Məhkəmə qərarları › İş №2(106)-436/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-436/2025

24.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-436/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin məcburi qaydada mənzildən çıxarılmaları və istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi (xitam verilməsi) və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən fərdi yaşayış evi əvvəllər iddiaçının anasına məxsus olmuş, sonradan həmin həmin fərdi yaşayış evini anası tam qanuni şəkildə iddiaçının adına keçirmiş və iddiaçı da evə öz adına mülkiyyət sənədi almışdır. Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 isə bacısı Rayanın oğludur. Bacısı Rayanın hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 könüllü qaydada həmin evdən qeydiyyatdan çıxmasını təklif etsə də, cavabdeh onun təklifini qəbul etməmiş və bu günə kimi həmin evdə qeydiyyatda qalmaqdadır. Bununla yanaşı Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus evdə yaşayır. Onun Bakı şəhərində özünə məxsus evi var və o, öz evində qeydiyyatdadır. Cavabdeh Rayanın iddiaçıya məxsus evdə qeydiyyatda oliması və Cavabdeh2 ona məxsus evdə qanunsuz olaraq yaşaması iddiaçıya narahatçılıq yaradır və mülkiyyəti üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, cavabdehlər özləri və onların ailə üzvləri həmin evə gəlib gedirlər, iddiaçıya mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə və mülkiyyətini idarə etməsinə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus evdən qeydiyyatdan və yaşayış mənzilindən çıxmaları üçün iddiaçı onlara bir neçə dəfə müraciət etməsinə baxmayaraq cavabdehlər evdən çıxmamışlar. Cavabdehlərin iddiaçının evindən qeydiyyatdan çıxmalarını və onların iddiaçıya məxsus evdə istifadə hüquqlarının itirilməsini istəyir. Ona görə də Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi (xitam verilməsi) və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh1 ilə İddiaçı doğma bacıdırlar. İddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onların dədə-baba evi olmaqla o, mərhum anasının sağlığından bu günə kimi həmin evdə yaşayır. Onların atası X1 əsrin 90-cı illərində, anaları X17 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Cavabdeh1 əri X18 da bir neçə il əvvəl vəfat etmişdir. İddiaçı ilə cavabdeh Rayanın anası Xanım Novruzova uzun illər xərçəng xəstəliyindən əziyyət çəkmiş və ona əsasən Raya özü qulluq etmişdir. Onların anası ölməmişdən əvvəl öz aralarında razılaşaraq mübahisəli fərdi yaşayış evini bağışlama müqaviləsinə əsasən cavabdeh Rayanın böyük bacısı X5 bağışlamış və həmin bağışlama müqaviləsinə əsasən Baxtilə həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Həmin ərəfədə oğlu oğlu Cavabdeh2 Respublika ərazisində olmadığına görə mübahisəli evə qeydiyyata düşə bilməsə də, mübahşisəli evin bağışlanmasına qədər və bağışlama müqavilədən sonrakı müddət ərzində olmaqla hal-hazıra kimi fasiləsiz olaraq birlikdə mübahisəli fərdi yaşayış evində yaşayırlar. Bir müddət əvvəl Rayanın oğlu Mürşüdlə bacısı Baxtilənin əri başqa bir mövzuda mübahisə olduğundan iddiaçı tərəf əsassız olaraq cavabdehin obu ilə birlikdə öz dədə-baba evlərindən çıxmalarını tələb etmiş və bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisəli fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətində olsa da onun həmin evdən məcburi pay hüququ var. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı cavabdehlərin məcburi qaydada mənzildən çıxarılmaları və istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (X27) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X4 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, kollegiya İddiaçı və Cavabdeh2 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4 maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.3- cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,0444 ha ölçüdə torpaq sahəsinə yerləşən, ümumi sahəsi 225,9 kv.metrdən ibarət fərdli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və İddiaçı verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 23-cü il tarixli, Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Sabir küçəsi, ev 19 ünvanda 0,0444 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 225,9 kv.m, yaşayış sahəsi 44,3 kv.m yardımçı sahəsi 181,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2012-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,0444 ha ölçüdə torpaq sahəsinə yerləşən, ümumi sahəsi 225,9 kv.metrdən ibarət fərdli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X11 adına qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin materiala əlavə edilmiş Kürdəmir RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Kürdəmir Notariat kontoruna təqdim etmək üçün X15 verilmiş xx.xx.2017-ci il tarixli, 1432 nömrəli arayışın surətindən görünür ki, X.Ə.Novruzovanın ünvan 3 ünvanda özünə məxsus olan evində X9 və X24 qeydiyyatdadırlar. Həmin materiala əlavə edilmiş Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında xx.xx.1948-ci il tarixdə nikah bağlanmışdır. Həmin materiala əlavə olunmuş 20.09,2017-ci il tarixli, AZ-İ ******* nömrəli Ölüm haqqında şəhadətnamənini surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Cavabdeh1 nümayəndəsi tərəfindən təqdim edilmiş və Kürdəmir RİHB-nin Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən X7 verilmiş xx.xx.2024-cü il tarixli, 558 nömrəli arayışdan görünür ki, Cavabdeh1 nəvələri X12 və X10 ilə birlikdə ünvan 4 ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 154621 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan sübutların tədqiqindən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən fərdi yaşayış evi əvvəllər iddiaçının anasına məxsus olmuş, sonradan həmin həmin fərdi yaşayış evini anası tam qanuni şəkildə iddiaçının adına keçirmiş və iddiaçı da evə öz adına mülkiyyət sənədi almışdır. Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 isə bacısı Rayanın oğludur. Bacısı Rayanın hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 könüllü qaydada həmin evdən qeydiyyatdan çıxmasını təklif etsə də, cavabdeh onun təklifini qəbul etməmiş və bu günə kimi həmin evdə qeydiyyatda qalmaqdadır. Bununla yanaşı Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus evdə yaşayır. Onun Bakı şəhərində özünə məxsus evi var və o, öz evində qeydiyyatdadır. Cavabdeh Rayanın iddiaçıya məxsus evdə qeydiyyatda oliması və Cavabdeh2 ona məxsus evdə qanunsuz olaraq yaşaması iddiaçıya narahatçılıq yaradır və mülkiyyəti üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, cavabdehlər özləri və onların ailə üzvləri həmin evə gəlib gedirlər, iddiaçıya mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə və mülkiyyətini idarə etməsinə imkan vermirlər. Cavabdehin iddiaçıya məxsus evdən qeydiyyatdan və yaşayış mənzilindən çıxmaları üçün iddiaçı onlara bir neçə dəfə müraciət etməsinə baxmayaraq cavabdehlər evdən çıxmamışlar. Cavabdehlərin iddiaçının evindən qeydiyyatdan çıxmalarını və onların iddiaçıya məxsus evdə istifadə hüquqlarının itirilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır”. Plenum daha sonra qeyd edir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır”. Qeyd edilən Qərarın əsaslandırıcı hissəsində daha sonra göstərilir “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərarında hüququn xitamı üçün üç halı misal kimi göstərmiş (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) və eyni zamanda bu halları məhdudlaşdırmayaraq qanunvericiliklə xitama səbəb olacaq hallar siyahısını arta biləcəyini istisna etməmişdir. Xitama səbəb ola biləcək hallar isə ədalətli məhkəmə araşdırmasının vəzifəsidir ki, hazırki mübahisədə müəyyən olunur ki, İddiaçı cavabdehlərin çıxarılmalarını tələb etdiyi M.Ə.Sabir küçəsi ev 19 ünvanda yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının anasına məxsus olmuş, sonradan həmin həmin fərdi yaşayış evini anası tam qanuni şəkildə iddiaçının adına keçirmiş və iddiaçı da evə öz adına mülkiyyət sənədi almışdır. Kollegiya ilk öncə qeyd edir ki, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər İddiaçı və Cavabdeh1 analarının mülkiyyətində olmuş və cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Sonradan həmin fərdi yaşayış evinin mülkiyyətçisinin dəyişməsi, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Həmçinin müəyyən olunur ki, cavabdehlər sözügədən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri, yəni övladları olduqlarından həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşlar. Bu səbəbdən onlar həmin mənzildə istifadə hüququ əldə etmişlər və onların bu hüquqlarının yaranması üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb edilməmişdir. Həmçinin 2019-cü ildə sözügedən mənzilə dair mülkiyyət hüququ hazırki iddiaçıya keçərkən onlar mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmişlər. Bundan başqa iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilməmiş və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehlərin digər ünvanda daimi yaşamaları ilə əlaqədar məhkəməyə sübut təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən edilmir ki, cavabdehlərin mübahisələndirilən mənzildən istifadə hüququnu aradan qaldıran yeni hal, yəni başqa bir mənzilə mülkiyyət hüquqlarının əmələ gəlməsi və.s baş vermişdir. Əksinə işə olan sübutlardan müəyyən edilir ki, cavabdehin və övladının başqa yerdə yaşayış üçün zəruri ehtiyaclarını təmin edən ev mövcud olmamış, başqa sözlə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılmalarına səbəb olacaq hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı cavabdehlərin məcburi qaydada mənzildən çıxarılmaları və istifadə hüququnun itirilməsi tələbinə iddiası təmin edilməməlidir.” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1636/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar