Məhkəmə qərarları › İş №2(105)-240/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-240/2022

19.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-240/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-336/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı saylı qətnaməsinə əsasən 0,20 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı, **********93 reyestr nömrəli və 0,10 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, RX ******* saylı, **********51 reyestr nömrəli çıxarışların, həmin çıxarışlar əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, 17 oktyabr 2015-ci il tarixli və Cavabdeh3 arasında bağlanmış AN ******* saylı, 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh3 adına verilmiş **********51 reyestr nömrəli və Cavabdeh2 adına verilmiş **********10 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon notariat kontorunda təsdiq olunmuş 16 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, X2, X4 və Zeynalov Məmməd Seyidhəsən oğluna Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN 444 saylı, 30301004 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən adlarına olan Quba şəhərində yerləşən 1 ha torpaq sahəsini almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında öz adına xx.xx.2014-cü il tarixdə RX ******* saylı, **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və RX ******* saylı, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən 1,0 ha torpaq sahəsinə dair çıxarışlar almışdır. 2014-cü ildə Cavabdeh1, X5, X6 və Zeynalov Məmməd Seyidhəsən oğlu ona qarşı məhkəmədə iddia qaldıraraq həmin alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsi 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnamə ilə iddianı təmin edərək, 16 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında onun adına verilmiş 29 aprel 2014-cü il çıxarışları etibarsız hesab etmişdir. Quba Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli, 2(105)-1363/2015 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellysiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli, 2(105)-1363/2015 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin MK-nın 28 aprel 2016-cı il tarixli, 2(102)-1940/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli, 2(105)-1363/2015 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya şikayəti qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yenidən işə baxılaraq 29 dekabr 2016-cı il tarixli, 2(105)-1657/2016 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon məhkəmsəinin 05 dekabr 2014-cü il tarixli, 2(027)- 1931/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçılar Cavabdeh1, X1, X3 və Zeynalov Məmməd Seyidhəsən oğlunun ona qarşı alqı-satqı müqaviləsinin və Çıxarışların etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra, iddiaçılar Cavabdeh1, X7, X6 və Zeynalov Məmməd Seyidhəsən oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişlər. Beləliklə də, həmin qətnamə qüvvəyə minmiş və halhazırda da qüvvədədir. Belə olan halda, Cavabdeh1 və ailə üzvlərinin 1,0 ha torpaq sahələrini ona satmalarına dair xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında adına aldığı çıxarışlar da qüvvədədir. Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(027)-1931/2014 qətnaməsi yuxarı instansiya məhkəmələrində baxışda olduğu halda Cavabdeh1 mübahisə edilən Quba Rayon Məhkəməsinin dekabr 2014-cü il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,20 ha hissəsinə öz adına xx.xx.2015-ci il tarixdə **********93 reyestr nömrəli çıxarış almış, həmin çıxarışa əsasən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsini xx.xx.2015-ci il tarixdə Quba rayon notariat kontorunun xüsusi notariusu Z.Dəmirov tərəfindən təsdiq edilmiş 4-Ə-13 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, o da həmin 0,10 ha torpaq sahəsinə dair öz adına **********10 reyestr nömrəli çıxarış almışdır. Cavabdeh1 1,0 ha torpaq sahəsinə xx.xx.2016-cı ildə öz adına **********51 reyestr nömrəli çıxarış alaraq, həmin çıxarışla 0,10 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə Quba regional Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Z.Dəmirov tərəfindən təsdiq edilmiş 4-Ə-08 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmış və o da həmin 0,10 ha torpaq sahəsinə dair öz adına **********10 reyestr nömrəli çıxarış almışdır. Mübahisəli torpaq sahələri ilə bağlı mülki işə yuxarı instansiya məhkəmələrində baxıldığı halda, Cavabdeh1 məhkəmələrin son nəticələrini gözləmədən Əhməd və Sevil adlı şəxslərə bu sahələri satmışdır. Cavabdeh1 məhkəmələrdə həmin torpaq sahələri ilə mübahisəli mülki iş olduğunu notariusdan və DƏDRX-dən gizlədərək alqı-satqı əməliyyatları etmiş, reyestrdən çıxarışlar almışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Quba Rayon Məhkəməsinin 2(027)-336/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-336/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən həqiqəti müəyyən etməmiş və işi hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 adına olan çıxarışların alınmasında və alqı-satqı müqavilələrinin tərtibində və təsdiqində iştirak etməmiş, onun adından etibarnamə üzrə nümayəndələri iştirak etməklə qanunsuzluqlara yol vermişlər. İş üzrə Cavabdeh2 məhkəmədə izahatında göstərmişdir ki, o, həmin torpaq sahəsini Xavərin nümayəndəsindən nağd olaraq 10000 manata almış və pulu bir dəfəyə ödəmişdir. O, həmin torpağı nisyə olaraq almamışdır. Alqı-satqı müqaviləsinin 4-cü bəndindən görünür ki, satıcı daşınmaz əmlakı 5000 manat qiymətinə nisyə satdı, alıcı isə həmin qiymətə aldı. Eləcə də, həmin bəndin ardınca göstərilir ki, alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı hissəni (0,1 ha) ondan 5000 manat qiymətinə aldı. Müqavilənin 5-ci bəndinin 2-ci hissəsində göstərilir ki, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 1000 manatını satıcıya nağd ödəyir, qalan 4000 manat məbləğ xx.xx.2016-cı il tarixdə ödəyəcəyi barədə öhdəlik götürür. Bu hal özü açıq şəkildə göstərir ki, həmin müqavilə aldadıcı yolla nəyi isə gizlətmək xatirinə qanunsuz bağlanmışdır. Cavabdeh2 həmin torpağı 10000) manatı bir dəfəyə ödəyib almasını məhkəmədə göstərməsi məhkəmə iclasında aparılan görüntülü çəkilişlə təsdiq olunur. Eləcə də, Cavabdeh2 və digər Cavabdeh3 nümayəndəsi göstərmişlər ki, həmin torpaq sahəsini onlar özlərinə yaşayış evi tikmək məqsədilə almışlar və alarkən bütün sənədləri yoxlamışlar. Əgər onlar sənədlərin dürüstlüyünü yoxlasaydılar həmin torpaqların yaşayış evi üçün deyil, kənd təsərrüfatı təyinatlı torpaqlar olduğunu görərdilər və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, ümumiyyətlə yaşayış evinin tikintisinə qanunla icazə verilmədiyi və həmin torpaq sahəsində aparılan tikintiyə çıxarış almağın mümkün olmadığı üçün, onlar həmin torpaqları sözsüz ki, almazdılar. Görünür, hər iki cavabdeh həmin torpaqların qanunsuz əldə edildiyini bilmiş və satıcıya kömək məqsədilə yuxarıda qeyd olunan həmin qanunsuzluqları ört-basdır etmək üçün həmin alqı-satqılara getmişlər. Necə ola bilər ki, alıcı aldığı torpaqda yaşayış evi tikməyin qanunla qadağan olduğunu və həmin tikintiyə reyestrdən çıxarış ala bilməyəcəyini bildiyi halda, həmin torpaqları yaşayış evi tikmək üçün alsınlar? Həmin ərazidə torpaq sahəsinin bir sotu, yəni 100 kv metri 1.000 manatdır, 10 sotu yəni, 1000 kv metri 10.000 manatdır. Alıcı Cavabdeh2 məhkəmədə izahatında doğru olaraq göstərmişdir ki, o, həmin torpaq sahəsini 10.000 manata almışdır. Alqı-satqı müqaviləsində həmin torpaqların qiymətinin aşağı və hətta birində nisyə alınması göstərilməsi onu təsdiq edir ki, alıcılar satıcıya etdiyi qanunsuzluqları ört-basdır etmək məqsədilə həmin torpaqların özgəninkiləşdirməsində köməklik göstərmişlər. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə mübahisələndirilən çıxarışların verilməsinə əsas olan Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edildiyi halda həmin çıxarışlar üzrə edilmiş əməliyyatlar necə qanuni ola bilər? Məhkəmə öz qətnaməsində iddia tələbinin rədd olunması üçün gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, guya məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisə edilən torpaq sahəsini 2015-ci ildə, Cavabdeh3 isə 2017-ci ildə vicdanlı əldə edən kimi «Asan xidmət» mərkəzinin Notariat Ofisində alqı-satqı müqaviləsi bağlamaqla və pulu ödəməklə əldə etmişlər və həmin torpaq sahələrinə dair alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair heç bir məhdudiyyət olmamış, torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Alqı-satqı torpaq sahəsinin sənəd üzrə mülkiyyətçisi Cavabdeh1 ilə aparılmışdır. Quba Rayon Məhkəməsinin gəldiyi bu nəticə düzgün deyildir və qanunvericiliyin tələblərinə ziddir. Həmin torpaq sahələrinə dair Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışların verilməsinə əsas olan Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir və beləliklə də, həmin qətnamənin ləğvi ilə mübahisə edilən əmlak əvvəlki vəziyyətinə qayıtmaqla İddiaçı mülkiyyətidir. Qəbul edilmiş qətnamələrin aidiyyəti orqanlara məlumat üçün göndərilməsi həmin qətnamələri qəbul etmiş orqanların vəzifəsidir və onların səlahiyyətindədir. İş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 adına alınmış çıxarışlar və onun adından tərtib olunmuş alqı-satqı müqavilələri müstəqil olaraq onun özü tərəfindən deyil, nümayəndələri tərəfindən icra olunmuşdur. Bəlkə də, Cavabdeh1, ümumiyyətlə bu hərəkətlərdən xəbəri yoxdur və olmamışdır. Görünür bütün bu hərəkətləri Cavabdeh1nm nümayəndələri gizli şəkildə aparmış, bu səbəbdən də, İddiaçı məxsus torpaq sahələrinə dair Cavabdeh1 adına çıxarışların alınmasından və sonrakı alqı-satqı müqavilələrinin tərtibindən İddiaçı xəbəri olmamışdır. Yalnız bu qanunsuz hərəkətlərdən o, 2020-ci ilin ortalarında başqa işlə əlaqədar DƏDRX-yə müraciət edərkən xəbər tutmuş, dərhal da, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisə edilən torpaqların ilkin alıcısı və sahibi İddiaçı olduğu və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğu halda, İddiaçı öz əmlakına olan mülkiyyət hüquqları açıq-aşkar kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İşdən göründüyü kimi İddiaçı mərhum Cavabdeh1 qarşı hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Halbuki, daha öncə qeyd edildiyi kimi Cavabdeh1 xx.xx.2018-ci ildə ölmüşdür. Başqa sözlə, iddia mülki hüquq qabiliyyəti olmayan, yəni artıq məhkəmədə cavabdeh ola bilməyən ölmüş şəxsə qarşı qaldırılmışdır. Belə işə isə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin261.0 və 261.0.1-ci maddələrinin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi iddia tələbi təkcə Cavabdeh1 deyil digər şəxslərə qarşı da yönəldilmişdir. Belə ki, iddiaçı tələbində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, 17 oktyabr 2015-ci il tarixli və Cavabdeh3 arasında bağlanmış AN ******* saylı, 28 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi mübahisələndirilən hər iki əqd üzrə tərəflərdən biri Cavabdeh1dır. Yəni tələb bölünməzdir, hazırki halda digər cavabdehlərə münasibətdə icraatın ayrıca davam etdirilməsi mümkünsüzdür. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfə izah olunur ki, hazırki iş üzrə, qeyd olunan əsaslarla, icraata xitam verilməsi Cavabdeh1 vərəsələrinə və digər cavabdehlərə qarşı yeni iddia qaldırmaq hüququnu istisna etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264, 385 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-336/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apoellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar