Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2540/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı komissiya qərarının ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi K.M.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı hesablanmış 464 (dörd yüz altmış dörd) manat 40 (qırx) qəpik manat pulun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanındakı evinə xx.xx.2019-cu il tarixli, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* saylı akt əsasında həmin idarənin xx.xx.2019-cu il tarixli “itirilmiş qazın bərpası” üzrə komissiya qərarının ləğv edilməsi və həmin Akt əsasında hesablanmış, 464 manat 40 qəpik məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanındakı evinə quraşdırılmış qaz sayğacı xx.xx.2019-cu il tarixdə çıxarılıb yenisi ilə əvəz edilib, baxmayaraq ki, qaz sayğacı istifadəyə yararlı halda olub. Bundan xeyli sonra qaz idarəsinin əməkdaşları ona bildirmişlər ki, sayğac yoxlama üçün laboratoriyaya göndərilib və guya sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi müəyyən olunmuşdur. Bu barədə xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt tərtib olunub və ona komissiya qərarına əsasən 4644 kub metr qaz sərfiyyatına görə 464,40 manat məbləğində ziyan hesablanmışdır. Yazılmış akt tamamilə qanunsuz və əsassızdır. O, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə uyğun ödəmiş və borcu olmamışdır. Ona görə də o, Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın əsasında yazılmış xx.xx.2019-cu il tarixli kommissiya qərarı ilə qəti razı deyildir. O, qeyd olunanlarla əlaqədar qərarı ləğv etməklə 464,40 manat məbləğində ziyanın silinməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi K.Abdullayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə» müqavilə əsasında o, təbii qazdan istifadə edir. Məhkəmə işə onların iştirakı olmadan baxmışdır. İddiaçının yaşadığı ünvana baxış keçirilən zaman istifadəsində olan qaz sayğacı müdaxiləyə şübhəli olduğundan çıxarılaraq növbədən kənar Dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyanı abonent ödəməlidir. Həmin rəyə əsasən abonentin istifadəsində olan qaz cihazların sayına görə 4644 kub metr müəyyən edilmiş və yaxud dəymiş ziyan 464.40 manat təşkil edir. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə iddiaçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-987/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi K.Abdullayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz RQİİ-snin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış 10059272 saylı mexaniki qaz sayğacı 11466576 saylı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış 10059272 saylı qaz sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyanı abonent ödəməlidir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, abonent İddiaçı komissiya qərarına əsasən 4644 kub metr qaz sərfiyyatına görə 464,40 manat məbləğində ziyan hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığı, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığı üçün, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən iddiaçı R.Ə.Agakişiyev fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Məhkəmə iddia tələbinin komissiya qərarının ləğv edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “itirilmiş qazın bərpası” üzrə komissiya qərarının ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin komissiya qərarında dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu göstərilmişdir. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Başqa sözlə, həmin qərarın sübut kimi qiymətləndirilib qəbul edilibedilməməsi məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Lakin bir sübut kimi həmin qərarın ləğv edilməsi prosessual baxımdan anlaşılmazdır. Digər tərəfdən həmin qərarla müəyyən edilmiş fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-987/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2540/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2540/2020
14.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver