Məhkəmə qərarları › İş №2(105)-244/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-244/2025

08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-244/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair iş üzrə QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 15 fevral 2001-ci ildə QUBA rayon Birinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş, 4-Ə-9 reyestr nömrəsi ilə qeyd olunmuş, QUBA şəhəri, 29-cu məhəllədə yerləşən yarımçıq tikilinin X5 tərəfindən ona satılması barədə alqı-satqı müqaviləsində göstərilən alqı-satqı faktının hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçinın ərizəsi hüquqmüəyyənedici sənədlərin itirilməsi və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü barədə deyildir. Buna görə də mülki qanunvericiliyin tələbinə əsasən hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadından Ərizəçi şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, qərardadda iddia ərizəsinin geri qaytarılmasının əsası kimi Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsaslanmaqla, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilməməsi səbəb göstərilmişdir. Lakin qərardadın əsaslandırıcı hissəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edir ki, 15 fevral 2001-ci ildə o, QUBA rayon Birinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilərək, 4- Ə-9 reyestr nömrəsi ilə qeyd olunmaqla, alqı-satqı müqaviləsi əsasında X1 QUBA şəhəri, 29-cu məhəllədə yerləşən yarımçıq tikilini satın almış, lakin hal-hazırda məlum olmuşdur ki, 15 fevral 2001-ci ildə QUBA rayon Birinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş, 4-Ə-9 reyestr nömrəsi ilə qeyd olunmuş alqı-satqı müqaviləsi X2 aşkar olunmur. Bildirir ki, bütün sənədlər QUBA rayon Birinci Dövlət Notariat Kontoru və onun sonrakı hüquqi varisləri tərəfindən Maraqlı şəxsnə və X3 təhvil verilməli idi. Göstərilən müqavilənin X3 təhvil verilmiş müqavilələrin içində olmaması və müqavilənin qeydə alındığı reyestr nömrəsi ilə başqa müqavilənin rəsmiləşdirilməsi notariat orqanlarının səhvidir və burada onun heç bir təqsiri yoxdur. Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarının alqı-satqısını təsdiq edən sənəd olan alqı-satqı müqaviləsinin hüquqi statusu yuxarıdakı səbəblərdən məhkəmə qaydasında təsdiq olunmalıdır. 2001-cü ilin frevral ayında Dövlət Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə təsbit olunmuş mülkiyyət hüquqları əslində şübhə altına alına bilməz. Belə olduğu halda, dövlət orqanının – yəni Dövlət Notariat Kontorunun təqsiri üzündən mənim qanuni əsaslarla rəsmiləşdirdiyim alqı-satqı müqaviləsinin hal-hazırda qeydiyyatda olmaması ona bildirilirsə və o, heç bir başqa yolla bu alqı-satqı müqaviləsini qüvvəyə mindirib, ondan istifadə edə bilmirsə, həmin alqı-satqı faktını təsdiq edən lazımi sənədləri başqa qaydada heç bir orqandan ala bilmirsə, məhkəməyə müraciət etməlidir. Hakim qərardadda MPM-nin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxılmasından bəhs edir və ərizənin geri qaytarılmasını bu predmetlə əlaqələndirir. Lakin onun ərizəsinin predmeti alqı-satqı müqaviləsində göstərilən alqı-satqı faktının hüquqi əhəmiyyəti olan fakt kim məhkəmə qaydasında müəyyən olunması barədədir. MPM-nin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da baxılması göstərilir. Ərizəyə bu maddəyə əsasən baxılmalıdır. Bu özü işin xüsusi icraat qaydasında baxılmalı olmasını sübut edir. QUBA Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 06 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbinin hüquqmüəyyənedici sənədlərin itirilməsi və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü barədə olmadığını əsas gətirərək, hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilmədiyini qeyd etsə də ərizəin icraata qəbulundan imtina etməmiş, iddia ərizəsini geri qaytarmışdır. Eyni zamanda məhkəmə ərizəçiyə izah etmişdir ki, ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ziddiyyətli olmaqla, prosessual qanunvericiliyin tələbinin pozulması ilə çıxarılmışdır. Belə ki, ərizəyə məhkəmədə baxılmalı olmaması ərizənin geri qaytarılması üçün deyil, ərizənin qəbul edilməsindən imtina olunması üçün əsas hesab olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi ərizəçi 15 fevral 2001-ci ildə QUBA rayon Birinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş, 4- Ə-9 reyestr nömrəsi ilə qeyd olunmuş, QUBA şəhəri, 29-cu məhəllədə yerləşən yarımçıq tikilinin X5 tərəfindən ona satılması barədə alqı-satqı müqaviləsinə istinad edib, həmin müqavilənin Dövlət Notariat Arxivində aşkar olunmadığına əsas gətirərək həmin müqavilədə göstərilən alqı-satqı faktının müəyyən olunmasını xahiş etmişdir. Lakin, ərizəçinin məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsinin surətindən onun hansı notariat kontorunda bağlanması və notariusun həmin müqaviləni təsdiq edib-etməməsi müəyyən edilməməklə, əksinə həmin müqavilənin sadə yazılı formada bağlanması müəyyən edilməkdədir. Məhkəmə kollegiyası hazırkı ərizəyə məhkəmədə baxılmalı olmamasına dair əsaslara münasibətdə isə qeyd edir ki, ərizəçi həqiqətən də alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqləndiyini iddia etdiyi halda həmin müqaviləni daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq orqana təqdim etməklə hüquqlarının qeydiyyatının aparılmasını tələb edə bilər. Hüquqların qeydiyyatından imtina edildiyi təqdirdə isə satıcını üçüncü şəxs qismində cəlb etməklə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana qarşı inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququ da istisna olunmamaqdadır. Bundan başqa qeyd olunur ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməli olmasını, yəni satıcı ilə alqı-satqıya dair aralarında mübahisənin olduğunu hesab etdiyi təqdirdə isə satıcını cavabdeh qismində işə cəlb etməklə, mülki məhkəmə icraatı qaydasıda alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna olunmamaqdadır. Həmçinin, qeyd olunmalıdır ki, ərizəçinin tələbi hüquqmüəyyənedici sənədlərin itirilməsi və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü, eləcə də daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi barədə də olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 06 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. QUBA Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 06 noyabr 2024-cü il tarixli, 2(027)-2951/2024 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar