdafiəsi haqqında iddialar kategoriyasına aid deyildir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi barədə gəldiyi nəticəni istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyü qanunla istisna edilmədiyindən İddiaçı yaşadığı yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə hesablanmış borcun tutulması və işığın ünvanda bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehin nümayəndəsi yazılı vəsatət verərək, iddiaçının tələbi istehlakçının hüququnun müdafiəsi haqqında iddialar kateqoriyasına aid olmaması əsası ilə mülki işin aidyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (Mülki Prosessual Məcəllənin 36.9. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilməsi təsbit edilsə də, eyni zamanda, istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməsi hüququ da nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qanunda başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin yaşayış yeri üzrə verilir. İddia tələbi istehlakçının hüququnun müdafiəsi haqqında olduqda, iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçının qeydiyyatda olduğu ünvan Abşeron rayonunda yerləşdiyindən, haqlı olaraq iddia ərizəsini yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsinə ünvanlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 44.1. maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli və 28 iyul 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 365, 372, 400 və 402-ci -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli və 28 iyul 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2395/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2395/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver