Məhkəmə qərarları › İş №2(105)-2501/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2501/2020

13.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2501/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızına qarşı birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, kompensasiyanın, digər maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, iddiaçı Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının cavabdeh İddiaçı qarşı birgə fəaliyyət haqqında müqavilənin etibarsız sayılması tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018ci il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında müqavilə”yə xitam verilməsi, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə öhdəliklə bağlı 20.000 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh “İddiaçı Nizami qızı ilə aralarında rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddiasınən təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir (hakim habil Əhmədov) Qətnamədən ilkin iddia üzrə cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilmiş hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir, İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, kompensasiyanın, digər maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, Cavabdeh müqavilə üzrə öhdəliklə bağlı 20.000 manat, çəkilmiş əlavə xərclər 10.000 manat, ödənilmiş dövlət rüsumu 30 manat, mənəvi ziyana görə 5000 manat, ümumilikdə 35.030 manat pul alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «birgə fəaliyyət haqqında müqavilənin etibarsız sayılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Nizami qızı ilə aralarında rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini, Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh Məlikli (Əkbərova) Reyhan Əbilağa qızının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə rəsmiləşdirilərkən İddiaçı sonuncunu işə götürdüyünü ona bildirmiş və qeyd olunan bu müqavilənin əmək müqaviləsi olduğunu, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün aralarında olan müqavilənin notariat orqanında təsdiq edilməli olduğunu qeyd etmişdir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqavilənin əmək müqaviləsi olduğunu zənn etdiyindən, eləcə də, həmin müqavilə notariat qaydasında təsdiq edildiyindən o, notariat orqanına etimad edərək müqavilənin hər hansı şərtini oxumadan onu imzalamışdır. O, hesab etmişdir ki, müqavilə notarial bağlandığı üçün burada əmək müqaviləsinin hər hansı şərtinin pozulması istisna olacaqdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl ona ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli pretenziya məktubunda da, fərdi sahibkar olaraq işəgötürən kimi onu işçi olaraq işə götürdüyünü qeyd etməklə aralarında öhdəlik müqaviləsi, əmək müqaviləsi rəsmiləşdirilməklə onu işçi kimi işə götürdüyünü göstərmişdir. Göründüyü kimi İddiaçı ona ünvanladığı xx xxxxxxxx 2019cu tarixli pretenziyasında Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində göstərilən və müqavilənin etibarsızlığına səbəb olmalı olan xüsusatları etiraf etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yaranmışdır, ona görə ilkin iddia üzrə cavabdehin hərəkətləri müqavilə öhdəliklərinin icra edilməməməsi kimi qiymətləndirilməli və iddia tələbinə müqavilə hüququ çərçivəsində hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd edir ki, qarşılqılı iddia ərizəsində göstərildiyi kimi Cavabdeh niyyəti İddiaçı məxsus olan gözəllik salonunda işçi kimi çalışmaq olmuş və İddiaçı da, onu məhz işçi kimi salonda işləməyə qəbul etmişdir. Həmin faktın etirafı olaraq, İddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etməmişdən əvvəl ona ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli pretenziya məktubuna nəzər saldıqda, həmin məktubda, İddiaçı fərdi sahibkar olaraq işə götürən kimi Cavabdeh işçi kimi işə götürdüyünü qeyd etməklə, aralarında öhdəlik müqaviləsi, əmək müqaviləsi rəsmiləşdirilməklə onu işçi kimi işə götürdüyünü göstərmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə şahid qismində dəvət olunmuş, qeyd edilən gözəllik salonunda adminstrator olaraq çalışan Ülviyyə Ramazanova da ifadəsində Cavabdehnm salona bir işçi kimi gəldiyini göstərmişdir. İkincisi ümumiyyətlə işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan mübahisəyə mülki müqavilə hüququ çərçivəsində qiymət verərkən, mülki qanunvericiliyin aşağıdakı müddəalarına istinad etməli olduğu halda, maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. İddiaçı Cavabdeh aldadaraq, onunla əmək müqaviləsi bağlamaq adı ilə iradəsinə zidd olaraq onunla birgə fəaliyyət adlı müqavilə rəsmiləşdirməyə nail olmuşdur. Qeyd edilən hallardan məlum olur ki, Cavabdeh arzuladığı əqdi deyil aldadılma nəticəsində onu əlverişsiz vəziyyətə salan əqdi bağlamışdır. Daha sonra birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olan İddiaçı Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlamış, həmin müqavilə ilə tərəflər mühüm şərtlər barədə razılığa gəlməklə, mülki hüquqi münasibətləri müəyyənləşdirmişlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları halda, Cavabdeh vəzifəsini həyata keçirməmiş, müqavilənin 5.1-ci bəndinə əsasən bağlandığı andan qüvvəyə minən və 3 il ərzində qüvvədə olan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi həyata keçirməyi dayandırmış, müqavilənin 2.3.6-cı bəndinə əsasən müqavilə müddəti başa çatanadək müəyyən edilmiş qaydada qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiya ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliyə əməl etməmiş və ilkin iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Bundan başqa, ilkin iddia üzrə cavabdeh Ə.Əkbərova tərəflər arasında olan müqaviləni əhəmiyyəti dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilkin iddiaçının tələbi həmin hissədə əsaslıdır, xx xxxxxx 2018-ci il tarixli “Birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməli, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə kompensasiya qismində 20.000 manat pul tutulmalıdır. İddiaçı ona dəymiş real zərər qismində Cavabdeh onun tərəfindən 10.000 manatadək vəsait sərf edildiyini qeyd edərək, həmin pulun tutulmasını tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi hazırki mübahisələndirilən qətnamədə həmin tələbi rədd edərkən qeyd edilən hissəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında ilkin idiaçının nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi cavabdehin ilkin iddiaçıya maddi ziyan vurmasını təsdiq edəcək sübut qismində təqdim edildiyindən, məhkəmə şahidin ifadəsinə Azərbaycan Respublikası MPM-nin 76-cı və 88-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək qeyd edir ki, iddia pul şəklində vəsaitin sərf dilməsi ilə bağlı olduğu üçün burada ilk növbədə ciddi hesabat blankı hesab ediləcək mühasibatlıq sənədlərinin mövcud olması zəruridir. Hansı ki, ilkin iddiaçı belə sübutlara malik deyildir. Qanunvericilikdə şahidin ifadəsi də, sübut növlərindən biri kimi nəzərdə tutulmuşdur, lakin, nəzərə alınmalıdır ki, ilkin iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir, pul vəsaitlərinin dövriyyəsi məhz ciddi hesabat blankları vasitəsilə həyata seçirilməli, mədaxil-məxaric orderləri, köçürmə sənədləri və digər bu kimi maliyyə səınədləri mövcud olmalıdır. Belə sübutlar olmadığı təqdirdə şahidin şifahi, heç bir sübuta əsaslanmayan ifadəsi ilkin iddianın həmin hissədə təmin edilməsi üçün əsas kimi qəbul ədilə bilməz. Xüsusən nəzərə alınmalıdır ki, həmin şahid hazırda iddiaçının tabeçiliyində işləyən şəxs olmaqla yanaşı, kimə, hansı tarixdə, hansı məbləğdə və ya hansı məqsədlə pul vəsaitinin verilməsinə dair məlumatlara malik deyildir. Belə olan halda, məhkəmə şahidin fadəsini mötəbər sübut növü qismində qəbul etmir və nəzərə almır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia 10.000 manat pul vəsaitinin alınmasına dair hissədə təmin edilməməlidir. MTərəflər arasında bağlanmış müqavilənin 2.2.6-cı və 2.3.6-cı bəndlərində göstərilən 20.000 manat məbləğində kompensasiya(təzminat) ödəmək vəzifəsi, real zərərə görə ödənilməli olan məbləği, mənəvi ziyana görə ödənilməli olan məbləği və ya əldən çıxmış faydaya görə ödənilməli olan məbləği özündə ehtiva etmirsə, hansı ki, həmin zərərlər ayrı məbləğlərdə tələb edilmiş və sübut olunmadığı üçün məhkəmə tərəfindən rədd edilmişdir, onda müqavilənin həmin bəndinin mülki hüquqda qarşılığı nədir və məhkəmə hansı hüquq normasının tələbləri baxımından həmin məbləğin tutulmasını qət etmişdir. Qeyd edilən məbləğin mülki hüquqda qarşılığı, Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmadır. Mülki hüquq pozuntusu üzrə zərərin əvəzinin ödənilməsini tələb etmək üçün, zərər ya real zərər olmalı, ya da əldən çıxmış fayda olmalıdır. Hər iki hal, hazırda mübahisələndirilən məhkəmə qətnaməsi ilə sübut edilmədiyindən, məhkəmə tərəfindən rədd edildiyi üçün, qeyd edilən 20.000 manat məbləğin kompensasiya (təzminat) qismində tələb edilməsi və həmin məbləğin tutulması barədə qətnamə qəbul edilməsi qanunsuz və əsassızdır. Həmin məbləğin müqavilədə göstərilməsinin əsl mahiyyəti ondan ibarətdir ki, İddiaçı ona məxsus obyektdə işləmək üçün şəxsi aldadır və onunla əmək müqaviləsi adı altında müqavilə bağlayır, həmin müqaviləni bağlayan zaman yenə də aldatma yolu ilə hərəkət edərək, müqaviləyə bir tərəf üçün icrası tamamilə əlverişsiz olan, qarşı tərəfi ağır vəziyyətə salan, bərabər hüquqlu olmayan müqavilə şərti əlavə edir və işçi həmin obyektdə qeyri-bərabər şərtlər altında işləməkdən imtina etdikdə, qeyd edilən qanunsuz nüqavilədəki bəndə istinad etməklə məhkəməyə müraciət edir və çox təəssüf ki, işə baxan məhkəmə həmin qanunsuz halı görməzdən gələrək, heç bir hüquqi əsası olmayan həmin kompensasiyanın tutulması barədə qətnamə qəbul etməklə bir tərəfin əsassız varlanmasına şərait yaradır. Qeyd olunan arqumentin əsaslılığını sübut edən digər bir hal, hazırki qətnamənin təmin edilməyən hissəsindən apellyasiya şikayətinin verilməməsi olmuşdur. Əgər həqiqətən iddiaçı maddi zərərə düşmüşdüsə, onda nə üçün həmin maddi zərərlə bağlı hissədən apellyasiya şikayəti verməmiş sadəcə müqavilədə qanunsuz şəkildə qeyd edilmiş və məhkəmə tərəfindən qanunsuz şəkildə tutulmuş təzminatla kifayətlənmişdir. Bunun səbəbi sadə və birmənalıdır. İddiaçı həmin maddi tələblərinin heç bir sübuta əsaslanmadığını özü də yaxşı bilir. Sadəcə olaraq müqavilədə nəzərdə tutulmuş qanunsuz bəndə istinad etməklə, əsassız varlanmaqdan ibarət olan niyyətini həyata keçirmək onun üçün daha əlverişldir və bu hala da, məhkəmə qətnaməsi çox təəssüf ki, hüquqi don geyindirmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə də ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı fiziki şəxs qismində sahibkar kimi fəaliyyət göstərərək “Salon de Coiffure” Gözəllik Salonunu işlədir. Salona işçi götürərkən aralarında öhdəlik müqaviləsi, əmək müqaviləsi rəsmiləşdirilməklə, həmin işçini işə götürür. xx xxxxxx 2018-ci il tarixdə fiziki şəxs kimi onunla Cavabdeh arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə, cavabdeh 3 illik müddətində həmin gözəllik salonunda makiyaj ustası kimi fəaliyyət göstərməli idi. Qeyd edilən müddətdə qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək istəmədiyi təqdirdə iddiaçının müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiya ödənilməsini ondan tələb etmək hüququ yaranır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən bir neçə ay salonda fəaliyyət göstərmiş, daha sonra həmin salonda fəaliyyət göstərməkdən imtina etmişdir. Bundan başqa cavabdehin salonda fəaliyyət göstərdiyi dövrdə onun (iddiaçı) tərəfindən ustanın reklam olunması məqsədi ilə 10.000 manatadək xərc çəkilmişdir. Belə ki, modellərə, fotoqraflara 7000 manata kimi xərc çəkilmiş, 3000 manatlıq isə makiyaj üçün ləvazimatlar alınmışdır. Cavabdeh bununla da müqavilənin şərtlərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulan müddətdən əvvəl salonu tərk etmişdir. Birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci maddəsində göstərilir ki, birinci tərəf mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 58H ünvanında yerləşən “Salon de Coiffure” Gözəllik Salonunda ikinci tərəfin bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “manikur ustası” kimi fəaliyyəti ilə məşğul olmasına icazə verir, ikinci tərəf isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində birinci tərəfə haqq ödəyir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən birinci tərəfin müqavilə müddəti başa çatanadək müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmiş qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiyasız təzminat ödəməsini ondan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.6-cı maddəsinə əsasən ikinci tərəfin, yəni cavabdehin müqavilə müddəti başa çatanadək müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmiş qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və 3 il ərzində qüvvədədir. Göründüyü kimi, cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək istəməmiş, vaxtından əvvəl çıxıb getmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa cavabdehə onun tərəfindən 10.000 manatadək vəsait sərf edilmişdir. Belə ki, ustanın reklam edilməsi üçün müxtəlif yerlərdən modellər dəvət edilmiş, onlara, eləcə də fotoqrafa xərc çəkilmişdir. Bundan başqa 3000 manat məbləğində cavabdehin istifadə etdiyi aksessuarlar, ləvazimatlar alınmışdır. Bu xərclər ümumilikdə 10.000 manat təşkil edir. Bundan başqa cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi iztirablar keçirmiş, iş fəaliyyəti ilə bağlı rejimi pozulmuş, işgüzar nüfuzuna xələl gəlmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsinin, Abşeron rayon Məhkəməsinin 2(012)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmısını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şahid qismində dindirilən X1 ifadə verərək göstərmişdir ki, İddiaçı məxsus “Salon de Coifture” gözəllik salonunda adminstrator vəzifəsində işləyir. Cavabdeh bir işçi kimi təxminən bir il bundan əvvəl salona gəlmişdir. İddiaçı Cavabdeh əl işlərini fotoqraflara çəkdirərək sosial şəbəkələr vasitəsi ilə reklam etmişdir. Sosial şəbəkələrdə izləyicilərin sayını artırmaq üçün həftəlik pul ödənişləri edilmişdir. O, İddiaçı yanında 4-5 aya yaxın işləmiş, sonra salonun “28 May” metrosu yaxınlığında yerləşən mərkəz filialında onun üçün ayrılaraq yeni təmir edilmiş və yeni avadanlıqlarla təchiz edilmiş otağa köçmüş, orada işləmişdir. Onunla birlikdə işlədiyi dövrdə Cavabdeh işinin qarşılığında pullar kassaya ödənilmiş, günün sonunda ona çatası məbləğ verilmişdir. Reklam yalnız şəkillər vasitəsi ilə olunmuş, videoroliklər çəkilməmişdir. Fotoqraflara pullar nağd şəkildə ödənilmişdir. Sosial şəbəkələrə isə bank vasitəsi ilə ödənişlər olunmuşdur. Birlikdə işlədikləri zaman Cavabdeh işə gec gəlməyinə görə İddiaçı ilə mübahisələri olurdu, müştərilər gəlib saatlarla gözləyərək narazılıq edirdilər. İş materiallarında olan İddiaçı (“Birinci tərəf”) ilə Cavabdeh (“İkinci tərəf”) arasında bağlanaraq Bakı şəhəri, 51 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə təsdiqlənmiş və reyestrdə 3M-1393 nömrəsi ilə qeyd edilmiş “Birgə fəaliyyət haqqında müqavilə”dən görünür ki, “Birinci tərəf” mülkiyyətində (icarəsində və ya digər qanuni əsasla istifadəsində olan) Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 58H ünvanda yerləşən “Salon de Coifture” gözəllik salonunda “ikinci tərəf”in bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “manikur ustası” fəaliyyəti ilə məşğul olmasına icazə verir, “ikinci tərəf” isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “birinci tərəf”ə haqq ödəyir. Müqavilənin 2.2.6-cı bəndinə əsasən birinci tərəfin müqavilə müddəti başa çatanadək müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmiş qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiyasız təzminat ödəməsini ondan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.6-cı bəndinə əsasən ikinci tərəfin müqavilə müddəti başa çatanadək müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmiş qeyriyaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiya ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərini yerinə yetirməməyə görə və ya lazımi qaydada yerinə yetirməməyə görə tərəflər əmlak məsuliyyəti daşıyırlar. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərin birinin müqavilə şərtlərinin pozulduğu hallarda bir tərəfin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən pozula bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və 3 il ərzində qüvvədədir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə əməl etməsi barədə xəbərdarlıq edilmiş, müqavilə üzrə öhdəliklə bağlı 20.000 manat, çəkilmiş əlavə xərclər 10.000 manat, ümumilikdə 30.000 manat ödənilməsi tələb edilmişdir. Pretenziya xx xxxxxxxx 2019-cu il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı (“Birinci tərəf”) ilə Cavabdeh (“İkinci tərəf”) arasında bağlanaraq Bakı şəhəri 51 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə təsdiqlənmiş və reyestrdə 3M-1393 nömrəsi ilə qeyd edilmiş “Birgə fəaliyyət haqqında müqavilə”yə əsasən “Birinci tərəf” mülkiyyətində (icarəsində və ya digər qanuni əsasla istifadəsində) olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 58H ünvanda yerləşən “Salon de Coifture” gözəllik salonunda “ikinci tərəf”in bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “manikur ustası” fəaliyyəti ilə məşğul olmasına icazə vermiş, “ikinci tərəf” isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “birinci tərəf”ə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən birinci tərəfin müqavilə müddəti başa çatanadək qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiyasız təzminat ödəməsini ondan tələb etmək hüququ vardır. İkinci tərəfin müqavilə müddəti başa çatanadək həmin qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda 20.000 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yaranmışdır, ona görə ilkin iddia üzrə cavabdehin hərəkətləri müqavilə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilməli və iddia tələbinə müqavilə hüququ çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1 və 5.3-cü maddələrinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Müəyyən olunmuşdur ki, fiziki şəxs kimi fərdi sahibarlıqla məşğul olan ilkin iddiaçı ilə cavabdeh notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlamış, həmin müqavilə ilə tərəflər mühüm şərtlər barədə razılığa gəlməklə, mülki hüquq münasibətlərini müəyyənləşdirmişlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları halda, Cavabdeh vəzifəsini həyata keçirməmiş, 5.1-ci bəndinə əsasən bağlandığı andan qüvvəyə minən və 3 il ərzində qüvvədə olan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi həyata keçirməyi dayandırmış, müqavilənin 2.3.6-cı bəndinə əsasən müqavilə müddəti başa çatanadək müəyyən edilmiş qaydada qeyri-yaşayış sahəsində fəaliyyətlə məşğul olmaq istəmədiyi təqdirdə bu müqavilə ilə müəyyən edilmiş miqdarda, 20.000 manat kompensasiya ödəməyi öhdəsinə götürsə öhdəliyə əməl etməmiş və ilkin iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İlkin iddia üzrə Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsnin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddiaçının tələbi həmin hissələrdə əsaslıdır, xx xxxxxx 2018-ci il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”yə xitam verilməli, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə kompensasiya qismində 20.000 manat pul tutulmalıdır. Qanunvericiliyin tələblərinə görə zərər dedikdə, real zərər və əldən çıxmış fayda başa düşülür. Real zərər - pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər, pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər, əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər hesab olunur. Əldən çıxmış fayda - hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Məhkəmə iddiaçıdan xərclərin çəkilməsini və məbləğini təsdiq edən sübutlar tələb etməli, iddiaçı əsaslandırılmış müvafiq sübutlarını təqdim etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, ilkin İddiaçı Cavabdeh onun tərəfindən 10.000 manatadək vəsait sərf edildiyini qeyd edərək həmin pul vəsaitinin tutulmasını tələb etsə də bununla bağlı hər hansı mötəbər sübutunu, ümumiyyətlə cavabdehə 10.000 manat və ya digər məbləğdə vəsait sərf etdiyinə, cavabdehin bu məbləği ona ödəməli olmasına dair sübutlarını təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia 10.000 manat pul vəsaitinin alınmasına dair hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, ilkin İddiaçı həmin iddia tələbinin əsaslılığına dair, yəni Cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilkin iddia mənəvi ziyanla bağlı hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı aldadaraq onunla əmək müqaviləsi bağlamaq adı ilə iradəsinə zidd olaraq onunla birgə fəaliyyət adlı müqavilə rəsmiləşdirməyə nail olduğu üçün xx xxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız sayılmalı olduğunu hesab etmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1-ci maddəsində istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslərin mülki hüquq münasibətlərinin subyektləri ola bilmələri təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən isə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə notariat kontorunda təsdiqlənmişdir, tərəflər həmin müqavilə ilə müqavilənin mühüm şərtlərini öz aralarında razılaşdırdıqlarını bəyan etmişlər. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, fotoşəkilləri çəkilərək müqaviləyə əlavə edilmiş, müqavilə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən imzalanaraq, qarşısında özü tərəfindən soyadı yazılmışdır. Məhkəmə tərəflər arasında olan hüquqi münasibətlərə mülki-hüquq münasibətlərinin normaları baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, istər tərəflər arasında yaranmış hüquq münasibətləri baxımından, istərsə də qanunvericiliyin tələbləri baxımından tərəflər arasında hər hansı əmək münasibəti yaranmamışdır, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh tərəfindən işəgötürən qismində işə götürülməmişdir, müqavilənin şərtinə uyğun olaraq qarşılıqlı iddiaçı “Salon de Coifture” gözəllik salonunda müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “manikur ustası” fəaliyyəti ilə məşğul olmasına cavabdeh tərəfindən icazə verilmiş, qarşılıqlı iddiaçı isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində cavabdehə haqq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müəyyən olunmuşdur ki, “Birgə fəaliyyət haqqında” xx xxxxxx 2018-ci il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla bağlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müqavilənin eitbarsızlığı üçün əsaslar movcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Ona görə də qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd olunduğu kimi, “…əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də bunu əsaslandıra bilməmiş, buna dair sübut təqdim edə bilməmişdir. Bundan başqa apelyasiya şikayətində qeyd olunan dəlillər araşdıralaraq qətnamədə buna qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Beləolanhaldaməhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərholunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:. Abşeron Rayon Məhkəməsinin 2(012)-2501/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar