Məhkəmə qərarları › İş №2(105)-2408/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2408/2020

25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2408/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab olunması və əssasız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1011/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1011/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qərar etibarsız hesab edilmiş və İddiaçı məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 237,60 manat pul vəsaitinin abonentin bazasından silinməsi qət edilmişdir (hakim.İ.Məmmədov). Qətnamədən Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1011/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘Cavabdeh” X6 X10 İdarəsi Quba Xidmət Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2019-cu ii tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə, bu akt əsasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə aktının ləğv edilməsinə və həmin aktlar əsasında hesablanmış 237,6 manat cərimə məbləğinin ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz RQİİ Quba QİS-nin xx.xx.2019-cu il tarixli qərarının qanunsuz və etibarsız hesab edilməsi, habelə ona hesablanmış 237,6 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh X11 X7 Xidmət Sahəsinin əməkdaşları xx.xx.2019-cu il tarixində Quba rayonu, İ Nügədi kəndində yaşadığı ünvanda istifadəsində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edərək istifadəsində olan Elster tipli, G4 markalı, ******* nömrəli qaz sayğacını növbəti dövlət yoxlamasına göndərmək məqsədilə xəttən ayıraraq əvəzində yeni sayğac quraşdırmış və 01564328 nömrəli plombu sökərək əvəzinə yeni, 10032813 nömrəli plomb vurmuşlar. Sayğac xəttən açıldıqdan sonra, vizual baxış keçirmişlər və heç bir nöqsan aşkar edilməmişdir. 2019-cu ilin avqust ayı üçün qazın sərfi haqqında bildiriş təqdim olunan zaman ona bəlli olmuşdur ki, 2019-cu ilin avqust ayı üçün onların ünvanına 237,6 manat dəyərində borc yazmışlar. Bu borcun hardan və necə yaranması barəsində araşdırma aparmağa başlamışlar və Cavabdeh-nin Quba Xidmət Sahəsinə müraciət etmişdir ki, 237,6 manat qaz sərfinin necə yarandığını müəyyən etsin. O, Quba ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Cavabdeh-nin xidmət şöbəsindən tələb olunan sənədlərin bir surətini götürmüş, sənədləriaraşdırdığı zaman bəlli olmuşdur ki, bu borc onlar üçün Metrologiya Departamenti, sayğacların müayinəsi laboratoryasının Qaz sayğacının yoxlanılması haqqında 29/1710-02209 saylı akt rəyinə əsasən (orada qeyd olunmuşdur ki, G-4 markalı, ******* saylı sayğacın hesablanma mexanizminin qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilmişdir) və avqust 2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt üzrə yazılmışdır. G-4 markalı, ******* nömrəli sayğac yaşadığı Quba rayonu, İ Nügədi kəndində evinə quraşdırılmış istifadəsində olan qaz sayğacı üçün "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı akt tərtib edərək növbədən kənar dövlət yoxlamasına göndərmək məqsədilə xəttən ayıraraq əvəzində G-4 markalı yeni savğac quraşdırmışdırlar. xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktda "... sayğacın hesablama mexanizıminin qoruyucu qapağının alt hissəsi kəsici alətlə deşilmişdir” kimi yazı qeydi aparılmışdır. Əgər həqiqətəndə ******* saylı aktı tərtib edən şəxslər bu qüsuru aşkar etmişdilərsə, hər ay Cavabdehninəməkdaşları (qaz paylayıcının əməkdaşı olan "nəzarətçilər") sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizimində qeyd olunan hesabat əsasında ona bildiriş təqdim edən zaman bu qüsuru görməli idilər. Həmin aktı abonent olaraq imzalamalı olduğu qrafada “imtina etdi” qeydi aparılmışdır, halbuki onun bu aktın tərtibindən xəbəri olmamışdır. Sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilmiş olsaydı, ******* saylı akt tərtib olunduğu zaman açılan sayğacın üzərinə vurulmuş plomba müdaxilə olunduğu barəsində qeyd aparılmış olardı. Quba XS-in əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilmişdir. Həmin sayğac qaz xəttinin üzərinə quraşdırıldıqdan sonra, kənardan heç bir müdaxilə əsasında zərər görməmişdir. Sayğaca onlar tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Göstərilən sayğac abonentə məxsus ərazidə deyil, küçədə quraşdırilmış və onun qorunması qaz paylayıcının vəzifəsinə aiddir. O, vicdanlı istehlakçı olaraq mütəmadi halda sərfiyyata görə pul ödəmiş, bu sərfıyyatları da mövsümə görə daim dəyişkən olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim olunmuş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Cavabdeh X4 RQİİ-nin Quba XS ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarmışlar. Dövlət yoxlamasından keçirilmiş G-4 markalı, ******* nömrəli qaz sayqacının texniki vəziyyəti ilə bağlı tərtib edilmiş rəydən görünür ki, sayğacın hesablama mexanizıminin qoruyucu qapağının alt hissəsi kəsici alətlə deşilmişdir. Həmin rəy əsasında tərtib olunmuş akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 2376 kubmetr və ya 237,60 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Bu hallar kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 321 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yaşayır. Yenə işdə olan xx.xx.2019-cu ij tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktdan görünür ki, ******* saylı sayğacın hesablanma mexanizminin qoruyucu qapağının alt hissəsi desici alətlə deşilmişdir. Yenə də işdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, G-4 markalı, ******* nömrəli sayğac növbədən kənar dövlət yoxlamasına göndərmək məqsədilə xəttən ayıraraq əvəzində G-4 markalı yeni sayğac quraşdırmışdır. İşə əlavə edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2376 m3 təbii qaz sərfiyyatı müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, abonent İddiaçı 2019-cu ilin avqust ayı üzrə akt əsasında 237,6 manat məbləğində qalıq borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapellyasiya şikayətitəmin edilməməli,Quba Rayon Məhkəməsinin 2(027)-1011/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac kənar müdaxilə nəticəsində istismara yararsız kimi qiymətləndirilmiş və yeni sayğacla əvəzlənmişdir. İtirilmiş qazın bərpası üçün 237,60 manat məbləğində ödəniş abonentdən tələb edilmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Beləliklə, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən qarışqaların sayğaca daxil olduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X9 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1011/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar