Məhkəmə qərarları › İş №2(105)-2474/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2474/2021

15.07.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2474/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-1314/2021 saylı qərardadından Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-1314/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Samir Məmmədov) İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya şöbəsinə, “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh4 qapalı səhmdar cəmiyyətinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hərrac hərəkətlərinin etibarsız sayılaraq nəticələrinin ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin üzərinə həbsin qoyulması və torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi, qərardadın dərhal icra olunması qərara alınmış, Cavabdeh4 qapalı səhmdar cəmiyyəti qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Quba rayon İcra və probasiya şöbəsinə, “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh4 qapalı səhmdar cəmiyyətinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, “Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həyata keçirilmiş hərrac hərəkətləri nəticəsində ortaya çıxan bütün hüquqi nəticələrin ləğv olunması, Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin adına verilmiş ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 29.01.2019-cu il tarixli mütəxəssis rəyinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin adına verilmiş ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin üzərinə həbs qoyulması, işin mahiyyəti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxana qədər göstərilən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyulması, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzrə hər hansı bir əməliyyatın həyata keçirilməsi sonradan həmin mülkiyyətin geri qaytarılması ilə əlaqədar əlavə xərclərə səbəb ola bilər və tərəflər arasında yeni məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh4 qapalı səhmdar cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iddianı təmin tədbiri barədə ərizə rədd edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2020-ci il tarixli, 2(105)- 520/2020 saylı məktubu ilə məhkəmənin 07.07.2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra vərəqəsi icra olunması üçün həm Xaçmaz rayon İcra və probasiya şöbəsinə, həm də Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və bu barədə bütün tərəflərə də məlumat göndərilmişdir. İcra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatına sifariş verilmiş, əmlakın açıq hərracda satılması üçün hərrac keçirilmiş, keçirilmiş hərraclar baş tutmadığından, əmlak banka təklif edilmiş, cəmiyyət tərəfindən əmlak əldə edilmiş və mülkiyyətində olması barədə çıxarış alınmışdır. İddiaçının iddiasının əsası olmadığı kimi, iddianı təmin tədbiri barədə ərizənin də hüquqi əsası yoxdur. Hazırki iddianı təmin tədbirinin məqsədi gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədi daşımır. İddianı təmin tədbiri qəbul edilərkən yuxarıda qeyd edilmiş hallar, həmçinin hazırki iddianın məhkəmə perspektivi nəzərə alınmalıdır. ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin üzərində həbsin olması və əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi mülkiyyətçi kimi cəmiyyətin həmin əmlak üzərindəki hüquqlarını pozur və hazırki iddianı təmin tədbiri cəmiyyətin mülkiyyət üzərindəki hüquqlarının həyata keçirilməsinə əsassız olaraq mane olur. Hazırki iddianı təmin tədbiri isə qanunvericliyin normaları baxımından yolverilməzdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və iddianı təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 qapalı səhmdar cəmiyyəti və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı qismən, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianı təmin tədbirinə dair ərizə təmin edilməməli, qalan hissələrdə qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Quba rayon İcra və probasiya şöbəsinə, “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh4 qapalı səhmdar cəmiyyətinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, “Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həyata keçirilmiş hərrac hərəkətləri nəticəsində ortaya çıxan bütün hüquqi nəticələrin ləğv olunması, Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin adına verilmiş ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və “HEBA CONSULTİNG” məhdud məsuliyyətli cəmiyyətinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 29.01.2019-cu il tarixli mütəxəssis rəyinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin adına verilmiş ********** qeydiyyat nömrəli, 23.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin üzərinə həbs qoyulması, işin mahiyyəti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxana qədər göstərilən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyulması, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2, 158.1.1 və 158.1.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi hissəsində istisna olmaqla, qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin üzərinə həbsin qoyulması və torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməsi barədə iddianı təmin etmək tədbirinə dair ərizənin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin tədbiri kimi müəyyən hərəkətlər etmək cavabdehə qadağan edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan olunmasını iddianı təmin tədbiri barədə ərizəsində konkret qeyd etməmiş, birinci instansiya məhkəməsi də qərardadda hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsini göstərməmişdir. Halbuki məhkəmə aktının nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardad cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı qismən, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianı təmin tədbirinə dair ərizə təmin edilməməli, qalan hissələrdə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh4 qapalı səhmdar cəmiyyətinin şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-1314/2021 saylı qərardadı qismən, cavabdehlərə ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə aid hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddianı təmin tədbiri barədə ərizə təmin edilməsin. Qalan hissələrdə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar