Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2479/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1358/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1358/2021 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Cavabdeh şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1358/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(067)-1358/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-301A, kod ******* olan şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehdən maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 15.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş, Cavabdeh mülki işin inzibati xarakterli olduğunu bildirib, aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 04 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İ.M.Bayramov şikayətə etiraz edib, birinci instansiya məhkəməsinin qərardadının dəyşdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəmə məhkəmə aidiyyatıın dəyişdirilməsi barədə vəsatəti rədd etdikdə gəldiyi nəticəni Azərbaycan Respublikası İPM-nin 2,3-cü maddələrinə istinad edərək olunla əsaslandırmışdır ki, iddiaçının tələbi mülki xarakterlidir, tələb inzibati orqana qarşı yönəlməmişdir və iş aidiyyət qaydalarına müvafiq qaydada məhkəmənin icraatına qəbul edilmişdir. Vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia) ; inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstusiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. Bununla yanaşı birinci instansiya məhkəməsi göstərmişdir ki, prosessual qanunvericilikdə rayon məhkəmələri tərəfindən işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qaydası nəzərdə tutulmamışdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh verdiyi şikayətin heç bir əsası yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etmədikdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1358/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2479/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2479/2021
14.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver