Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-24/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh X3rşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən olunması, paylara mülkiyyət hüququnun tanınması və daşınmaz əmlaka mülkiyyət sənədlərinin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-290/2010 saylı, 05 aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 224,3 kv.metr sahəsi olan 2 mərtəbəli 4 otaqlı yaşayış evinin 199,38 kv.metr sahəsinə və 377 kv.metr həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik əsasında mülkiyyət hüquqları, həmçinin həmin evin 24,92 kv.metr sahəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi, yuxarıda göstərilən 224,3 kv.metr sahəsi olan 2 mərtəbəli 4 otaqlı yaşayış evinin 199,38 kv.metr sahəsinə və 377 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 fevral 2011-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən, məruzəçi), G.Tağızadə və T.Quliyev) Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Quba rayon məhkəməsinin 05 aprel 2010-cu il tarixli, 2(027)-290/2010 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə və Quba rayon DNK-a qarşı miras evə və həyətyanı torpaq sahəsinə vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması, yaşayış evinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikasının ƏMKD-nın yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiasının qismən təmin edilməsi, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.metr olan 121 saylı fərdi yaşayış evindən mərhum X4 çatan 28,5 kv.metr payın 19,0 kv.metr hissəsinə 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən İddiaçı vərəsəlik hüququnun, həmin payın 4,75 kv.metr hissəsinə Cavabdeh 4,75 kv.metr hissəsinə X5 məcburi pay hüquqlarının tanınması və İddiaçı həmin evdəki mülkiyyət payının 47,5 kv.metr hissədə, Cavabdeh həmin evdəki mülkiyyət payının 33,25 kv.metr hissədə, X6 həmin evdəki mülkiyyət payının 33,25 kv.metr hissədə müəyyən edilməsi və həmin paylara, hissələrə uyğun olaraq onların adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən, məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2011-ci il tarixli qətnaməsi ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh X8 və qeyrilərinə qarşı miras evə və həyətyanı torpaq sahəsinə vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması, yaşayış evinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi 10.01.1991-ci il tarixində verilmiş 141 saylı qeydiyyat vəsiqəsinə əsasən L.Y.Mişiyevanın və səkkiz nəfər uşaqlarının birgə mülkiyyətindədir, anası L.Y.Mişiyeva 18 oktyabr 2007-ci il tarixdə, bacısı Z.S.Məmmədova 22 mart 2002-ci il tarixdə ölmüşlər, İsrail dövlətində yaşayan bacıları Dovro, Valentina, Rəhilə və qardaşı Şimtu İsrail dövlətində verilmiş 09 dekabr 2007-ci il tarixli etibarnaməyə, digər bacısı Ermida isə Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda verilmiş 18 noyabr 2007-ci il tarixli etibarnaməyə əsasən mübahisəli evə dair bütün hüquqlarını ona etibar etmişlər və anası L.Y.Mişiyeva 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən evdən və həyətyanı torpaq sahəsindən özünə çatan hissəni ona vəsiyyət etmişdir. 31 iyul 1972-ci il tarixli, 1955 saylı torpaq qeydinə əsasən mübahisəli evə aid olan 377 kv.metr torpaq sahəsi onun və anası L.Y.Mişiyevanın istifadəsinə verilmişdir. Qanuna görə mübahisəli evin və həyətyanı sahəsinin altında olan torpaq sahələri onların mülkiyyəti sayılır və o, anası L.Y.Mişiyevadan miras qalmış əmlaka birinci növbəli vərəsədir və sonuncunun ölümündən altı aydan çox vaxt keçdiyi və qardaşı Cavabdeh miras payların notarial qaydada rəsmiləşdirilməsi ilə razılaşmadığı üçün onların miras əmlaklardakı payları məhkəmə qaydasında müəyyən edilməlidir. Miras əmlakı faktiki surətdə idarə etməklə və həmin evdə yaşamaqla yalnız o qəbul etmişdir, qardaşı Cavabdeh Bakı şəhərində yaşayır, miras evə qonaq kimi gəlib-gedir, anası L.Y.Mişiyevanın ölümündən sonra miras əmlakın idarə olunmasında və ona xidmət göstərilməsində iştirak etməmiş, sonuncunun ölümündən sonra mirasın qəbulu ilə bağlı mirasın olduğu yer üzrə notariat orqanına ərizə verməmişdir və ona görə də miras əmlakdan Cavabdeh hər hansı pay düşmür, digər bacı və qardaşları isə öz paylarını tam şəkildə ona vermişlər. Belə olan halda mübahisəli yaşayış evinin 199,38 kv.metrinə və 377 kv.metr həyətyanı torpaq sahəsinə onun vərəsəlik əsasında mülkiyyət hüququ tanınması və həmin torpaq sahəsinə dair onun dövlət reyestrindən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Mübahisəli ev onun atası Sion və əmisi Borisin ailə üzvlərinin istifadəsinə verilmişdir, 25 iyul 1972-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ev o da daxil olmaqla səkkiz nəfər şəxs arasında bərabər paylar üzrə bölünmüşdür və atası Sion 1959-cu ildə ölmüşdür. 1977-ci ildə ailə qurmuş və arvadını da mübahisəli evə gətirmiş və evdə təmir işləri aparmış, lakin sonradan maliyyə çətinlikləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, orada işləmiş, sonradan müntəzəm olaraq ata evinə gedib-gəlmiş, orada yaşamış və evin iki otağı onun və ailə üzvlərinin istifadəsində olmuşdur. 18 oktyabr 2007-ci il tarixdə anası L.Y.Mişiyeva vəfat etmiş və onun ölümündən sonra ondan miras qalmış əmlak bölüşdürülmüş və ona bir dəst yorğan, döşək və bir ədəd palaz verilmişdir. Miras ev bölüşdürülərkən İddiaçı evdə olan payının müqabilində ona başqa yerdən ev alıb verəcəyini bildirmiş, sonradan isə 200 ABŞ dolları məbləğində pul təklif etmiş və o, bununla razılaşmayaraq vəkilə müraciət etmişdir. O, mirasa vərəsəlik açıldıqdan sonra üç ay ərzində ondan imtina eməmişdir, miras əmlak onunla İddiaçı tərəfindən qəbul edilmişdir və sonuncunun adna qoyulmuş vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onun məcburi pay hüququ vardır və özlərini vərəsə hesab edən Armida, Valentina, Zinaida, Rəhilə və Dovro isə mərhum L.Y.Mişiyevanm uşaqları deyil və onlar vərəsələrin siyahısına daxil edilə bilməzlər. Mübahisə məhkəmədə həll edilənədək İddiaçı onu və ailə üzvlərini Quba rayonu, Qırmızı qəsəbə, S. Vurğun küçəsi 133-saylı evdə kirayədə yerləşdirmiş və hazırda həmin evdə yaşayırlar. Birinci instansiya məhkəməsi işə baxarkən sadalanan hallara əhəmiyyət verməmiş, İddiaçı əvvəllər verdiyi iddia ərizəsi üzrə onun qarşılıqlı iddia ərizəsi verməsinə əhəmiyyət verməmiş, bilərəkdən həmin iş üzrə iddianı baxılmamış saxlamaqla, onu iş üzrə qarşılıqlı iddia vermək hüququndan məhrum etmiş və İddiaçı Quba rayonunda yaşadığı halda, məhkəmə bildirişləri Bakı şəhərinə göndərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli evin L.Y.Mişiyevanın və səkkiz nəfər uşaqlarının birgə mülkiyyətlərində olmasını, L.Y.Mişiyevanın evdən və həyətyanı torpaq sahəsindən özünə çatan hissəni oğlu İddiaçı vəsiyyət etməsini, Z.S.Məmmədovanın 24 mart 2002-ci il tarixdə, L.Y.Mişiyevanın 18 oktyabr 2007-ci il tarixdə ölmələrini, D.S.Mişiyeva, V.S.İzqiyayeva, R.S.Şuminova, Ş.S.Mişiyev və E.S.Manaşirovanın mübahisəli evə və torpaq sahəsinə dair bütün hüquqlarını iddiaçıya etibar etməsini, mübahisəli evin və 377 kv.m. torpaq sahəsinin mirasın kütləsinə daxil olması, sonuncunun ölümündən sonra onun birinci növbəli səkkiz vərəsəsinin qalmasını, vərəsələrdən yalnız İddiaçı miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etməsini, Cavabdeh mübahisəli evin yalnız 24,92 kv.m. hissəsinə mülkiyyət hüququnun olmasını, evin qalan 199,38 kv.m. hissəsinə və 377 kv.m. həyətyanı torpaq sahəsinə vərəsəlik əsasında İddiaçı mülkiyyət hüququnun əmələ gəlməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini qismən təmin etmişdir. Bu nəticədən narazı qalan iddiaçının hüquqi varisi X7 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən vərəsələrdən yalnız Rəfail Mişiyevin miras əmlakı faktiki idarə etməklə qəbul etdiyini, digər vərəsələrin isə mirası nə notariat kontoruna ərizə verməklə, nə də ki faktiki olaraq qanunvericilikdə göstərilən 6 ay müddətində qəbul etmədiklərini və bu imkanı itirdiklərini, eləcə də iş materiallarında qeyd olunanlarının əksini təsdiq edə biləcək heç bir sübut mövcud olmadığını, torpaq qeydi sənədinə əsasən torpaq sahəsinin L.Mişiyevanın və İddiaçı istifadəsinə verildiyini, 28 iyun 1972-ci il tarixli müqaviləyə əsasən mübahisəli evin ½ hissəsi L.Y.Mişiyevaya və İddiaçı satıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən Cavabdeh iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbi vərəsəlik hüququ əsasında miras əmlaka payların müəyyən edilməklə, mülkiyyət hüququ tanınması və çıxarışın verilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 257 kv.m., yaşayış sahəsi 87 kv.m. olan iki mərtəbəli 4 otaqdan ibarət yaşayış evi 9 nəfərin (L.Y.Mişiyeva, Rafail, Ariil, Şimtu, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida) ümumi birgə mülkiyyətlərində, 377 kv.m. torpaq sahəsi isə 31 iyul 1972-ci il tarixli 1955 saylı “torpaq qeydi”nə əsasən mərhum L.Y.Mişiyeva və İddiaçı istifadəsində olmuşdur. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1133 və 1255-ci maddələri təşkil edir. İşdən görünür ki, 04.03.1952-ci il tarixdə tərəflərin atası S.Ş.Mişiyev rəsmi nikah əsasında L.Y.Mişiyeva (Yevdayeva) ilə ailə qurmuş, onların bu nikahından Rafail, Ariil, Şimtu adlı üç uşaqları doğulmuş, 06 fevral 1959-cu il tarixdə S.Ş.Mişiyev ölmüşdür. Dovro, Rəhilə, Ermida, Valentina və Zinaida mərhum L.Y.Mişiyevanın doğma uşaqları deyil və sonuncu tərəfindən övladlığa götürülməmişlər. Onların ataları S.Ş.Mişiyev olsa da, anaları X1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar (Mülki Məcəllənin 1159.1.1, 1159.1.2 maddələri). Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hallarla bağlı heç bir araşdırma aparmamış, mülki qanunvericiliyin 1159-cu maddəsinin tələblərini pozaraq Dovro, Rəhilə, Ermida, Valentina və Zinaidanın mərhum L.Y.Mişiyeva ilə qohumluq dərəcəsini müəyyən etmədən onları da miras qalmış əmlaka birinci növbəli vərəsə hesab etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mərhum L.Y.Mişiyevadan miras qalmış əmlaka yalnız birinci növbəli vərəsələri olaraq Rafail, Ariil, Şimtu qalmışlar. Dovro, Rəhilə, Ermida, Valentina və Zinaida mərhum L.Y.Mişiyevanın doğma uşaqları olmadığından və eləcə də onun tərəfindən övladlığa götürülmədiyindən, sonuncudan miras qalmış əmlaka adları qeyd olunan şəxslər birinci növbəli vərəsə sayıla bilməzlər. Bundan başqa mərhum L.Y.Mişiyevanın ölməsi ilə ondan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik açılsa da, aşağı instansiya məhkəməsi işə baxarkən L.Y.Mişiyevadan miras qalmış əmlakın kütləsini düzgün müəyyən etməmiş və nəticədə üzərində sonuncunun hüququ qeydə alınmamış 377 kv.m. torpaq sahəsini də miras kütləsinə daxil edərək vərəsələr arasında bölmüşdür. Belə ki, 28 iyul 1972-ci il tarixli alqısatqı müqaviləsi və Quba Rayon Məhkəməsi 28 dekabr 1990-ci il tarixli, 2-378/1990 saylı qətnaməsi əsas tutularaq, 10 yanvar 1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən, tikinti altı torpaq sahəsi 224,3 kv.metr, həyətyanı torpaq sahəsi 152,7 kv.metr, cəmi həyətyanı torpaq sahəsi 377 kv.metr olan və ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.metr olan 121 saylı ev mülkiyyət hüququ üzrə L.Y.Mişiyevanın və Mişiyev (Mişiyeva) Rafail, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida, Şimtu və Ariil Sionoviçlərin adına qeydə alınmışdır və həmin sənədlərə görə, mübahisəli evin ümumi sahəsi 224,3 kv.metr deyil, 257 kv.metrdir və ev yalnız mərhum L.Y.Mişiyevanın deyil, doqquz nəfər şəxsin birgə mülkiyyətindədir və evin həyətyanı torpaq sahəsi torpaq qeydinə əsasən mərhum L.Y.Mişiyevanın və oğlu R.Mişiyeyin istifadəsində olsa da, mülkiyyət hüququ üzrə onların adına qeydə alınmamışdır. Halbuki Mülki Məcəllənin 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Qanunvericiliyin qeyd olunan maddəsinin tələblərindən göründüyü kimi vərəsəliyin obyekti mərhum L.Y.Mişiyevanın mülkiyyətində olmuş və müəyyən olunmuş qaydada ona məxsus olan əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir, mirasın kütləsinə istənilən əmlak deyil, elə əmlaklar daxil olur ki, onlar müəyyən xüsusiyyətlərə malik olur və qeyd olunan maddənin tələblərinə uyğun olaraq vərəsəlik qaydasında vərəsələrə keçir. Qeyd etmək lazımdır ki, mübahisəli ev (L.Y.Mişiyeva, Rafail, Ariil, Şimtu, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida) ümumi birgə mülkiyyətdə olmaqla hər bir iştirakçının həmin əmlakda 1/9 pay hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev yuxarıda qeyd olunan doqquz nəfərin (L.Y.Mişiyeva, Rafail, Ariil, Şimtu, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida) hər birinə 1/9 pay hüququ üzrə mülkiyyətində olduğundan və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə miras qoyan L.Mişiyevanın adına qeydə alınmadığından, yalnız Quba rayonu Qırmızı qəsəbə, Fətəlixan küçəsində ümumi sahəsi 257 kv.m. yaşayış sahəsi 87,1 kv.m. olan 121 saylı fərdi yaşayış evindən mərhum L.Y.Mişiyevaya çatan hissə (1/9 hissəsi, 257:9=28,5 kv.m.) miras kütləsinə daxil edilə bilər. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.1., 1133.2. maddələri). Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, L.Y.Mişiyevanın ölməsi ilə mübahisəli evin 1/9 hissəsinə vərəsəlik açıldığından və sonuncu öz sağlığında, yəni 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən, miras evə qanun üzrə vərəsəlik qüvvədə olmadığından, miras qoyan L.Y.Mişiyevanın miras payı qanun üzrə vərəsələrə keçə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunmalıdır ki, miras qoyan L.Y.Mişiyevanın birinci növbəli vərəsələri Rafail, Ariil və Şimtunun vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras payda məcburi pay hüquqları yaransa da, lakin istər Cavabdeh, istərsə də Şimtu Mişiyev miras əmlakı Mülki Məcəllənin 1243 və 1246-cı maddənin tələbləri baxımından nə faktiki, nə də ki rəsmi olaraq anaları L.Y.Mişiyevanın ölümündən sonra qəbul etməmişlər. Sonuncudan miras qalmış bir dəst yorğan-döşək və bir ədəd palazın ona verilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı bu dəlili işdə olan digər sübutlarla təsdiq olunmadığı, kassasiya instansiya məhkəməsinin qərarında öz təsdiqini tapmışdır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mülki Məcəllənin 1243, 1246-cı maddələri). İşdən göründüyü kimi Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.m. olan 121 saylı evin mərhum L.Y.Mişiyevadan miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsi vərəsələrdən yalnız vəsiyyət üzrə vərəsə, yəni İddiaçı qəbul etdiyindən, digər vərəsələrin yəni Cavabdeh və Ş.Mişiyevin isə miras əmlakı qəbul etməsi öz təsdiqini tapmadığından, İddiaçı həmin miras əmlakda vərəsəlik qaydasında payı müəyyən edilməlidir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr olan 121 saylı evin mərhum L.Y.Mişiyevadan miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsinə İddiaçı vəsiyyət üzrə vərəsəlik qaydasında miras əmlakı qəbul etdiyindən, sonuncunun həmin miras əmlaka mülkiyyət hüququ tanınmalı və həmin paya uyğun adına müvafiq çıxarış verilməlidir. Cavabdeh apellyasiya şikayətində mübahisəli evin ½ hissəsinə dair İ.Mişiyeva ilə L.Mişiyeva və İddiaçı arasında bağlanmış 28.07.1972-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz olmasını və həmin müqavilə bağlanarkən onun hüquqlarının pozulmasını və həmin alqı-satqı müqaviləsinə, o cümlədən 377 kv.m. torpaq sahəsinə dair 31.07.1972-ci il tarixli, 1955 saylı “torpaq qeydi”nə iddiaçının adının qanunsuz daxil edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qeyd olunan sənədin qanuniliyinin və əsaslılığının yoxlanılması ilə bağlı hazırkı iddia çərçivəsində tələb irəli sürməsə də, lakin ayrıca iddia çərçivəsində həmin müqavilənin və “torpaq qeydi”nin etibarsızlığı barədə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təmin edilmədiyindən, cavabdehin apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.m. olan 121 saylı fərdi yaşayış evindən mərhum X2 miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsinə vəsiyyət üzrə vərəsə İddiaçı mülkiyyət hüququ tanınsın və onun həmin əmlakda payına uyğun olaraq çıxarış verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-24/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-24/2021
10.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver