Məhkəmə qərarları › İş №2(105)-2547/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2547/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2547/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi İ.R.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia ərizəsinin təmin edilməsi, İddiaçı Ziyadxan qızına məxsus ünvana yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 (bir yüz səksən beş manat, yetmiş üç qəpik) manat borc və abonent saldosunda göstərilən 216 (iki yüz on altı) manat borcun **********07670 saylı abonent hesabından silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ziyadxan qızı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 95 saylı evə hesablanmış ümumilikdə 401,73 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüşdür. Hazırda Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 95 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən onun mənzilinə qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında 19.08.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda qeyd olunmuşdur ki, sayğacın çıxış borusunda deşik aşkarlanıb. Onun, yaxud ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğacı onun həyətyanı sahəsindən kənarda, hasardan çöldə yerləşir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmiş və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmiş qazın bərpası 216,00 manat cərimə hesablanmışdır. 19 avqust 2019-cu il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri 185.73 manat abonentdən tələb edilmişdir. Məhkəməyə qaz sayğacına müdaxilə edilməsi ilə bağlı yetərincə sənədlər sübutlar təqdim edilməsinə baxmayaraq sübutlara məhkəmə hüquqi qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(060)-3946/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi İ.R.Mirzəyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 mart 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, abonent kodu **********07670 olan ünvanda sayğaca baxış keçirilərkən aşkar olunmuşdur ki, sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın çıxış borusu deşilib. Sayğacın klapanı işlək deyil. Xətalar normadan artıqdır. Sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. 03 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, abunəçi İddiaçı bildirilmişdir ki, Birliyin əməkdaşları tərəfindən 19.08.2019-cu il tarixdə onun mənzilində quraşdırılmış G-4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi»nə şöndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara məruz qaldığı aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 216 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185.73 manat ümumilikdə 401,73 manat borcu yaranmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********07670 olan ünvan 1 ünvanına akta görə 216 manat borc hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(060)-3946/2021saylı sorğusuna Cavabdeh İB-nin məktubundan görünür ki, Sumqayıt şəhər, Ximstroy.Xəzər bağ ev 1 mənzil 767 (**********07670) ünvanında 21.05.2014-ci il tarixdə quraşdırılmış G-4 markalı itron tipli 1302AZ**********11 saylı sayğacının çıxış plastmas borusunda deşik aşkarlanması səbəbindən 20.08.2019 cu il tarixdə Smart G-4 İTRON GALLUS PAY **********3 zavod nömrəli sayğacla əvəzlənmişdir. Çıxarılan sayğac Sumqayıt QİS-dən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması Laboratoriyasına göndərilmişdir. Dövlət yoxlamasının nəticəsi olaraq 29/171002851-2 saylı aktına əsasən sayğacın çıxış plastmas borusunda deşik aşkarlanması kimi qiymətləndirilmişdir. Bundan başqa rəydə hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməməklə müdaxilə faktı olaraq istismara yararsız kimi göstərilmişdir. 17.03.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilərək Cavabdeh İBnin X2 Nəzarət şöbəsinə göndərilmişdir. Bu şöbə tərəfindən hesablama yolu ilə zərərin məbləğinin 216 manat olduğu müəyyənləşdirilmişdir. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcısı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcədə qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 17 may 2021-ci il tarixli 2(060)-3946/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar