Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2506/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin yarısının, habelə özünə məxsus əmlakların verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim A.Süleymanova) Qətnamədən İddiaçı apelyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin satılmasına dair 25 oktyabr 2018-ci il tarixdə Sumqayıt 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlə birgə nikah döründə əldə etdikləri Sumqayıt şəhəri, 1ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin real bazar dəyəri olan 117.000 manat pulun 1/2 hissəsinin cavabdehdən alınıb ona verilməsi, Cavabdeh ona məxsus olan 8 adda əmlakın - yəni 1 ədəd 1000 manat dəyərində uşaq yataq dəsti -2 çarpayı, 2 tumba, 1 şifoner; 1 ədəd 1000 manat dəyərində şkaf, 1 ədəd 200 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 1200 manat dəyərində künc divanı, 3 ədəd 300 manat dəyərində xalça, 1 ədəd 2300 manat dəyərində “Samsung” markalı soyuducu, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan və 1 ədəd 350 manat dəyərində “Samsung” markalı tozsoranın və ya onların dəyərinin alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11 noyabr 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 3 övladları - 19 dekabr 2008-ci il təvəllüdlü X6, 13 fevral 2010-cu il təvəllüdlü X7 və 28 mart 2011-ci il təvəllüdlü X13 oğlu olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların onun yanımda qalması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli arayışdan görünür ki, onların birgə nikahı dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzil daşınmaz əmlakın dövlət revestrində 30 avqust 2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh şəxsi mənafeyi naminə bu mənzili Sumqayıt 1 saylı notariat kontorunun təsdiq etdiyi 25 oktyabr 2018-ci il tarixli, 4Ə-342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. Cavabdeh mənzili satan zaman onu aldadaraq əmlakı 117000 manata satacağını və satdıqdan sonra bağ evi alacağını bildirmişdir. Bu səbəbdən də o, həmin əmlakın satılmasına ərizə ilə razılıq vermişdir. Lakin Cavabdeh həmin əmlakı satdıqdan sonra heç bir daşınmaz əmlak almamışdır. Bir müddət sonra cavabdehlə aralarındakı münasibətlər daha da pisləşdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onların nikahları pozulmuşdur. Vəkili vasitəsilə səlahiyyətli orqanlara sorğu ilə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, cavabdeh həmin mənzili onu aldadaraq dəyərindən aşağı qiymətə 50322 manata satmışdır. Həmçinin ona məxsus əmlaklar cavabdehin sahibliyində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 337 və 354-cii maddələrinə istinadən hesab etmişdir ki, müqaviləyə dair razılığın etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb həmin hissədə təmin edilməməlidir. İddiaçı mənzili Sumqayıt 1 saylı notariat kontorunun 25 oktyabr 2018-ci il tarixli, 4Ə-342 reyestr nömrəli alqı-satqı müqaviləsinin tərəfi kimi çıxış etmədiyinə görə alqı-satqı müqaviləsinin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. İddiaçı həmin müqaviləni sorğu ilə aldıqdan sonra, müqavilədə mənzilin satış dəyərinin real dəyərindən daha aşağı qiymətə satılmasından xəbərdar olmuşdur. İddia müddətinin axımı subyektin hüquqlarının pozulduğunu bildiyi andan başlandığı nəzərə alınsa, məhkəmənin gəldiyi hüquqi nəticə qanuni deyildir. Çünki vəkil sorğusu ilə əldə edilmiş notariat işindən həmin notariat işinin verilmə tarixi aydın görünür. Notariat işinin verilməsi məktubunda qeyd olunan tarixi və iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixi nəzərə alsaq iddiaçının iddia müddətini ötürmədiyi aydın görünür. Məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı qeyd elmişdir ki. mübahisə predmeti olan ev satıldıqdan sonra əldə olunan vəsait ailə mövcud olduğu dövrdə həmin ailənin ehtiyacları üçün sərf edilmişdir. Bu halın əksi iddiaçı tərəfindən heç bir mötəbər sübutla sübuta yetirilmədi. Bu hissədə də məhkəmənin mövqeyi qərəzli və əsassızdır. Çünki ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin birgə nikah dövründə əldə edilməsi və tərəflərin ümumi-birgə mülkiyyətində olması mlibahisələndirilmir. İddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilin əvəzli əqd əsasında satıldığını sübut etmişdir. Cavabdeh tərəfindən isə mübahisəli mənzilin satışı həyata keçirildiyindən və satışdan əldə olunmuş vəsait cavabdehdə olduğundan, cavabdeh həmin vəsaitdən iddiaçıya çatası payı iddiaçıya verdiyini və ya ailənin ümumi ehtiyaclarına sərf etməsini sübut etməlidir. İddiaçının birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin satılmasına razılıq verməsi, həmin mənzilin satışından əldə edilmiş pul vəsaitindən ona çatası paydan imtina kimi qiymətləndirilə bilməz. Ona görə ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin satışından əldə olunmuş vəsait tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak kimi hər ikisinə məxsus olduğundan, cavabdeh həmin pul vəsaitinin yarı hissəsini iddiaçıva verməli idi. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edib izahatında bildirdi ki, mübahisəli mənzilin satışından əldə edilmiş vəsaiti cavabdeh şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı isə 3 azyaşlı uşağı ilə pis vəziyyətə düşmüşdür və kirayədə qalır. Halbuki, bu mənzil onların birgə nikahı zamanı birgə vəsaiti hesabına əldə edilmişdir. Mənzilin satışından sonra bir sıra vacib xərclər nəzərə alınarsa, yerdə qalan 66678 manatın yarı hissəsi iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi həmçinin əlavə etdi ki, 1 ədəd 1000 manat dəyərində uşaq yataq dəsti -2 çarpayı, 2 tumba, 1 şifoner; 1 ədəd 1000 manat dəyərində şkaf, 1 ədəd 200 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 1200 manat dəyərində künc divanı, 3 ədəd 300 manat dəyərində xalça, 1 ədəd 2300 manat dəyərində “Samsung” markalı soyuducu, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan və 1 ədəd 350 manat dəyərində “Samsung” markalı tozsoran cavabdeh tərəfindən iddiaçıya qaytarıldığından həmin hissədə iddianı müdafiə etmirlər və bu hal nəzərə alınmalıdır. Eləcə də, apelyasiya şikayətində qətnamənin tam ləğvini tələb etsələr də, hazırda yalnız mübahisəli mənzilin satışından əldə edilmiş vəsaitin iddiaçıya düşən payını tələb edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib izahatında bildirdi ki, o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. “FİNKA” Azerbaijan BOKT-dan bu biznes üçün 100000 ABŞ dollarında kredit götürmüş, lakin sonradan müflis olmuş, obyekti bağlanmışdır. Mübahisəli mənzili həqiqətən də 117000 manata satmışdır. Əldə edilən vəsaitin 57000 manatı “FİNKA” Azerbaijan BOKT-dakı kredit borcunun, 46000 manat hissəsi isə mənzili almış Davud adlı şəxsə olan borcunun bağlanılmasına sərf edilmişdir. Ona bu satışdan cəmi 14000 manat vəsait qalmışdır. Həmin dövrdə ailəsilə birlikdə 1 il kirayədə yaşamış (ayı 350 manata) və qalan vəsaiti də ailəyə xərcləmişdir. Növbəti məhkəmə iclasında cavabdeh mübahisəli mənzilin satışından əldə etdiyi 117000 manat məbləğin 48000 manat hissəsini banka olan borcun bağlanmasına, 49000 manat hisəsini Davud adlı şəxsə olan borcunun bağlanmasına, 4800 manat hissəsini mübahisəli mənzilin alqı-satqısı üçün nəzərdə tutulmuş vergilərin ödənilməsinə xərclədiyini, ona cəmi 14000 manat pul qaldığını, bu məbləği isə həmin dövrdə birgə yaşadığı ailəsinə xərclədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr, 45 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 30.08.2013-cü il tarixdə qeydə alınmışdır. Yenə işdə olan notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı 25.10.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mkr, 45 saylı evin 13 saylı mənzilini 50322 manata X4. Yenə də işdə olan Sumqayıt şəhəri 1 saylı notariat kontorunda 8İ-2143 saylı reyestr nömrəsi ilə qeyd edilən İddiaçı tərəfindən verilmiş 24.10.2018-ci il tarixli ərizədən görünür ki, o, əri Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin satılmasına etiraz etmir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1577/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 11 noyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Yenə işə əlavə edilmiş “Finca Azerbaijan” MMQBKT-nin Sumqayıt şəhəri 1 saylı notariat kontoruna göndərdiyi 24 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, 27.05.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəh, 1-ci mikrorayon, 45 b saylı evin 13 saylı mənzili borc öhdəliyinin təminatı kimi “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə həmin mənzilin satılması və satışdan əldə edilən vəsaitdən onun Təşkilata olan 48021,93 manat (28215 ABŞ dolları) məbləğində borcunun birbaşa alıcı tərəfindən Təşkilatın bank hesabına ödənilməsi razılaşdırılmışdır. Buna görə də Təşkilat Cavabdeh mülkiyyətində olan həmin mənzilin satışından əldə edilən vəsaitdən onun Təşkilata olan 48021,93 manat (28215 ABŞ dolları) məbləğində borcunun birbaşa, yəni Alıcı tərəfindən Təşkilatın bank hesabına ödənilməsi halında həmin mənzilin özgəninkiləşdirilməsinə etiraz etmir. Qeyd edilənləri nəzərə alaraq, bu məktubla xahiş edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəh, 1-ci mikrorayon, 45 b saylı evin 13 saylı mənzilin özgəninkiləşdirilməsinə və satışdan əldə edilən vəsaitdən 48021.93 manat (28215 ABŞ) məbləğin birbaşa “Finca Azerbaijan” MM QBKT-nin bank hesabına ödənilməsinə köməklik göstərilsin. Yenə də işə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 24 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, X10 tərəfindən notariat qaydasında təsdiq ediləcək Sumqayıt şəh, 1-ci mikrorayon, 45 b saylı evin 13 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ödənməli olan 50322 manat məbləğində pulun müvafiq müqavilə notariat qaydasında təsdiq edildikdən sonra, notarius məktubu ilə Cavabdeh ödəniş tapşırığı əsasında “Finca Azerbaijan” MMQBKT-yə (Hesab N° AZ63AİİB********************) verilməsi üçün “Muğanbank” SC-də olan AZ23MUGA**********02383AZM08 nömrəli depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan 154 saylı, 25 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh depozit hesabında olan 48022,50 manat məbləğində olan vəsait “Finca Azerbaijan” MM QBKT-nin bank hesabına köçürülmüşdür. Yenə iş materiallarında olan 25.10.2018-ci il tarixli, 151№-li ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən daşınmaz əmlakın satışından tutulan vergi olaraq 2299,50 manat ödəniş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apelyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsini tələb etsə də, 8 adda əmlakın geri qaytarılması barədə iddianın təmin edilməməsi hissəsində qətnaməni mübahisələndirmədiyindən, yalnız birgə nikah dövründə əldə edilmiş mənzilin satışından əldə edilmiş məbləğin ona çatan hissəsini tələb etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda yalnız həmin hissədə araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi qismən ləğv olunmalı, iddia isə qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 11 noyabr 2006-cı ildə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların bu nikahlarından 19.12.2008-ci ildə Sevil, 13.02.2010-cu ildə Sevgi və 28.03.2011-ci ildə Ayxan adlı uşaqları olmuşdur. Cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Əvvəllər münasibətlər normal olsa da, tərəflərin münasibətləri sonradan korlanmışdır. Tərəflərin nikahı məhkəmə qaydasında, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1577/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Boşanmadan sonra uşaqlar analarının himayəsində qalmışdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər birgə nikahda olarkən Sumqayıt şəh, 1-ci mikrorayon, 45 b saylı evin 13 saylı mənzili əldə edilmiş və Cavabdeh adına 30.08.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Bu mənzil 27.05.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən borc öhdəliyinin təminatı kimi “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra isə mübahisəli mənzil 25 oktyabr 2018-ci il tarixdə ipotekasaxlayan “Finca Azerbaijan” MM QBKT-nin razılığı ilə X1. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin satılmasına dair 25 oktyabr 2018-ci il tarixdə Sumqayıt 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə dair razılığın etibarsız hesab edilməsi və cavabdehlə birgə nikah döründə əldə etdikləri həmin mənzilin real bazar dəyəri olan 117.000 manat pulun 1/2 hissəsinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi əmlakı hesab olunur və nikah pozulduqdan sonra ümumi əmlak qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlar arasında bərabər paylarda bölünür. İşin tədqiq edilən hallarından görünür ki, mübahisəli mənzil tərəflərin birgə nikahı zamanı əldə edilmişdir və bu əmlakda onların bərabər payları vardır. Mübahisəli mənzilin X2 iddiaçı tərəfindən notarial qaydada razılıq alınmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli mənzil 50322 manata satılmışdır. Məhkəmə kollegiyasının iclasında isə Cavabdeh bildirdi ki, müqavilədə satış qiyməti 50322 manat göstərilsə də, mənzili faktiki olaraq 117000 manata satmışdır. Lakin həmin vəsaitdən 48000 manat hissəsini banka olan borcun bağlanmasına, 49000 manat hisəsini Davud adlı şəxsə (mənzili alan) olan borcunun bağlanmasına, 4800 manat hissəsini mübahisəli mənzilin alqı-satqısı üçün nəzərdə tutulmuş vergilərin ödənilməsinə xərcləmiş, ona cəmi 14000 manat pul qalmış, bu məbləği isə həmin dövrdə birgə yaşadığı ailəsinə xərcləmişdir. Mübahisəli mənzilin alqı-satqı müqaviləsində satış qiymətinin 50322 manat göstərilməsinə baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, mənzilin satışından əldə edilmiş vəsait 117000 manatdır, bu məbləğ tərəflər arasında mübahisələndirilmir. İşdə olan mötəbər sənədlərdən görünür ki, mənzilin alqı-satqısından əldə edilmiş vəsaitin 48022,50 manat hissəsi cavabdehin “Finca Azerbaijan” MM QBKT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, 2299,50 manat isə vergi ödənilməsinə xərclənmişdir. Qalan vəsaitin isə hansı istiqamətlərə xərclənməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh əldə etdiyi vəsaitin 49000 manat hissəsinin mənzili alan Davud Niftalıyevə olan borcunun ödənilməsinə, qalan hissənin isə ailəsinin ehtiyaclarına xərclənməsinə dair dəlilini əsaslı şübhələrdən kənar sübutlarla təsdiq edə bilməmişdir. Beləliklə də, işdən görünür ki, mübahisəli mənzilin satışından Cavabdeh 66678 manat pul vəsaiti qalmışdır. Bu vəsaitdən isə onun iddiaçıya hər hansı məbləğdə pul ödəməsi barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, satılmış əmlak tərəflərin birgə mülkiyyətində olduğundan onun satışından əldə edilmiş gəlir də tərəflər arasında bərabər qaydada bölünməlidir, bu isə iddianın qismən əsaslı olması mənasına gəlir. İddianın digər hissəsinə, yəni mübahisəli mənzilin alqı-satqısına dair 25 oktyabr 2018-ci il tarixli razılığın etibarsız hesab edilməsinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, kifayət qədər aydın olmayan və əsaslandırılmamış iddia tələbinin bu hissəsi iddiaçının özünün tələbinin ikinci hisəsi ilə təkzib olunur. İddiaçı bir tərəfdən mənzilin satışına dair verdiyi razılığın etibarsızlığını(?) tələb edir, digər tərəfdən isə mənzilin satışından əldə olunmuş vəsaitdən ona düşən payı tələb edir. Başqa sözlə, əslində mübahisə mənzilin satışından əldə edilmiş vəsaitdən pay tələbidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili də iddianı məhz bu hissədə müdafiə etdiyini, qətnaməni də məhz bu hissədə mübahisələndiridiyini bildirdi. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, 25.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh qeyd olunan mənzili X9 50322 manat (əslində isə 117000 manata) satmış, mənzilin satılmasına İddiaçı notarial qaydada razılıq vermişdir. Bu halı məhkəmə iclasında iştirak etmiş cavabdeh (satıcı), habelə iddiaçının nümayəndəsi də etiraf etmişdir. Göründüyü kimi qeyd edilən alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alqı-satqı predmeti daşınmaz əmlak olduğu üçün qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış, mənzildə payı olan şəxsin razılığı alınmış və həmin müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Hazırki halda, məhkəmə kollegiyası mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış əqdin etibarsızlığı üçün heç bir əsas görmür. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin satılması barədə qeyd edilən müqavilənin etibarsız hesab edilməsinə dair iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə mübahisəli mənzilin satışından əldə etdiyi 66678 manat vəsaiti birgə nikah zamanı ailənin maddi ehtiyaclarına sərf etməsi və digər borclarının ödənilməsi barədə dəlillərini sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mənzilin satışından əldə edilmiş vəsaitin bölünməsi barədə iddianı rədd etməklə həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisəli mənzilin satışından əldə edilmiş vəsaitin bölünməsi barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə qismən təmin olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddianın verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2021 saylı, 07 may 2021ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin satılmasından əldə edilmiş vəsaitin bölünməməsi hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 1-ci mkr, ev 45 ünvanında yerləşən 13 saylı mənzilin satılmasından Cavabdeh tərəfindən əldə edilmiş 66678 manat pulun yarısı, yəni 33339 manatı ondan tutularaq İddiaçı verilsin. Qətnamə iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2506/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2506/2021
29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver