Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2486/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2, X1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsilə iddia təmin edilmişdir. Qətnamədən iş üzrə Cavabdeh2 nümayəndəsi, habelə iş üzrə cavabdeh olan Cavabdeh1 vasitəsilə apelyasiya şikayəti verərək onun ləğv edilməsini, miras əmlakda onun da payının müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, mübahisə həll edilərkən qətnamə onun iştirakı olmadan çıxarılmışdır və onun mövcudluğundan xəbəri olmamışdır. Qətnamədən İddiaçı miras əmlak üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirdiyi zaman xəbər tutmuş, qətnamənin surətini 03 may 2021-ci il tarixdə məhkəmənin dəftərxanasından əldə etmişdir. Buna görə də qətnamədən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulan 1 aylıq prosessual müddətin buraxılması üzürlü hesab olunmalı, buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə (hakim A.Sadıqov) ərizə təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsilə əlaqədar Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddət bərpa olunmuşdur. Qərardaddan İddiaçı şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən qarşı tərəfin məlumatı olmuşdur. Belə ki, mübahisə mahiyyəti üzrə araşdırılarkən Cavabdeh2 bütün səlahiyyətlərini nümayəndəsi Cavabdeh1 vermişdir. Belə olan halda, onun guya qətnamədən 2021-ci ildə məlumatlı olması əsassızdır və buraxılmış müddət bərpa edilməməlidir. Göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv olunmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və iş baxılması üçün şikayətlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X6, X5 və X7 eyni məzmunlu izahat verərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, lakin onların da ata yurdundan pay istədiklərini bildirdilər. İş üzrə cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Digər cavabdehlər Xaçmaz rayonu 1 saylı Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının şikayətini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. AR MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsini Cavabdeh1 16 iyul 2017-ci il tarixdə poçt xəbərnaməsini imzalamqla almışdır. Digər Cavabdeh2 həmin məhkəmə qətnaməsini alması barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdehin apelyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi məhkəməyə 07 may 2021-ci il tarixdə daxil olmuşdur. İşdəki (i.v.70) 01 oktyabr 2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 bəzi səlahiyyətləri, o cümlədən məhkəmə qərarlarından şikayət vermək səlahiyyətini 30 il müddətinə Cavabdeh1 vermişdir. Etibarnamə iş materiallarına mübahisə üzrə qətnamə çıxarıldıqdan sonra tikilmişdir. AR MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası barədə Cavabdeh2 ərizəsində qeyd edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsini 03 may 2021ci il tarixdə məhkəmənin dəftərxanasından əldə etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, bu barədə iş materiallarında hər hansı sübut yoxdur. Halbuki, bu məsələnin araşdırılmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, qətnamənin bu tarixdən alınması təsdiq edilsə, bu zaman müddətin buraxılmasından söhbət gedə bilməz və onun bərpa olunmasına heç bir zərurət yoxdur. Bundan başqa, Cavabdeh2 digər Cavabdeh1 01 oktyabr 2016-cı il tarixli etibarnamə verməsi (məhkəmə qərarlarından şikayət vermə səlahiyyəti verilib) və məhkəmə aktının Cavabdeh1 tərəfindən 16 iyul 2017-ci il tarixdə alınması məsələsi də aydınlaşdırılmalı və yalnız bundan sonra hər hansı prosessual müddətin ötürülməsi və ya onun bərpa olunması barədə məsələyə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə ərizəyə baxarkən sadalanan halları aydınlaşdırmamış, ətraflı araşdırma aparmadan Cavabdeh2 ərizəsini təmin edərək, natamam nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kolegiyası hesab edir ki, işə yenidən baxılarkən məhkəmə tərəfindən göstərilən hallar mütləq nəzərə alınmalı, nümayəndə Cavabdeh1 səlahiyyətlərindən vaxtında istifadə etməməsinin səbəblərini, o cümlədən məhkəmə qətnaməsinin 03.05.2021-ci il tarixdə məhkəmə dəftərxanasından kimin götürməsi tərəflərin iştirakı ilə araşdırılmalı və yalnız bundan sonra ərizə üzrə tam nəticəyə gəlməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qərardad ləğv edilməli və ərizə yenidən araşdırılması üçün iş materialları həmin məhkəməyə qaytarılmaldıır. AR Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Yenə həmin Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-661/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Həmin məhkəmənin 2(067)-661/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2486/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2486/2021
15.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver