Məhkəmə qərarları › İş №2(105)-2547/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2547/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2547/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri,20-ci məhəllə, ev 45/28, 4 saylı mənzilə aid abonent saldosundan (abonent kodu:**********00040) 486 manat və həmin ünvana yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 235,88 manat borcun silinməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 20-ci məhəllə, ev 45/28, 5 saylı mənzilə hesablanmış yeni sayğacın dəyəri kimi 235,88 manatın və 486 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, iddia ərizəsində borc hesablanan mənzilin nömrəsi 4 əvəzinə səhvən 5 yazıldığını bildirmişdir və Sumqayıt şəhəri 20-ci məhəllə, ev 45/28, 4 saylı mənzilə hesablanmış yeni sayğacın dəyəri kimi 235,88 manatın və 486 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ və Məhkəmə kollegiyasinın iclasında Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 45/28, 5 saylı mənzilə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktda sayğacda qeyd olunan nöqsan “sayğacın çıxış borusunda deşik aşkarlandı, həyət daxilindən çölə çıxarıldı, qayka plombu məftili bir tərəfli vurulub” yazılmışdır. Əməkdaşları tərəfindən yerində xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda sayğacda sayğacın çıxış borusunda deşik aşkarlandığı yazılmışdır. Mənzilə baxış keçirilmiş və istifadə olunan avadanlıqların siyahısı əsasında dövlətə vurulmuş ziyan müəyyən edilmiş və itirilmiş qazın bərpası məqsədilə 486 manat cərimə hesablanmışdır. Eyni zamanda saycağın yenisi ilə əvəz edilməsi üçün də iddiaçıdan 235,88 manat pul tutulmalıdır. Təmsil etdiyi təşkilatın hərəkətləri qanunvericiliyə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, umqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 45/28, 4 saylı mənzilinə “G-2.5” markalı 01996677 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, bu mənzildə PQ-4 və ASQ tipli məişət qaz qurğuları quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii X3nın pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, sayğaçın çıxış borsunda deşik aşkarlanmışdır. Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, “G-4” markalı, ******* nömrəli sayğac smart kart tipli G-4 markalı, **********9 nömrəli sayğacla əvəzlənmişdir. Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2019-cu ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 2.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 4860 m3 müəyyən olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent kodu **********00040 olan Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 45/28, 5 saylı mənzilinə akta görə 486 manat borc hesablanmışdır. Cavabdeh” İB Sumqayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış “sayğacın dövlət yoxlanmasının bildirişi haqqında” xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, çıxarılmış sayğac istismara yararsız kimi qiymətləndirilmiş, müvəqqəti quraşdırılmış sayğacın dəyəri 235,88 manatın 10 gün müddətində ödənilməsi tələb olunmuşdur.Əks halda qaz təchizatının dayandırılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilə akt tərtib edilməsini,sayğacın iddiaçının evindən kənarda quraşdırılmasını, sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə iddiaçının məsuliyyət daşımamasını müəyyən edərək, iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, Akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 4860 kub.m itirilmiş qazın dəyəri olan 486 manat məbləğində borc abonentin hesabından silinməlidir.Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 486 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. “X3”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X3”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində iddiaçının hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 235,88 manat məbləğində borcun hesablanması da əsassız olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1560/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar