Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2415/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10.04.2018-ci il tarixli, ******* №-li akta əsasən 3078 kubmetr qaz sərfiyyatına görə hesablanmış 615,60 (altı yüz on beş manat altmış qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilmsi qət edilmişdir (hakim A.M.Behbudova). Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan Bağları ünvanında yerləşən, 1 saylı evin, 300-cü mənzili (cavabdeh tərəfindən tərtib edilən aktlarda fərdi evin ünvanı bu cür göstərilmişdir) onun faktiki istifadəsindədir. “Azəriqaz” İBnin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 10 aprel 2018-ci il tarixli, ******* №-li akt tərtib olunmuş və sözügedən aktda “plomb olmadığı üçün sayğaca yeni plomb vuruldu” qeyd olunmuşdur. “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” 10.04.2018-ci ildə, ******* №-li akt tərtib edilmiş, akta əsasən ona 615,60 manat cərimə hesablanmışdır. Fərdi evinə təbii qazın verilməsi dayandırılmasa da qaz kartına vurulan məbləğ borc kimi kartın hesabından silinir. O cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişəm və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Bundan əlavə cavabdeh tərəfindən quraşdırılmış smartkart tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğacı fərdi evin bayır divarında yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o günahkar deyil. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş akta əsasən qaz sərfiyyatına görə abonent saldosunda göstərilən 615,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir.“ Azəriqaz “ İstehsalat Birliyinin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayıq evinə baxış keçirilmiş, müvafiq akt tərtib olunmuş, aktda qeyd olunan nöqsan kimi sayğacın qayka plombun qeyd olunmuşdur. İddiaçı cavabehlə bağlanmış müqavilə əsasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədəmüqavilə əsasında təbii qazdan istifadə edir. Cavabdehin XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə protokol tərbi olunmuşdur. Göründüyü kimi sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımışdır. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazm alqf-satqısı barədə müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsinin əyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəvə məsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.04.2018-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının mənzilində sayğacın plombunun məftili korroziyadan qırılmış, ona görədə yeni plomb vurulmuşdur. İş materiallarında olan 20 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 10.04.2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 3078 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 10.04.2018-ci il tarixli aktın surətindən görünür ki, 10.04.2018-ci il tarixdə İddiaçı ünvanında qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın qayka plombunun olmaması aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 615,60 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinəəsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, plombunun qırılmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, sayğac iddiaçının yaşadığı evin bayır divarında quraşdırıldığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna hesablanmış 615.60 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 615,60 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Bundan əlavə iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3325/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2415/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2415/2021
11.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver