Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2527/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6766/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən ona qanunsuz olaraq hesablanmış 1555 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6766/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (hakim A.Behbudova) İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6766/2022 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, AR “Qaz Təchizatı” Haqqında Qanunun 22-1-ci maddəsinə əsasən “İstehlakçı qaz paylayıcısının qərarlarından digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.” Qeyd edilən maddi hüquq normasında istehlakçının qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən şikayətinin iki forması “X1” Qanunun 22-1, “Mediasiya haqqında”Qanunun 3 və 30-cu maddələrini müəyyən edilmişdir. Birincisi, inzibati qaydada şikayəti, ikincisi isə məhkəmə qaydasında şikayəti nəzərdə tutmuşdur. Birinci forma istehlakçının inzibati qaydada şikayətini nəzərdə tutur ki, həmin şikayət “İnzibati icraat” Haqqında Qanunun müddəaları nəzərə alınmaqla verilə bilər. Hazırki mübahisə üzrə isə, məhkəmə belə qənaətə gəlmişdir ki, istehlakçı əgər məhkəmə qaydasında şikayət edirsə, mütləq qaydada mediasiyaya müraciət etməli, daha sonra isə məhkəməyə müraciət etməlidir. Bu mövqe kökündən yalnışdır. Belə ki, qeyd edilən normada istahlakçının mütləq qaydada mediasiyaya müraciət etməsi müəyyən edilməmişdir. Qeyd edilən normada bildirilir ki, istehlakçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla məhkəməyə müraciət etməlidir. Bu isə bir qanunun digər qanuna göndərişidir ki, hüquq elmində bu tip normalara blanket xarakterli normalar deyilir. Yəni “Qaz Təchizatı” Haqqında Qanunun 22-1-ci maddəsi “Mediasiya” Haqqında Qanununa göndərmə etməklə bildirir ki, əgər “Mediasiya” Haqqında Qanunda istehlakçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiyadan keçməsi zəruridirsə o zaman mediasiyaya müraciət edib məhkəməyə şikayət verilə bilər, əks təqdirdə istehlakçı birbaşa da məhkəməyə müraciət edə bilər. “Mediasiya Haqqında” Qanun mediasiyanın tətbiq edildiyi sahələri müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddianın inzibati mübahisə olması qənaətinə gələrək, hesab etmişdir ki, hazırki mübahisə üzrə də mediasiya tətbiq edilməlidir. Lakin məhkəmənin bu mövqeyi hüquqi əsasa söykənməmişdir. Qeyd olunanlara əsasən şikayət təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6766/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6766/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6766/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X1” Qanunun 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əssən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə qeyd edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq edən kollegiya hesab edir ki, qeyd olunan iddia tələbi istehlakçının (iddiaçının) hüquqlarının müdafiəsindən yaranan münasibətlərdən irəli gələn iddiadır və həmin mübahisə istinad olunan qanunun tələbinə əsasən mediasiya prosesi keçməlidir. Qeyd olunan əsasla birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Bu barədə məhkəmənin qərardadından verilən şikayətin məzmunu isə formal mülahizələrdən ibarət olmaqla, həmin əsaslar hazırkı şikayətin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6766/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2527/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2527/2022
08.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver