Məhkəmə qərarları › İş №2(105)-2413/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2413/2020

17.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2413/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-830/2020 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-830/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı **********03300 saylı abonent hesabına hesablanmış 2448 m³ qazın dəyəri olan 244,80 manat məbləğində borc pulun onun abonent hesabından silinməsi qət edilmiş, Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 244,80 manat məbləğində borcun onun **********03300 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Vladimirovka kəndindəki yaşayış evi və altındakı torpaq sahəsi ona məxsusdur. Cavabdeh İstehsalat Birliyi ilə bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh İstehsalat Birliyinin əməkdaşları onun istifadəsində olan ******* saylı qaz sayğacına baxış keçirərək, qaz sayğacının istismar müddətini başa vurduğunu, lakin sayğacın heç bir qüsuru olmadığını bildirərək, qaz sayğacının çıxarılması barədə ******* nömrəli akt tərtib edərək köhnə sayğacı çıxarıb **********4 saylı yeni sayğac quraşdırmışdılar. Bir müddətdən sonra Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yaşadığı ünvana gələrək çıxarılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulmuş zavod plombunun qırılmasını və ona 244 manat 80 qəpik cərimə hesablandığını bildirdilər. O, yeni sayğac üzrə də istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Onun heç vaxt qaz borcu olmadığına görə sayğaca müdaxilə etməyə də heç bir ehtiyacı olmamışdır. 2019-cu il üçün Cavabdeh İstehsalat Birliyi tərəfindən ona gələn bildiriş-xəbərdarlıq qəbzlərində onun istifadə etdiyi qazın borcu göstərilmiş, başqa borc göstərilməmişdir. O, cərimə ilə razılaşmır, bu barədə akt əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Gecə vaxtı və ya o və ailə üzvləri evdə olmadığı vaxt sayğaca kənar şəxslər tərəfindən də müdaxilə edilə bilər. Cavabdeh X2 X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnaməsi ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 244,80 manat məbləğində cərimə onun **********03300 saylı abonent hesabından silinməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı əsassız mülahizələri əsasında Quba Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, Cavabdeh İstehsalat Birliyi tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. Cavabdeh X2 RQİİ-nin Quba XS ilə bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ******* saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulmuş zavod plombunun qırılması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 2448 m3 və ya 244,80 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı həyətinin çöl tərəfində, küçədə quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma burosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndi, Vladimirovka küçəsində yerləşən iki mərtəbəli, üç otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında Quba rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1988-ci il tarixli, 08/08 saylı qərarı ilə İddiaçı adına 321 nömrəli reyestr kitabında qeydə alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx xxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən evə quraşdırılmış qaz sayğacı çıxarılmış və yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən evə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombu kəsilmişdir. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən ev üzrə (abonent kodu **********03300)) itirilmiş qazın sərfiyyatı 2448 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı (abonent kodu **********03300) akt üzrə borcu 244,80 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus olan evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Cavabdeh X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğaca kənar müdaxilənin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sayğac müvafiq laboratoriyaya göndərilmiş, baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod plombunun kəsildiyi aşkar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında xx xxxxxxx 2017-ci il tarixli, 21874/10.17 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-830/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar