Məhkəmə qərarları › İş №2(105)-252/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-252/2022

26.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-252/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(027)-1244/2021 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(027)-1244/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçı X1 cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdehrət Birliyinə ("AQROKOOP") qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı X2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(027)-1244/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 Tədarük- Sənaye Ticarət Birliyi tərəfindən 23 sentyabr 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ilin “15” noyabr tarixli əmri ilə cavabdehin tabeçiliyində olan 2-ci Nügədi kənd X6 müəssisəsinə müdir vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə heç bir nöqsanı olmayaraq, əmək funksiyasını yerinə yetirərək, qüsursuz, vaxtlı-vaxtında təlimatlara və qaydalara uyğun olaraq, bütün tapşırıqları yerinə yetirməklə, müəssisənin tabeçiliyində olan əmlakları bu günə qədər özəlləşdirilməsində iştirak edərkən, yaxşı vəziyyətdə saxlanılmasında böyük əməyi olmuşdur. Təqaüd vaxtının yaxınlaşdığını nəzərə alaraq, o, Sosial Müdafiə Şöbəsinə əmək kitabçasını təqdim etmək məqsədilə, 2018-ci ilin dekabr ayında “Azərittifaq”ın X7 Tədarük-Sənaye Ticarət Birliyinin rəhbəri X5 müraciət edərək, əmək kitabçasını götürərkın məlum olmuşdur ki, V.Pirimov cinayət saxtakarlığı edərək, 23 aprel 2005-ci il tarixdə, onun xəbəri olmadan “öz ərizəsi əsasında işdən azad edilib və əmək kitabçasında qeyd olunmuşdur. Bu günə qədər yuxarıda qeyd edilən ərizənin mövcudluğu bəlli deyil, dəfələrlə cavabdeh təşkilatın rəhbəri Vidadi Pirimovun ərizənin surətinin ona təqdim edilməsinə dair müraciət olunsa da, o, müxtəlif bəhanələrlə həmin ərizənin surətini ona verməkdən imtina edərək, bu günə qədər ərizəni ona təqdim etməmişdir. Bununla yanaşı, Baş İdarənin əmrinə əsasən onun təşkilatın balansında olan əmlakı “25” avqust 2019-cu il tarixdə ona maddi məsul şəxs kimi aktla və protokollarla təhvil verilmişdir, baxmayaraq ki, cavabdeh mənbəyi məlum olmayan əmrlə onu işdən azad etmişdir. Bu da ona dəlalət edir ki, bu günə qədər cavabdeh təşkilatın əmlakları onun idarəçiliyində qalaraq, həmin ərizənin etibarsız hesab edilməsi labüddür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı X2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 26 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdehrət Birliyinə ("AQROKOOP") məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı 23.09.2005-ci il tarixində yeni təşkil olunmuş Nügədi kənd X6 müəssisəsinin müdiri vəzifəsindən azad edilmiş, hazırki iddia ilə məhkəməyə 18.05.2021-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbi baxımından 3(üç) illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialında olan X7 Tədarük-Sənaye Ticarət Birliyinin 15 noyabr 1989cu il tarixli, 212 nömrəli əmrdən çıxarışdan görünür ki, Rayon Kooperativlər İttifaqının İdarə heyətinin11.05.1989-cu il tarixli qərarına əsasən İddiaçı yeni təşkil olunmuş Nügədi kənd X6 müəssisəsinin müdiri vəzifəsinə keçirilmişdir. X7 Tədarük-Sənaye Ticarət Birliyinin 23 sentyabr 2005-ci il tarixli, 16 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı 23.09.2005-ci il tarixində yeni təşkil olunmuş Nügədi kənd X6 müəssisəsinin müdiri vəzifəsindən azad edilmişdir. İddia tələbindən görünür ki, mübahisənin İddiaçı 23.09.2005-ci il tarixində yeni təşkil olunmuş Nügədi kənd X6 müəssisəsinin müdiri vəzifəsindən azad edilməsi barədə saxta tərtib edilmiş ərizənin etibarsız hesab edilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin əsası əmək hüquq münasibətlərindən yaranmış mübahisədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbinə görə məhkəmənin öz təşəbbüsü ilə iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edililərək iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(027)-1244/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdehrət Birliyinə ("AQROKOOP") qarşı saxta tərtib edilmiş ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar