Məhkəmə qərarları › İş №2(105)-240/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-240/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-240/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4119/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 419A saylı evə istifadə hüququnun tanınması və hazırki iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-792/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-792/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı evə istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Cavabdeh və Paşayev Faiq Hənifə oğluna qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh əmlakları ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanından çıxarılması, cavabdeh Paşayev Faiq Hənifə oğlunun isə ünvan 1-ya istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşməklə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış və adına da çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh onun əmisinin həyat yoldaşıdır. Ona müvəqqəti olaraq mübahisəli mənzildə yaşamasına icazə versə də sonradan cavabdeh bu mənzili boşaltmamış və bu səbəbdən də o mülkiyyətində olan mənzildə yaşamaq imkanından məhrum olmuşdur. Halbuki cavabdehin bu mənzilə hər hansı bir hüququ yoxdur. Nə özü, nə də həyat yoldaşı Paşayev bu mənzilə qeydiyyatda deyildirlər. Lakin o bir mülkiyyətçi olaraq dəfələrlə ondan mənzilini boşaltmasını tələb etmiş, cavabdeh könüllü olaraq mənzildən əmlaklarını çıxarmamışdır. Digər cavabdeh F.Paşayev onun əridir. O, 2008-ci ildən daimi olaraq Rusiya Federasiyasına köçmüş və onda olan məlumata görə o, Rusiya vətəndaşlığını da qəbul etmişdir. Lakin cavabdehin 15 ildən artıq bir müddətdə mənzilində yaşamaması, qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. O, öz əmlakı üzərində istədiyi kimi sərəncam verə bilmir.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh əmlakları ilə birlikdə İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 706 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş Cavabdeh ünvan 1, 358A nömrəli evdə qeydiyyatsız yaşayır.

8. 31 may 2023-cü il tarixli aktdan görünür ki, X2, X5, X3 təsdiq etmişlər ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 358a ünvanında qeydiyyatda olsa da Corat qəsəbəsi, ev 419A ünvanında qeydiyyatsız yaşayır.

9. 31 may 2023-cü il tarixli aktdan görünür ki, X2, X5, X3 təsdiq etmişlər ki, Paşayev Faiq Hənifə oğlu Sumqayıt şəhər, Corat qəsəbəsi, 419A ünvanında qeydiyyatda olsa da 2008-ci il tarixdən hal-hazırki vaxta kimi bu ünvanda yaşamır. Rusiya Federasiyasında yaşayır.

10. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında 12 iyun 2002-ci il tarixdən qeydiyyatdadır.

11. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətə cavabdan görünür ki, İddiaçı məxsus olan Corat qəsəbəsi, ev 419A ünvanında yaşayan X1 evdən çıxarılmasına dair edilən şikayət mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Toplanmış material 1-ci PB-nin dəftərxanasında işə alınmışdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4119/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 152.1, 157.4, 152.5, 178.1 və 228.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Mübahisəli yaşayış evi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçmiş və adı çəkilən çıxarış əsasında onun adına qeydiyyata alınmışdır. Mübahisəli yaşayış evinin mülkiyyət hüququ iddiaçıya məxsus olması və tərəflər arasında razılığın olmamasına baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Halbuki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə onun arasında yazılı müqavilənin mövcud olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Kadastr və X6 Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu verməli idi. Lakin, məhkəməsi tərəflər arasında belə bir müqavilənin mövcud olmamasını hansı qaydada müəyyən etməsi aydın deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

22. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

23. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157. Mülkiyyətin müdafiəsi

19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

25. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

28. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (...)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

31. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

38. İşin digər halına əsasən iddiaçı Cavabdeh mübahisəli mənzildə 2016-ci ildən yaşamağa başlamışdır.

39. MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibəti 2016-cı il tarixdən yarandığından, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq hüquqi qiymət verilməlidir.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

42. Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

43. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məcəlləsinin 30.1. maddəsi).

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

45. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.

46. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

47. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

48. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin, Mülki Məcəllənin 14.2.2 maddəsinin və Mülki Prosessual Məcəlləsinin 4.1, 53, 149 və 152-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

49. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-792/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı evə istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilmişdir.

50. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli evin mülkiyyətçisi olan iddiaçının ailə üzvü hesab edilmədiyindən, həmin evin yaşayış sahəsindən istifadə hüququ olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

53. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar