Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2446/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi İ.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «Azəriqaz» İB Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 211,69 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə 457,69 manat tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi 30.10.2020-ci il tarixli 09/6012 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana "Azəriqaz” İBnin Sumqayıt QİS tərəfindən **********10040 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 04.06.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış G-4 markalı, 1202AQ**********5 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarıİmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-02488-1 nömrəli rəyinə əsasən 20107044 №-li plomb kəsilərək G-4 SM/6457 saylı quru açılmış, sayğaca baxış keçirilmişdir, sayğacın klapanı işlək deyil, yivli birləşmələrində korroziya izi mövcuddur, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 216 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 211,69 manat, ümumilikdə 427,69 manat abonentdən tələb edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulmasını nəzərə almamışdır. İddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-1392/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, sökülməsi tələb olunan əmlakın qanunla müəyyən edilmiş tələblərinə inşa edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi İ.R.Mirzəyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Qaz paylayıcısı (paylayıcı) ilə sənaye qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə 30.10.2020-ci il tarixli 09/6012 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. “Azəriqaz” İB Sumqayıt QİS-nin xəbərdarlıq məktubundan görünür ki, G-4 markalı, 1202AQ**********5 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün ‘İnformasiya Texnoligiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları va Rabitə İdarəsinın MSK-29/1710-02488-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 216 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 211,69 manat borc yaranmışdır. 20.08.20202-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanına aid qaz sayğacına baxış zamanı sayğacın klapanı işlək deyil, yivli birləşmələrində korroziya izi mövcuddur, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanına aid **********10040 nömrəli abonent hesabına akta görə 216 manat borc hesablanmışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti qaz paylayıcısı olan iddiaçı təşkilat daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə istehlakçı-cavabdeh barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında iddia edilən məbləğ abonentdən (istehlakçıdan) tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-1392/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2446/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2446/2021
02.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver