Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-247/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması qət edilmişdir.(hakim E.Hüseynov) Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 77,90 (yetmiş yeddi manat, 90 qəpik) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 5827,90 (beş min səkkiz yüz iyirmi yeddi manat, 90 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 23:00-da Bakı- Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh1 məxsus və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus və onun tərəfindən idarə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymiş, sürücüsü isə yüngül dərəcəli bədən xəsarəti almışdır. “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar BİTİ-yə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İTŞ tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən, hadisədə “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün material aidiyyəti üzrə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-602/2021 nömrəli Qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 09 ay müddətinə məqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat nişanlı avtomobilə 5260 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Həmçinin iş üzrə MTE və PAB publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli rəyə əsasən 1991-ci il təvəllüdlü X2 aldığı xəsarətlər xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, habelə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla əlaqədar olaraq, iş üzrə 1118 və 2995 nömrəli sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X3 ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərə görə 5000 manat, sağlamlığına dəyən zərərə görə 750 manat olmaqla cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdehlərin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin məzmunu bir-birinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinə istinad etməklə hesab etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmək qanuna zidd olmaqla inzibati xəta tərkibi yaradır. Məhkəmə burada qanunun müddəasını düzgün təhlil etməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, hüquqi təyinatı və məqsədi baxımından “Etibarnamə” etibar edənin yazılı şəkildə bildirmiş olduğu “əqd”-in ifadə ünsürü, formasıdır. Mübahisə olunan iş üzrə cavabdehlər ata və oğuldur, həmçinin bir yerdə yaşamaqla birgə təsərrüfat aparırlar. Onlar mübahisəyə səbəb olan “Mercedes Benz” markalı, 90FL 384 dövlət qeydiyyat markalı avtomobili də birlikdə istifadə etmişlər; hətta Yaşar Qəniyev atası Cavabdeh2 həmin avtomobilə dair etibarnamə də vermiş, lakin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə, baş vermiş hadisədən 1 gün əvvəl bitmiş, Qəniyevlər isə onun müddətinin bitməsindən xəbərsiz olmuşlar. Bununla belə, etibarnamənin müddətinin bitməsi də fərqli (iddianın əsaslı olduğu) qənaətə gəlmək üçün əsas deyildir. Çünki cavabdehlər arasında həmin avtomobildən istifadəyə dair “əvəzsiz istifadə” müqaviləsi olmuşdur. Yekun olaraq Cavabdeh2 həmin maşından istifadə etməsi maşının əsl sahibi olan Cavabdeh1 iradəsi daxilində olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 şikayətə etiraz edərək bildirdi ki, iddia tələbi tam qanuni və əsaslıdır. Məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmış və düzgün nəticəyə gəlmişdir. Şikayət tam formal xarakter daşıyır. Qətnamənin ləğvi üçün heç bir maddi və prosessual əsas yoxdur. Göstərilənlərə əsasən şikayətlərin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında xx.xx.2020-ci il tarixli, PDS********** nömrəli müqavilədən görünür ki, “TOYOTA PRİUS” markalı, 99–VA–350 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-cİ ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmışdır. Yenə iş materiallarında olan Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1118 saylı aktdan görünür ki, zərərlə bağlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 5000 manat təşkil edir. Mülki işə əlavə edilmiş Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2995 saylı aktdan görünür ki, zərərlə bağlı X1 dəymiş maddi ziyanın ümumi məbləği 750 manat təşkil edir. Yenə mülki işdə olan xx.xx.2021-ci il tarixli, 7011 nömrəli ödəniş qəbzindən görünür ki, baş vermiş sığorta hadisəsi üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X3 5750 manat sığorta ödənişi edilmişdir. İşə əlavə edilmiş Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Rauf Cəfərovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Gülsüvar oğlu barədə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-in 327.8 və 332.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qəniyev X4 Yaşar Arif oğluna məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi nəticəsində X1, ona məxsus və onun tərəfindən idarə olunan “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5750 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya qaydasında cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, narazı qalan cavabdehlər isə iddiaçının subraqasiya hüququnun yaranmadığını bildirərək apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülk Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmçinin, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14.2 və 14.2.5-ci maddələrinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi onun yüngül xəsarət alması halında sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Xİİİ-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə,bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Həmin Qanunun Xİİİ-İ-ci bəndinə əsasən- Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə cavabdehlər məsuliyyət daşıyır və işin hallarına uyğun olaraq zərərin əvəzi onlardan tutulmalıdır. Qeyd edildiyi kimi cavabdeh Qəniyev X4 Yaşar Arif oğluna məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə Bakı-Quba yolunda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “MERCEDES BENZ C230 MİNİK” markalı, 90FL384 dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat avtomobilə dəymiş ziyan, 750 manat zərərlə bağlı X1 dəymiş maddi ziyan olmaqla, ümumilikdə 5750 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh2 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar cavabdehlər zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zəzərin əvəzinin cavabdehərdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili Cavabdeh2 Cavabdeh1 tərəfindən sonuncuya məxsus “TOYOTA PRİUS MİNİK” markalı, 99VA350 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamənin müddətinin bitməsi və həmin avtomobilə dair onlar arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin (həmin müqavilənin müvafiq dövlət orqanında qeydiyyatdan keçməsinə dair iş materiallarında məlumat yoxdur) olmasından ibarətdir ki, bu hallar qeyd olunan sığorta hadisəsinə dair sığorta ödənişi ilə əlaqədar yaranmış subroqasiya hüququnu aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər apellyasiya şikayətlərinin əsaslarına dair istinad etdikləri halları sübut edə bilməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədikləri dövlət rüsumu özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(060)-4068/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədikləri dövlət rüsumu özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-247/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-247/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver