Məhkəmə qərarları › İş №2(105)-2521/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2521/2021

23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2521/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3643/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3643/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı aid yaşayış sahəsinə 23.02.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 216 manat borcun onun abunə hesabından (abonent kodu **********00480) silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.02.2021-ci il tarixli, ******* saylı akta əsasən abonent saldosunda göstərilən 216 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin, 48-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə onun adına 10.09.2020-ci il tarixli çıxarış verilmişdir. Onunla cavabdeh arasında təbii qazdan istifadəyə görə müqavilə bağlanmışdır. Cavabdehin əməkdaşları mənzilinə xidmət göstərən qaz sayğacını 12.02.2021-ci ildə dövlət yoxlamasından keçirərkən sayğacın hesablayıcı mexanizminin qoruyucu şüşəsinin üst hissəsində əzik izləri aşkar edilmiş, qoruyucu şüşənin çıxarılması ehtimal edilmişdir. Buna görə də 23.02.2021-ci ildə “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və 216 manat cərimə edilmişdir. O, bu barədə tərtib edilmiş aktla razılaşmır. Belə ki, tərəfindən sayğaca müdaxilə edilməmişdir. Qaz sayğacı mənzilindən kənarda, binanın pilləkən meydançasındadır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmiş və aktı imzalamamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, Sumqayıt şəhəri, 2-ci mkr, ev 35/20B, 48 saylı mənzilinə quraşdırılmiş təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 04.12.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 04.12.2020-ci il tarixdə akt tərtib olunmaqla sayğac çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında hesablama mexanizminin qoruyucu şüşəsinin üst hissəsində əzik-cızıq izləri olduğu, qoruyucu şüşənin çıxarılmasının mümkün olduğu müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdeh əməkdaşları mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 23.02.2021-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 48 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına 10.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.12.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı oğlunun yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 48 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 23.02.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20B saylı evin 48 saylı mənzilinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qoruyucu şüşəsinin üst hissəsində əzik-cızıq izləri olduğu aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı yaşadığı mənzil üzrə (abonent kodu **********00480) akta görə borc 216 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Cavabdeh Sumqayıt X3 əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacında hesablama mexanizminin qoruyucu şüşəsinin üst hissəsində əzik-cızıq izləri olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(060)-3643/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar