Məhkəmə qərarları › İş №2(105)-2415/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2415/2022

19.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2415/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının hüquqi varisi: X7, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili: X10, Cavabdeh: Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili: Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi G.Ə.Novruzova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X5 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna (bundan sonar-cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini üçüncü şəxs kimi göstərməklə) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, iddiaçının həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllə, ev 109-da yerləşməklə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 2006-cı il tarixli sərəncamına əsasən onun mərhum oğlu X5 adına qeydə alınmış və onun adına xx.xx.2006-cı il tarixdə çıxarış verilmişdir. O, həmin evdə 1971-ci ildən yaşayır. Oğlu Əlibəy xx.xx.2010-cu ildə dünyasını dəyişmişdir. O, həmin evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olmuşdur. Belə ki, artıq uzun illərdir ki, o, yataq xəstəsidir və oğlunun - miras qoyanın ölümündən sonra da bu evdə fasiləsiz olaraq yaşamaqla mirası faktiki qəbul etmişdir. Lakin cavabdehlər onun xəbəri olmadan Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, 2V-1810 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamə - vərəsəlik haqqında şəhadətnamə və 3m-1174 reyestr nömrəli 2012-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında bu evi öz adlarına rəsmiləşdirmiş və Cavabdeh1 7/20 hissədə, Cavabdeh2 7/20 hissədə və Cavabdeh3 6/20 hissədə payı tanınmaqla adlarına çıxarış verilmişdir. Halbuki, cavabdeh Sumqayıt şəhər 3 saylı DNK bu sənədləşmələri apararkən onun da miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi kimi cəlb etməli idi. Çünki o da digər vərəsələr kimi həmin miras əmlakdan pay tələb etmək hüququna malikdir. İddiaçının hüquqi varisi məhkəmə iclasında iddianın həcminin artırılması barədə ərizə təqdim edərək ərizəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X5 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, iddiaçının həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının hüquqi varisi G.Ə.Novruzova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun məhrum anası İddiaçı mülk üzərində vərəsəlik hüquqlarına təminət verməmiş, bir vərəsə kimi onun əldə etdiyi hüquqlarını pozmuşdur. Halbuki, işdə olan sənədlər və sübutlar onun iddia tələbinin tam əsaslı olmasını dəlalət edir. Qeyd edilən evdə 1971-ci ildən iddiaçının məhrum anası yaşamışdır. Məhkəmə işə baxarkən MPM-nin 8.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İşdə olan sənədlər və sübutlar iddia tələbinin tam əsaslı olmasına dəlalət edir. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(060)-445/2021 saylı qətnaməsini ləğv etməklə, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının hüquqi varisi G.Ə.Novruzova, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh1, onların və digər cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətin dəlillərini qəbul etmədilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Sumqayıt şəhəri 3 saylı DNK-nun notariusu məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Ə.Məmmədova, İ.Ə.Saqiyeva və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli evin Ə.Novruzovun mülkiyyətində olmasına, sonuncu sağlığında mübahisə olunan evi cavabdehlərə vəsiyyət etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varisi G.Ə.Novruzovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İddiaçının hüquqi varisi xx.xx.1965-ci ildə anadan olmuşdur. Cavabdeh2 xx.xx.1986-cı ildə, Cavabdeh1 isə xx.xx.1981-ci ildə anadan olmuşlar. Onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh3 xx.xx.1955-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən X8 iddiaçı ilə xx.xx.1949-cu ildə rəsmi nikaha daxil olmuşlar. Ölüm haqqında şəhadətnaməyə əsasən Ə.Ə.Novruzov xx.xx.1978-ci ildə vəfat etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllə, ev 109 (bundan sonra-mübahisəli ev) üzərində X6 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnaməyə əsasən Ə.Ə.Novruzov xx.xx.2010-cu ildə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-1811 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1810 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli miras payın bağışlanması əsasında mübahisəli ev mülkiyyət hüququ üzrə 7/20 hissədə, Cavabdeh1, 7/20 hissədə Cavabdeh2, 6/20 hissədə Cavabdeh3 adına qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Notariat işində olan sənədlərlə müəyyən edilir ki, Ə.Novruzov mülkiyyətində olan mübahisəli evi Cavabdeh2 və Cavabdeh1 vəsiyyət etmişdir. İşə əlavə olan nikah haqqında şəhadətnaməyə əsasən Ə.Ə.Novruzov xx.xx.1979-cu ildə Cavabdeh3 ilə nikaha daxil olmuşlar. xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən hər biri 7/20 hissədə pay almalıdırlar. Məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə dair ekspert rəyininin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixli vəsiyyətnamənin kserosurətində “İmza: Novruzov Ə” yazıları qarşısında əks olunmuş imzanın X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (1145). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır(1146). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (1166). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (1167). Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir (1168). Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür (1170.1.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (1180.2.). Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlıgının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki qanunvericilik normalarında mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilib göstərilib. Belə ki, Mülki Məcəlləsinin 1243-cü maddəsinə uygun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldıgı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Həmçinin, qəbul edilmiş miras onun açıldıgı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təstiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vəvəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normao təsərrüfatın aparılması üçün etmiş olur. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirası qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göründüyü kimi, Ə.Novruzovun 27 iyun 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açıldığı və cavabdehlərin adlarına həmin əmlaka dair 13 noyabr 2012-ci il tarixli «Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüquq haqqında» Şəhadətnamələr verildiyi halda, iddiaçı həmin Şəhadətnamənin etibarsızlıgına dair iddia ilə məhkəməyə 7 ildən sonra, yəni 20 avqust 2020-ci il tarixdə müraciət edib. Apellyasiya instansiya məhkəməsi «Vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas oldugunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquq etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəcisi müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdıgı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixi Qərarı). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının hüquqi varisi X3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 avqust 2021-ci il tarixli 2(060)-445/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar