Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-253/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X24 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X9 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000 manat süd pulu, 1500 manat qız toyunun xərci, 4 bayramda hər birinə 500 manatlıq bayramlıq xərci olmaqla 2000 manat, 2000 manat müalicə xərci olmaqla, cəmi 7500 manat, Cavabdeh ona etdiyi xəyanətə görə ona dəymiş mənəvi ziyana görə 20000 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh adət-ənənəyə uyğun olaraq verilmiş 2000 manat süd pulu, 1500 manat qız toyuna çəkilmiş xərcin, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq aparılması üçün çəkilmiş 2000 manat, müalicəyə çəkdiyi 2000 manat xərcin, eyni zamanda Şəfanın xəyanəti ilə onu el içində hörmətdən saldığı üçün dəymiş mənəvi zərərin əvəzi kimi 2500 manatın, baş verənlərə əsasən 10000 manat ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək cavabdeh X8 2000 manat süd pulu, 1500 manat qız toyunun xərci, 4 bayramda hər birinə 500 manatlıq bayramlıq xərci olmaqla 2000 manat, 2000 manat müalicə xərci olmaqla, cəmi 7500 manat, Cavabdeh ona etdiyi xəyanətə görə ona dəymiş mənəvi ziyana görə 20000 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddia ərizəsi ilə ona və atasına qarşı iddia ərizəsi ilə müraciət edərək 22282 manat dəyərində əmlakın, 2500 manat dəyərində qızıl-zinət əşyalarının, məktəb şəkillərinin və məzun vinetkasının, 50 manat mediasiya xərcinin və 159 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, həmin iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə ailə qurmaq haqqında razılığa gəlmişlər və Cavabdeh onların evinə gəlin gəldikdən sonra Şəfa və onun valideynləri tələb irəli sürdülər ki, Şəfanın 2 aylıq müalicəyə ehtiyacı var və bu müddət ərzində ər-arvad münasibətlərinə girmək olmaz. Onlarla razılaşmış və Şəfanın müalicəsinə başlanılmışdır. Lakin müalicənin nədən ibarət olması ona məlun deyildi. İki aylıq müalicədən sonra cinsi əlaqəyə girdikdə məlum oldu ki, Şəfanın qızlıq bakirəsi onlara gəlin gələnə qədər pozulub. Şəfanın valideynlərindən qızlarını aparmalarını tələb etmiş, onlar da gəlib Şəfanı aparmışlar. Ailə qurmaq və nikahlarını qeyd etdirmək niyyəti Şəfanın xəyanəti səbəbindən baş tutmamışdır. Şəfanın onların evdə qalan telefonundakı məlumatlardan aydın oldu ki, Şəfa görüntü yaratmaq məqsədi ilə ailə qurub. Sevgilisi ilə davamlı olaraq telefon əlaqəsi saxlayıb və ona qarşı mənfi fikirdə olub. Sevgilisi ilə telefon danışığından da görünür ki, sevgilisi ona onun başını qatmağı tapşırır. Hətta lazım gələrsə onu öldürməyə hazır olduğunu və Şəfanı xilas edəcəyini bildirir. O və ailə üzvüləri Şəfanın telefon işlətməsindən məlumatları olmayıb. Telefon danışıqlarını gizli edib. Danışdığı telefonun kimə məxsus olması barədə məlumatı yoxdur. İki aylıq müalicə şərtinin irəli sürməsinin mənası anlaşıldı. Məqsəd müxtəlif yollarla qızlıq bakirəliyini bərpa etmək olsa da buna nail ola bilməyib. Ümumilikdə isə ərdə olub, sonra isə boşanıb görüntüsü yaratmaq olub ki, bunun da bir adı var ki, o da xəyanətdir. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat, 2000 manat müalicə xərci, 20000 mənəvi ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iş üzrə cavabdehin ər evinə gəlin gələnə kimi bakirəliyi pozulmuşdur. Cavabdeh bu eybini gizlətmək üçün onun iki aylıq müalicəyə ehtiyacı olduğunu bildirərək cinsi əlaqəyə girməyə məhdudiyyət yaratmışdır. İki aydan sonra cinsi əlaqə zamanı Şəfanın "qız" olmadığı aşkara çıxarılmış və İddiaçı tələbi ilə valideynləri Şəfanı evlərinə aparmalı olmuşlar. Ər evində olduğu 2 aylıq müddət ərzində ********** nömrəli telefonla gizli olaraq sevgilisi X19 ilə davamlı olaraq mesajlaşaraq birbirlərinə olan sevgilərini dilə gətirmiş, X21 Şəfaya toxunacağından narahat olduğunu bildirərək Əlfağanın başını qatmağı Şəfaya tapşırmışdır. Şəfa da öz növbəsində Əlfağaya və onun ailə üzvlərinə mənfi münasibətini bildirmişdir. Sevgililərin arasındakı yazışmalarının bir qismi məhkəməyə təqdim olunub. Cavabdeh bakirəliyinin ərə gələndən sonra Əlfağa tərəfindən pozulduğunu bildirmişdir, iddianın maddi və mənəvi ziyanla əlaqədar olduğundan və Şəfanın niyyətinin ailə qurmaq deyil, ərdə olub görüntüsü yaratmaq olduğundan bakirəliyin nə vaxt pozulmasını müəyyən etmək əhəmiyyətli idi. İkinci vəsatətdə də Şəfanın məhkəməyə yalan ifadə verdiyinin təkzibinə yönəlmişdi. Şəfa Xankişiyevə telefonun ona Əlfağanın bacısı qızı tərəfindən verildiyini göstərsə də həmin halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə məhkəməyə təqdim etdiyini sübutlardan görünür ki, telefonu Şəfaya sevgilisi X19 verib. X19 hadisədən sonra Əlfağa ilə mübahisə zamanı bildirir ki, Şəfanın bakirəliyi onun tərəfindən deyil, başqa bir şəxs tərəfindən pozulub. Maddi ziyanla bağlı cavabdeh yalnız süd puluna görə 1000 manat aldıqlarını, bayramlarda isə yalnız bir dəfə hədiyyə aldıqlarını göstərdi. Məhkəməyə təqdim etdikləri sübutlarla təsdiq olunur ki, cavabdeh əxlaqı dəyərlərə əhəmiyyət vermir və yalnız onu əşyaları düşündürür. İddiaçı el içində rüsvay olunması barədə ümumiyyətlə düşünmür. X13 çəkdirdiyi şəkil onun mənəvi-əxlaqi kefiyyətlərindən xəbər verir. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyəcanın miqyasını təsəvvür etmək çətin deyil. Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edir. Əlavə etdiyi bu şəkilin orjinalı məhkəməyə təqdim edilib və işin materiallarında mövcuddur. Şəkildəki oğlan X15r. Onun boynundakı isə cavabdeh Balakişiyeva Şəfadır. Ərə gedib ailə quracağına sevinir. İddiaçının məhkəmədə yalan ifadə verməsi həm də onunla sübut olunur ki, telefonla sevgilisi ilə gizli danışdığından ər evində qalan telefonu tələb etdiyi əşyaların sırasına daxil etməmişdir. Telefonu gizlətməsi və mesajlaşması işin mübahisəsiz halıdır.
6. X2 ifadəsində göstərmişdir ki, Əlifağa onun qardaşıdır. Qardaşı Əlfağa ilə Cavabdeh 2022-ci ilin iyul ayında evlənmişlər. Adətə görə süd pulu verilir. O da 2000 manat süd pulunu Şəfanın babasına özü vermişdir. Şəfanın anası pulun məbləğinin az olduğunu dediyinə görə qız toyunda da 1500 manat pulu Şəfanın atasına vermişdir. Qız toyu ilə oğlan toyunun arası 4 ay çəkmişdir. Həmin müddətdə dörd dəfə bayramlıq aparmışlar. Bundan başqa Şəfanı bir neçə dəfə Şamaxı şəhərinə və Sədərək ticarət mərkəzinə geyim və başqa şeylərin alınması üçün aparmışlar, hər dəfə də 500-600 manat pul xərcləmişlər. Şəfa onların evinə gəlin gəldikdən sonra isə tez-tez həkimə gedirdi. Şəfa Əlifağanı iki ay aldatdıqdan sonra bütün bunların səbəbi məlum olmuşdur
7. X1 ifadə verərək göstərmişdir ki, qardaşı Əlifağa Cavabdeh ilə evlənmişdir. Onu nişan və toyla evlərinə gəlin gətirmişlər. Şəfa nişanlı olduğu müddətdə dörd dəfə onlara bayramlıq aparmışlar. Qız toyuna köməklik etmişlər, lakin nə qədər olduğunu bilmir. Şəfa onların evinə gəlin gələrkən xalası və bibisi də onunla gəlmişdir. Şəfanın xalası onlarda iki gün qalmış və bunun səbəbini bilmir. Çünki gündüzlər işdə olmuşdur. Şəfa toy gecəsi Əlifağanı yaxın buraxmayaraq ağlamış, səhəri gün isə xəstə olduğunu demişdir. Şəfanın yanında əmisi arvadı gəlmiş, o da səhəri gözləməyərək axşam çıxıb evinə getmişdir. Həmin günün səhəri Şəfanın anası və əmisi onlara gəlmişdir. İki gündən sonra isə onlar Şəfanın anasıgilə getmişlər. X26 şəhərinə Bikəxanim həkimin yanına aparmışlar, həkim isə bakirəliyin yoxlanılması barədə icazəsi olmadığını bildirmişdir. Həmin xəstəxanada işləyən Nəzakət adlı həkim iki dərman yazmış, Rafiq həkim isə uziylə yoxlayaraq heç bir qorxulu xəstəliyin olmamasını onlara demişdir. Şəfanın müalicəsi üçün 1000-15000 manat pul xərcləmişlər. Şəfa onlara gəlin gəldikdə qız olmadığı üçün iki ay onları aldatmışdır. Valideynləri gəlib onu öz evlərinə aparmışlar
8. X6 ifadə verərək göstərmişdir ki, Şəfanın xalasıdır. Şəfa gəlin gedərkən Şəfanın bibisi ilə onun yanında yengə kimi getmişlər. Toy gecəsi el adətinə uyğun bakirəliyin nişanəsi olan ağı Əlfağanın bacılarına göstərdikdən sonra səhərə yaxın oradan çıxıb yaşadıqları Xilmilli kəndinə getmişlər. Həmin ağı isə özləri ilə aparıb Şəfanın anasına vermişlər.
9. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh süd pulu şəklində verilmiş 1000 manat, bayramlıq və hədiyyə şəklində paltar alınmasına görə 250 manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Mirələm Quliyev).
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı Baloğlanov X4 Şəfa Qalib qızı ilə 2022-ci ilin iyul ayında evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan övladları yoxdur. Əlfağanın qardaşı Əlizadə Baloğlanov tərəfindən Şəfanın babasına 1000 manat süd pulu verilmiş, bir dəfə Şəfanın evinə getmə üçün 250 manat dəyərində xərc çəkmişlər. İddia ərizəsində göstərilən qız toyuna çəkilmiş 1500 manat və müalicə üçün çəkilmiş 2000 manat xərci və mənəvi zərərə görə 20000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, cavabdeh X10 hərəkətlərinin İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2, 4, 8-ci bəndləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verib Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbi üzrə iddianı qismən, 1250 manat məbləğində təmin edərək qalan hissədə təmin etməmişdir. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat və 2000 manat müalicə xərci ödəmişdir ki, bunun da cəmi 7500 manat təşkil edir. Nikahlarını rəsmiləşməsələr də ailə qurmaq barədə razılağa gəlmişlər. Hadisələrin gedişindən isə görünür ki, bu razılaşma pis niyyətlə bağlanılıb. Pis niyyətlə bağlanan razılaşma razılaşdırılan andan etibarsızdır. Sübutların toplanması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh telefonun onun bacısı qızı tərəfindən verilməsi barədə yalan izahat verir və etdiyi xəyanətdən əsla peşman deyildir. Polis şöbəsindən alınmış sənədlərdən görünür ki, telefonu Şəfaya sevgilisi X19 verib. Həmin telefonla 2 ay ərzində Cavabdeh bir dəfə olsun belə ona zəng vurmaması, lakin sevgilisi X19 ilə dəfələrlə mesajlaşması onun telefondan gizli olaraq istifadə etdiyini göstərir. Səfa Xankişiyeva məhkəmə iclasında telefondan onun ailə üzvlərinin yanında aşkar istifadə etməsi barədə verdiyi izahat həm təkzib olunur, həm də inandırıcı deyil. Sabiq sevgilisi ilə ərinin evində aşkar danışması barədə verdiyi izahat nəinki onun (Əlfağa Balağlanovun), həm də onun ailə üzvlərinin aşkar təhqir olunmasıdır, əxlaq normalarının heçə sayılmasıdır. Hadisələrin gedişatı bir daha təsdiq edir ki, Cavabdeh ailə qurmaq niyyəti olmamışdır. Cavabdeh telefonun ona məxsus olmasını polis şöbəsində izahat versə də əmlak tələbi barədə məhkəməyə verdiyi iddia ərizəsində telefon tələbi yoxdur. Yəni Cavabdeh növbəti dəfə yalan danışır. Telefon ona məxsus olmuş olsaydı və o telefondan aşkar surətdə istifadə etmiş olsaydı asanlıqla telefonu da iddia tələbinə daxil etmiş olardı. Sadalananlar onu göstərir ki, cavabdeh üçün hər hansı bir əxlaq norması mövcud deyil. Onun suallara yalnış cavab verməsi, adət-ənənələrə əhəmiyyət verməməsi bu insanın cəmiyyət üçün zərəli olmasının göstəricisidir. Cavabdehin tibbi ekspertiza təyin olunmasını qəbul etməməsi onun qızlıq bakirəliyinin ər evinə gələnə qədər pozulmasının göstəricisidir. Yaranmış vəziyyətdə iddiaçının iztirab, psixoloji stress, sarsıntı,emosional gərginlik keçirməsinin əlavə sübuta ehtiyacı yoxdur. Belə vəziyyətdə vurulmuş mənəvi zərərin 2500 manat deyil, 20000 (iyirmi min) manat olduğu qənaətindədir. Nəzərə alınmalıdır ki, vurulmuş mənəvi zərərin yaratdığı əziyyət gözlə görününmür, daxilən hiss edilir. Mənəvi zərərə düzgün qiymət verilməsi özü yüksək əxlaqı dəyərlərə malik olmağı tələb edir.
14. Yaranmış vəziyyətdən görünür ki, pis niyyətlə ailə qurmaq məqsədi güdərək cavabdeh ona maddi və mənəvi ziyan vurub. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat və 2000 manat müalicə xərci ödəmişdir ki, bunun da cəmi 7500 manat təşkil edir. Eyni zamanda Şəfa bu xəyanəti ilə ona 20000 manat mənəvi ziyan vuraraq onu el içində hörmətdən salmışdır. Baş verənlərə əsasən 27500 manat ziyan Cavabdeh alınıb ona ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehdən 27620 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarması xahiş olunmuşdur. Məhkəmə iddianı qismən, maddi ziyan hissəsində 1250 manat məbləğində təmin etmiş, mənəvi ziyan tələbini təmin etməmişdir. Qətnamənin maddi və mənəvi ziyanın təmin olunmayan hissəsi əsassız və qanunsuzdur. İstər maddi zərərin təmin olunmayan hissəsi, istərsə də mənəvi ziyanın təmin olunmaması əsaslandırılmamışdır. Əksinə məhkəmə maddi ziyanı qismən təmin etməklə Cavabdeh qızlıq bakirəliyinin ər evinə gələnə qədər pozulduğunu qəbul etmişdir. Əks təqdirdə hədiyyənin geri qaytarılması mümkün olmazdı. Başqa sözlə məhkəmə gəldiyi ziddiyyətli nəticə ilə qanunsuz qətnamə çıxardığını sübut etmişdir. 1250 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinin hüquqi əsaslarından qətnamədə bəhs olunmamışdır. İş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşılmalı olduğu göstərilmişdir. Lakin tənqidi yanaşmanın səbəblərindən bəhs olunmayıb. İddiaçı tərəfindən dindirilmiş şahidlər bir mənalı olaraq təsdiq ediblər ki, Cavabdeh xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu bəhanə edərək 2 ay cinsi əlaqədən imtina etmişdir. İki ayın sonunda isə cavabdehin qız olmadığı aşkar olunmuş və o və bu səbəbdən ata evinə göndərmişlər. Göstərilən bu halların əlavə sübuta ehtiyacı yoxdur. Cavabdehin məhz 2 aydan sonra ata evinə yola salınması bir daha onu göstərir ki, Cavabdeh qızlıq bakirəliyi ər evinə gələnə qədər pozulmuşdur.
15. İddianın predmetini maddi və mənəvi ziyan təşkil etdiyi üçün məhkəmədən cavabdehin qızlıq bakirəliyinin nə vaxt pozulmasını müəyyən etmək üçün tibbi ekspertiza təyin olunması xahiş olunmuşdur. Cavabdeh tibbi ekspertiza olunmasına etirazını “mən əşyalarımı istəyirəm” cavabını vermişdir. Məhkəmə isə tibbi ekspertiza təyin etməməsini “telefondakı mesajlardan hər şey bəllidir” sözləri ilə əsaslandırmışdır. Cavabdehin tibbi ekspertizaya münasibəti ona qarşı qaldırılan iddiaya əhəmiyyət verməməsinin göstəricisidir. Yəni cavabdeh demək istəyir ki, bakirəlik, əxlaq, adət-ənənə onun üçün əhəmiyyətsizdir. Məhkəmədəki davranışı da cavabdehin baş verənlərdən peşman olmadığını göstərirdi. Təəsüf ki, mənəvi zərəri təmin etməməklə məhkəmə adət-ənənin və əxlaqın önəmsiz olmasına haqq qazandırmışdır. Hakimin əxlaq məsələlərinə əhəmiyyət verməməsi anlaşılan deyil. Cavabdehin istinad etdiyi hallar məhkəmədə təkzib olunmuşdur. Cavabdehin digər yalanı, yəni hər gecə İddiaçıla 4-5 dəfə cinsi əlaqədə olması onun iki aylıq evliliyinin pozulması ilə də təkzib olunmuşdur. İş üzrə dindirilmiş şahidlər Əlzamin Baloğlanov və Ruqiyyə Baloğlanova süd pulu üçün 2000 manat, qız toyunun xərcinə 1500 manat, müalicə üçün 2000 manat xərcləndiyini təsdiq etdilər. Ruqiyyə Baloğlanov əlavə olaraq bildirdi ki, Cavabdeh cinsi əlaqədən qəti imtina etmiş, Əlfağanı yaxına buraxmamışdır. Məhkəmə təqdim olunmuş sübutları deyil, cavabdehin izahatını əsas götürmüşdür. Sübutları müqayisəli təhlil edib onlara qiymət verməmişdir. Məhkəməyə təqdim etdiyimiz sübutlarla təsdiq olunur ki, cavabdeh əxlaqi dəyərlərə əhəmiyyət vermir və yalnız onu əşyaları düşündürür. İddiaçı el içində rüsvay olunması ona ləzzət edir. X13 boynuna minib çəkdirdiyi şəkil onun mənəvi-əxlaqi keyfiyyətlərindən xəbər verir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, əxlaqi dəyərlər bütün maddiyyətlərdən öndə gəlir. Bir cəmiyyətin əxlaqı yoxdursa və əxlaqsızlığa haqq qazandırılırsa o cəmiyyət məhvə məhkumdur. Əks təqdirdə bakirəliyin pozulmasına haqq qazandırmaq gənc qızların yüngül həyat tərzi seçməsinə vəsilə ola bilər. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyacanın miqyasını təsəvür etmək çətin deyil. İddiaçı el adəti ilə xərc çəkərək toy edir. Güman edir ki, ailə qurur. İki ay ərzində ailə qurmağı planlaşdırdığı şəxslə cinsi əlaqədə ola bilmir. Sonunda da bəlli olur ki, aldadılıb. İndi hamı onu tənə edir və Bir cənub şəhərindəki filmdə olduğu kimi deyirlər ki,“kül sənin kişi başına”. Bundan artıq biabırçılıq ola bilərmi?! Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edirdi. Görünən odur ki, məhkəmə baş verənləri nümunəvi davranış kimi qiymətləndirmişdir. Məhkəmənin qənaətinə görə Şəfanın bu nümunəvi davranışlarından İddiaçı feyzab olurmuş və hazırda da sevinmədə davam edir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürlməsi barədə qanunun tələblərinə əməl olunmamışdır. Məhkəmə verdiyim vəsatətləri təmin etməməklə ekspertiza rəyini və şahid ifadəsinin məhkəməyə təqdim olunmasının qarşısını almışdır.
16. Qətnamə çıxarılarkən maddi hüquq normasına istinad olunmamışdır. Mübahisəyə Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 371.1-371.5, 339.1, 339.2, 341.2, 673.1.2,1096.1 və 1097.1-ci maddələri tətbiq olunmalı idi. Mülki Prosessual Məcəllənin 230, 233 və 360-cı maddələrinin qətnamə çıxarılması ilə heç bir əlaqəsi olmadığı həmin maddələrdəki normalara istinad olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdı ki, apellyasiya məhkəməsində icraata aid olan 360-cı maddəyə əsaslanaraq qətnamə çıxarılması anlaşılmazdır.
17. İddiaçı instinad etdiyi halları sübut etdiyi halda cavabdeh istinad olunan halları təkzib edə bilməmişdir. Məhkəmə maddi ziyanı qismən təmin etməklə verilən iddianı qismən də olsa sübut edilmiş hesab etmişdir. Yəni cavabdehin hədiyyəni qəbul etməyə nə mənəvi, nə də hüquqi əsası olmamışdır. Əxlaqa və qanuna zidd əməlləri ilə iddiaçıya ziyan vurmuşdur. Nə qədər ki, məhkəmə maddi ziyanı qismən təmin edirdisə ən azından mənəvi ziyanı da qismən təmin etməli idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
23. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
24. Maddə 669. Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.
25. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 1.hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
29. 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
30. 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010- cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan aydın olur ki, o qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirir.
41. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. İşin hallarından görünür ki, İddiaçı ilə cavabdeh X17 qeyri-rəsmi ailə quraraq birgə yaşamağa başlamışlar. Tərəflər arasında münasibətlər pozulduğundan, onlar ayrılmışlar. Hal-hazırda isə iddiaçı cavabdehlə birgə yaşamalarından öncə adət-ənənəyə uyğun olaraq ödənilmiş 2000 manat süd pulunu, 1500 manat qız toyuna çəkilmiş xərci, 2000 manat bayramlıq xərcini, 2000 manat müalicə xərcini, Cavabdeh etdiyi xəyanətə görə ona dəymiş 20000 manat məbləğində mənəvi zərəri tələb edir. Birinci instansiya məhkəməsi yalnız 1250 manat məbləğində pulun ödənilməsi hissəsində iddianı təmin etmişdir. Apellyant tərəfindən mübahisələndirilən hissə iddianın təmin edilməyən hissəsidir.
44. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona zərər vurulduğunu bildirsə də, bunu təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
48. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X11 öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
51. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
52. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
53. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-366/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.