Məhkəmə qərarları › İş №2(106)-1340/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1340/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1340/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X11, tərəflərin iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında 0.04 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: mübahisə predmeti olan ünvan 1 ünvanda 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi onun və mərhum anası Siyarə Feyziyevanın mülkiyyətindədir. O, uzun müddət Rusiya Federasiyasında yaşamış, Azərbaycana qayıtdıqdan sonra həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh istifadə etdiyini, fərdi yaşayış evinin isə satıldığını öyrənmişdir. Cavabdeh uzun müddətdir ki, evdən və torpaq sahəsindən istifadə edir. Yaşayış evi və torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırmasını tələb etsə də, cavabdeh yaşayış evi və torpaq sahəsini qaytarmamışdır. Fərdi yaşayış evinin satılmasından məlumatı olmamış, onun razılığı olmadığı halda yaşayış evi alqısatqı edilmiş, nəticədə mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddia edilən yaşayış evini iddiaçının mərhum anası X13 11 iyun 2004-cü ildə Məmmədova Ticarət Əzulla qızına, sonuncu isə 19 avqust 2004-cü ildə onun qayınanası X1. Tərbiyə Fətiyeva həmin evi alqı-satqı etdikdən sonra yaşamağa yerləri olmadığından ona və ailə üzvlərinə istifadəyə vermişdir. Saatlı Rayon Məhkəməsinin (hаkim M.Sadıqov) 04 noyabr 2022-ci il tarixli qətnаməsi ilə iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmə iddianı qisməm təmin etsə də, müvafiq JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisəli fərdi yaşayış evinin 98.4 kv.m olmaqla mülkiyyətində olması aydınlaşdırmamışdır. Belə ki, məhkəmə iddianı qismən təmin edərək iddianın fərdi yaşayış evi ilə bağlı hissəsini təmin etməmişdir. Halbuki həm torpaq sahəsi, həm də torpağın üzərində olan 98.4 kv.m. fərdi yaşayış evi onun və mərhum anası Feyziyeva Səyyarənin mülkiyyətində olmuşdur. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, cavabdehin istinad etdiyi alqı-satqı müqavilələri və digər sənədlərin onun yaşayış evinə aidiyyəti yoxdur. Cavabdeh faktiki olaraq onun evindədir, lakin evin sənədləri başqadır. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, yaşadığı evi 20 il öncə notariusda Ticarət Məmmədovadan almışdır. 4 otaq olmuşdur. 20 ildir ki, orada yaşayır. Əsaslandırma Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə iddianı qismən- torpaq sahəsinə dair hissədə təmin etmiş, yaşayış evinə dair hissədə təmin etməmişdir. İddiaçı qətnamənin iddianın təmin edilməməsinə dair hissəsini mübahisələndirmişdir. Ona görə Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X13 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 0.04 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onların adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Saatlı rayon İH başçısının Saatlı şəhər İƏDN-nin xx.xx.2021-ci il tarixli, 2883 saylı arayışından görünür ki, X6 adına verilmiş JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X6 və İddiaçı ad və soyadı texniki səhv olaraq X9 və X2 qeyd edilmişdir. Müəyyən edilir ki, həyətyanı torpaq sahəsində fərdi yaşayış evi- tikili də olmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin tərəfindən verilmiş 493 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Saatlı şəhəri, H.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi X6 adına 10 iyun 2004-cü ildə 2 nömrəli reyestr kitabında 23-cü səhifədə 493 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı hazırki tələbində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını və ona məxsus Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında olan 0.04 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, yaşayış evinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, yaşayış evi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh əmlakı qaytarmaqdan imtina etməlidir. Mübahisəli evin iddiaçının qanuni mülkiyyətində olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi X6 adına qeydiyyatdan keçəndən sonra iki dəfə alqı-satqının predmeti olmuşdur. X3 ilə alıcı Məmmədova Ticarət Əzulla qızı arasında Saatlı rayon Dövlət Notariat Ofisində bağlanmış 11 iyun 2004-cü il tarixli, 4Ə-83 saylı alqı-satqı müqaviləsi ilə X13 özünə məxsus, Saatlı şəhəri, H.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evini Məmmədova Ticarət Əzulla qızına on milyon manata satmışdır. Saatlı şəhəri, H.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi Məmmədova Ticarət Əzulla qızının adına 11 iyun 2004-cü ildə 2 nömrəli reyestr kitabında 23-cü səhifədə 495 reyestr nömrəsi ilə qeydə alınmışdır. Satıcı Məmmədova Ticarət Əzulla qızı ilə alıcı X10 arasında Saatlı rayon Dövlət Notariat Ofisində bağlanmış 19 avqust 2004-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən Məmmədova Ticarət Əzulla qızı Saatlı şəhəri, H.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evini Məmmədova Ticarət Əzulla qızına on doqquz milyon manata satmışdır. X13 29 iyun 2004-cü ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 2004-cü ilin iyul ayının 7-də 64-li qeydiyyat aparılmışdır. X10 27 dekabr 2021-ci ildə vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabında 2022ci ilin yanvar ayının 9-da 14-li qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Kollegiya məhkəmənin mövqeyini əsaslı sayır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, mübahisəli yaşayış evinə dair iddiaçının hər-hansı hüququ yoxdur. Mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum anası X8 məxsus olmuş, onun adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 493 saylı Qeydiyyat vəsiqəsi yazılmışdır. Sonuncu Saatlı rayon Dövlət Notariat Ofisində bağlanmış 11 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi Məmmədova Ticarət Əzulla qızına, Ticarət Məmmədova isə 19 avqust 2004cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin qayınanası mərhum X1. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı həmin evin mülkiyyətçisi olmadığından və vərəsəlik əsasında onun mülkiyyət hüququ yaranmadığından mübahisə predmeti olan ev üzərində hər hansı hüququ yoxdur, ona görə iddia təmin edilə bilməz. İddiaçı mülki işin məhkəmə baxışı zamanı mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqısından məlumatlı olmadığını və həmin vaxt Rusiya Federasiyasında olduğunu bildirərək bağlanmış müqavilələrin etibarsız hesab edilməli olmasını göstərmişdir. Kollegiya hesab edir ki, mübahisəli yaşayış evinə dair alqı-satqı müqavilələrinin etibarsızlığı üçün əsaslar da müəyyən edilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək, qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar