Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2401/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Şamaxı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 06.12.1992-ci il tarixdən 18.12.1992-ci il tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, 1992-ci ilin avqust ayında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1996-cı ildə həmin Məktəbi bitirmişdir. 10.09.1996-cı ildən 15.11.2001-ci ilə kimi N saylı hərbi hissədə tağım komandiri, 12.04.2001-ci ildən 11.08.2001-ci il tarixinə kimi isə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. Ön cəbhədə xidmət etdiyi üçün onun 1 ay xidməti 3 ay xidmət kimi hesablanmışdır. 11.08.2001-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyat üçün Şamaxı Rayon Hərbi Komissarlığına göndərilmişdir. Şamaxı RHK tərəfindən ona 21.11.2001-ci il tarixli, ZE ******* saylı Azərbaycan Respublikası Silahlı qüvvələrində ehtiyatda olan zabitin hərbi bileti verilmişdir. 2009-ci ildən etibarən 2-ci (ikinci) qrup əlildir. O, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Belə ki, Birləşmiş Komandanlıq Məktəbinin 1-ci kursunda oxuyarkən bir sıra kursant yoldaşları ilə birlikdə komandanlığın rəsmi əmri ilə 06.12.1992-ci ildən 18.12.1992-ci il tarixinə kimi Ağdam bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. Bu səbəblə ona veteran adı və vəsiqəsi verilməli idi. Lakin hüquqlarını və qanunları bilmədiyi üçün bu müddət ərzində ona veteran adının və vəsiqəsinin verilməsini tələb etməmişdir. Son dövrdə isə bir sıra kursant yoldaşlarıyla görüşərkən onlar ona həmin vaxt Ağdamda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı aldıqlarını və o da onlarla birlikdə həmin döyüş əməliyyatlarında iştirak etdiyi üçün veteran adının və vəsiqəsinin verilməli olduğunu bildirmişlər. O, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri sənədləri toplamaq məqsədilə ilk olaraq Şamaxı RHKya müraciət edərək qeyd edilən tarixlərdə həqiqətən Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən sənəd verilməsini tələb etmişdir. Onlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onun adına olan Xidmət Siyahısında həqiqətən də həmin tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyi barədə qeydin olduğunu, lakin imza və möhür olmadığına görə bu barədə sənəd verə bilməyəcəklərini, ona görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişlər. O da bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etmiş və ona verilən 18.08.2020-ci il tarixli cavab məktubunda döyüş əməliyyatlarında iştirak etməyi barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərtib etdiyi Xidmət Siyahısının “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı" adlı 11-ci qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: AZ.Res. BQR-in sərəncamı. 06.12.1992, 18.12.1992” sözləri qeyd edilmişdir. Həmçinin həmin vaxt o, tək yox, başqa kursant yoldaşlarıyla birlikdə həmin döyüş əməliyatlarında iştirak etmişdir və onlar da məhz həmin döyüşdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Onlar Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakını təsdiq edə bilərlər. Beləliklə, onun həmin dövrdə döyüş əməliyyatlarında iştirak etməyini (döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunduğunu) təsdiq edən sənədlər natamam olduğundan və həmin təsdiqedici sənədlər Müdafiə Nazirliyinin Arxiv İdarəsində mövcud olmadığından, həmçinin bu sənədlərin məhkəmədən kənar qaydada əldə etməsi mümkün olmadığından, bununla yanaşı “Müharibə veteranı” və vəsiqəsi ala bilməsi üçün zəruri olduğundan məhkəmə tərəfindən bu fakt müəyyən edilməlidir. Bu səbəblə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır və ərizəsi təmin edilməlidir. Şamaxı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmişdir. (hakim N.İsmayılov) Qərardaddan Ərizəçi şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadının ləğv edilərək ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Ərizə ilə eyni məzmunlu olan şikayət bununla əsaslandırılmışdır ki, onun zabit yoldaşlarının əməliyyatlarda iştirak etməsi faktı məhkəmə tərəfindən tanınmışdır. Bundan başqa, ona komissarlıqdan məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, şikayət təmin edilməlidir. Şamaxı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Ərizəçi məhkəməyə teleqram vuraraq əlil olması səbəilə maddi imkanının pis olmasına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən hüquqi faktların siyahısı verilmişdir. Qeyd olunan siyahıda şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi göstərilməmişdir. Yenə həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan da göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Ərizəyə əlavə edilmiş Ərizəçi adına olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərtib etdiyi Xidmət Siyahısından görünür ki, “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirakı” qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: Az.Res.BQR-in sərəncamı. 06.12.1992, 18.12.1992” sözləri qeyd edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 14-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçidə olan sənədlər sübut növləridir və o, bu sənədlərdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, rədd cavabı aldıqda isə inzibati icraat qaydasında səlahiyyətli məhkəmədə iddia qaldırmalıdır. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə görə hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir və birinci instansiya məhkəməsi bu ərizənin icraata götürülməsindən imtina etməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin həmin əsasla icraata götürülməsindən imtina barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin icraata götürülməsindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(074)-635/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2401/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2401/2021
09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver