Məhkəmə qərarları › İş №2(105)-2419/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2419/2021

24.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2419/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdehnə qarşı aktın etibarsız hesab olunması və borcun silinməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)- 1909/2021 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-1909/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 34 ünvanına quraşdırılmış X2 adına tərtib edilmiş abonent kodu **********20000 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 29.12.2019-cu il tarixli ******* saylı akt ləğv edilmiş, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 34 ünvanına quraşdırılmış İddiaçı adına tərtib edilmiş abonent kodu **********40630 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 26.12.2019-cu il tarixli ******* saylı akt ləğv edilmiş, İddiaçı 29.12.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmiş 216 manat cərimə və 26.12.2019-cu il tarixli ******* saylı aktla əsasən hesablanmış 216 manat cərimə məbləğlərinin əsassız olduğundan hər iki abunə hesabından silinməsi qət olunmuşdur. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-1909/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayon Xırdalan şəhərində yaşayır. 29.12.2019-cu il tarixdə onun və anasının adına olan qaz sayğacları dəyişilmiş, yeni sayğac qoyulmuşdur. Sayğaca onlar tərəfdən heç bir müdaxilə olunmamışdır ki, bu hal aktlarda da öz əksini tapmışdır. Belə ki, aktlarda sayğacların korroziyaya uğradığı qeyd olunmuşdur. Eyni zamanda onlara məxsus mənzilə quraşdırılmış sayğaclar mənzildən kənarda küçədə quraşdırılmışdır ki, zaman-zaman da yağışlı, küləkli havanın təsirinə məruz qalırdı. 2010-cu ildə quraşdırılmış sayğacların işləmə müddəti 5 ildir. Həmin ilin tamamında isə Azəriqaz İB nümayəndələri təmənnasız gəlib dəyişməli olmalarına baxmayaraq 9 ildən sonra sayğacı dəyişmiş, üstəlik də korroziya barədə yazaraq rəhmətlik anasının və onun adına olan sayğaclar üçün hər birinin adına 216 ( iki yüz on altı ) manat cərimə yazılmış və bir ilin tamamında onlara məlumat verilmişdir. Eyni zamanda, sayğaclar dəyişiləndə onların iştirakı olmamışdır. Maraqlı olan isə onun və rəhmətlik anasının adına yazılan cərimənin eyni olmasıdır. Belə ki, 216 manat onun adına, 216 manat da anasının adına yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa Cavabdeh İstehlak Birliyinin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquqverən müvafiq normativ hüquqi adların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin, sayğacdan istifadə etdiyi dövrlərdə hər ay pul ödəmiş və qazdan istifadə etmişdir. Göründüyü kimi mövcud qanunvericilik istehlakçı tərəfindən istehlak olunan təbii qazın dəyərinin düzgün hesablanmamasına görə mülkiyyətin bilavasitə paylayıcının üzərində olduğunu müəyyən etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh İB qızı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, X4 mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilikdə 432 manat dəymiş ziyan hesablanmışdır. Bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8’ nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi" təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş, yerli baxış həyata keçirməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbləri barədə məlumat vermədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının rəyini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, onun barəsində tərtib edilmiş 29.12.2019-cu il tarixli aktda evinin ünvanı kimi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi kimi göstərilsə də onun evi tamamilə əks tərəfdə, yəni Xırdalan şəhərinin kənd hissəsində, mərhum anası ilə eyni həyətdə yerləşir. X1 11.06.2020-ci ildə vəfat edəndən sonra həmin ev də onun tərəfindən miras kimi qəbul edilmiş, ev onun sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan Abşeron RPİ tərəfindən verilmiş AZE seriyalı ******** saylı, 24.09.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi, ev 34 ünvanında qeydiyyatdadır. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2020-ci il tarixli, AZ-İİ № 092355 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 20.05.2020-ci il tarixdə serebral ateroskleroz xəstəliyindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 475 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Yenə iş materiallarında olan 29.12.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, G-4 markalı, MSR**********80 saylı rəyə əsasən 1202AQ********** saylı sayğacın klapanı işlək olmadığı və yivli birləşmələrin korroziyaya uğradığı müəyyən edilmiş və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İşə əlavə edilmiş 29.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilmiş, 29.12.2019-cu il tarixli, ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (4x6x90=2160 m3 ) ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, X2 adına olan abonent kodu **********20000 olan, ailə tərkibi 4 nəfər olan - ünvan 2 ünvanında 26.07.2019-cu il tarixdə Smart G-4 X10 tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ4)(1/1).Samovar (1/1) Qızdırıcı radiator peçi (2/2), Dəmir peçi(3/3) abonentin borcu 216,00 manat hesablanmışdır. Yenə iş materiallarında olan 26.12.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, G-4 markalı, 1202AQ********** saylı sayğacın plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı adına olan abonent kodu **********40630 olan, ailə tərkibi 3 nəfər olan - Abşeron rayonu, Quşçuluq massivi ünvanında 26.07.2019-cu il tarixdə Smart G-4 X10 tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Kombi (1/1) abonentin borcu 216,00 manat hesablanmışdır. İşə əlavə edilmiş ev kitabının(domovaya kniqa) surətindən görünür ki, mərhum X3 ilə İddiaçı eyni ünvanda, ünvan 4r. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evlərinə quraşdırılmış qaz sayğaclarına baxış keçirilmiş, sayğacların korroziyaya uğradığı qeyd olunmuş və yeni sayğacla əvəzlənmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu Qərarın 5.2-ci bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smartkart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Beləliklə, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən sayğacın yararsız hala düşməsini əsas gətirsə də (halbuki, aktda belə hal qeyd edilməyib), məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eləcə də, işdən göründüyü kimi cavabdeh İddiaçı məxsus yaşayış evinin ünvanı Xırdalan şəhəri, M.Adıgözəlov küçəsi 34 olduğu halda, onun barəsində tərtib olunmuş aktda ünvan kimi Xırdalan şəhəri Quşçuluq yaşayış massivi göstərilmişdir. Başqa sözlə, başdansovdu tərtib edilmiş aktları etibarlı sənəd, mötəbər sübut hesab etmək olmaz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda sadalanan normativ hüquqi aktın tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)- 1909/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar