Məhkəmə qərarları › İş №2(105)-256/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-256/2025

12.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-256/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mülki iş üzrə (Açar söz: mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyul 2001-ci il tarixli, JN 168, Kod 41003018 saylı olan Dövlət Aktına əsasən X2 mülkiyyətinə verilmiş 3,82 ha torpaq sahəsinə dair miras əmlakın onun tərəfindən qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsinə və buna dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan, mərhum anası X6, xx.xx.2003-cü il tarixində ölmüşdür. O, xx.xx.2024-cü il tarixində ərizə ilə Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, miras qoyana məxsus olmuş, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ əsasında ona çatacaq əmlaka payının verilməsini xahiş etmiş, Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən 1020 saylı, xx.xx.2024-cü il tarixli qərarla notariat əməliyyatı aparmaqdan imtina edilərək miras qoyan X3 məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iddiaçı miras qoyan X6 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyni, İddiaçı doğum haqqında şəhadətnaməsində isə ana qarafasında “Nərgiz İsgəndərova” qeyd edildiyini əsas gətirərək iddianı rədd etmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1.1, 1159.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(105)-256/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 943/2024 nömrəli qətnaməsi miras əmlakın qəbulu müddətinin uzadılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan, mərhum anası- X7, xx.xx.2003-cü il tarixində ölmüşdür. O, xx.xx.2024-cü il tarixində ərizə ilə Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək miras qoyana məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ əsasında ona çatası əmlak payının verilməsini xahiş etmiş, Şamaxı Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 1020 saylı, xx.xx.2024-cü il tarixli qərarla notariat əməliyyatı aparmaqdan imtina edilərək miras qoyan X5 məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib. Miras qalmış əmlakı faktiki olaraq o, istifadəidarə edir, rüsumları ödəyir. Atası və anasının ölüm faktları məhkəmə qətnaməsi əsasında müəyyən edilib. Həmin qətnamənin surəti iş materiallarına əlavə edilib, valideyinlərinə qanuni qüvvəsini almış qətnamə əsasında “Ölüm haqqında şəhadətnamə” verilib. Hər iki valideyini “Məmmədtağyeva (Məmmədtağyev)” olub. Şəxsiyyət vəsiqəsi valideyinərinin ad, soy adlarına uyğundur. Məhkəmə araşdırılması zamanı da müəyyən edildi ki, anasının adına ayrılan torpağa dair sənələrdəki şəxsiyyət vəsiqələrindəki (pasportlarındakı) ad və soyadlar onun sənədləri ilə uyğundur. Anasının qohumluq faktının müəyyən edilməsinə lüzum yoxdur. Məhkəmə toplanmış subutlara uyğun qətnamə qəbul etməyib. İddiası tam əsaslı və qanunidir. Doğum haqqındakı şəhadətnamədə anasının soyadı “Nərgiz İsgənədova” kimi ilkin yazılış olub, lakin sonradan anası atasının soyadını “Məmmədtağyeva” qəbul edib. Anasının məzar daşında da “Məmmədtağyeva Nərgiz”, ölüm haqqındakı şəhadətnamədə də “Məmmədtağyeva Nərgiz” qeyd edilib. Belə olan halda anasının miras qoyan şəxsin olmasına heç bir şübhə qalmır və bu iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2090/2024 saylı xx.xx.2024cü il tarixli qətnamə ilə preyudisial əhəmiyyət kəsb edən təkzib olunmaz sübutla təsdiqini tapır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, atası X11 1998-ci ildə, anası X6 isə 2003-cü ildə ölmüşdür. Valideynləri Şamaxı rayonu, Qızmeydan kəndində yaşamışlar, atasının bacıları, qohumları Bakıda yaşadıqlarına görə onları Qaraçuxur qəsəbəsində dəfn etmişdir. Miras olaraq qəbul etmək niyyətində olduğu torpaq sahəsi Şamaxı rayonunda yerləşir, dövlət aktı ilə anasına verilib. Özü hazırda Şamaxı rayonu, Qızmeydan kəndində yaşayır. Sözügedən torpaq sahəsini əkib-becərmiş, həmin torpaq sahəsi daşlı bir sahədir. Atası və anası Amasiyada doğulublar, Gürcüstanda evləniblər, o da, Gürcüstanda doğulub. 1990-cı ildə Azərbaycana köçmüş, həmin vaxt o, Bakıdan ev almış, anasıgil isə Şamaxıda 2003-cü ilə kimi yaşamışlar. Anasının bacısı ölüb, xalasının uşaqları Gürcüstanda yaşayırlar. Bacı, qardaşı yoxdur, yeganə vərəsədir. Kənddən anası ilə atasını tanıyanların əksəriyyəti ölüblər. Burada qohumlarından heç kəs yoxdur. ünvan 1 ünvanında oğlu yaşayır. Hazırda Şamaxıdakı evdə arvadı ilə özü yaşayır. Atası ilə anası Gürcüstanda nikaha daxil olmuş və boşanmamışdır.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. “Notariat əməliyyatı aparmaqdan imtina haqqında” qərarın surətindən görünür ki, miras qoyan X3 məxsus olmuş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, X6 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında “Əli Məmmədtağıyev” ana qrafasında “Nərgiz İsgəndərova” qeyd olunmuş, onların da ata adları öz əksini tapmamışdır.

14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2090/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək, XX.XX.1932-ci il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixdə Bakı şəhərində və XX.XX.1929-cu il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş X8 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.

15. JN-168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Astraxanovka kənd sakini X3 Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,82 ha kənd təsərrüfatlı məhsullar istehsalı məqsədli torpaq sahəsi verilmişdir.

16. JN-168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsinə əsas olmuş sənədlərin surətindən görünür ki, Astraxanovka kəndində yaşayan, passport qeydiyyatında olan şəxslərin və X4 Komissiyasının siyahısında xx.xx.1929-cu il təvəllüdlü X8 və xx.xx.1932-ci il təvəllüdlü X2 adı vardır. Onların pasportu 1993-cü il tarixdə Marneuli ROVD tərəfindən verilmişdir.

17. Şamaxı regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 13 avqust 2024-cü il tarixli, 2091 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı tərəfindən daxil olmuş müraciət əsasında xx.xx.2003-cü ildə vəfat etmiş X1 qalmış miras əmlak üzrə xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır.

18. Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1932-ci ildə Ermənistan Respublikasında doğulmuş və xx.xx.2003-cü ildə vəfat etmiş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2003-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir.

19. Şamaxı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1929-cu ildə Ermənistan Respublikasında doğulmuş və xx.xx.1998-ci ildə vəfat etmiş X8 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1998-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir.

20. Şamaxı rayon İHB-nın Qızmeydan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 ailə tərkibi haqqında heç bir məlumat yoxdur.

21. AZ-İİ № 364646 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 455 nömrə ilə qeydiyyat aparılmışdır.

22. AZ-İİ № 364647 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 454 nömrə ilə qeydiyyat aparılmışdır.

23. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 26 oktyabr 1954-cü il tarixdə Gürcüstan Respublikası Marneuli şəhərində anadan olmuşdur. X15, anası Nərgiz İsgəndərovadır.

24. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qızmeydan kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1932-ci ildə Ermənistan Respublikasında doğulmuş Məmmədtağyeva (İsgəndərova) Nərgiz Osman qızının və 1929-cu ildə Ermənistan Respublikasında doğulmuş X10 övladları barədə heç bir məlumat yoxdur. Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 3,82 ha torpaq sahəsi X9 istifadəsindədir.

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-444/2025 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının adıan tərtib edilmiş JN 168 41003018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının üzərində hər hansı bir özgəninkiləşdirmə əməliyyatı aparılmamışdır.

26. Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikasının Əhalisinin Dövlət reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-165/4-13-1801/2025 nömrəli məktubundan görünür ki, İddiaçı doğumu haqqıdna akt qeydinə dair məlumat aşkar edilmədiyindən onun valideynləri, bacı və qardaşları barədə məlumat üzrə axtarışın aparılması mümkün olmamışdır.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur. Onlar Ermənistan SSR-dən qaçqın kimi Şamaxı rayonu, Qızmeydan kəndinə 1988-ci ildə gəlmiş və iddiaçının valideynləri ilə qonşu olmuşlar. 2008-ci ildən isə Bakı şəhərinə köçmüşdür. İddiaçının valideynləri X11 və X6 olmuş, iddiaçı evin tək övladı olmuşdur. O, həmin kəndə köçəndə onlar orada yaşamış, İddiaçı isə Bakıda yaşamışdır. Şamaxı rayonu, Qızmeydan kəndində onların da torpaq sahəsi olmuş, İddiaçı da anasından qaln torpaq sahəsini istifadə etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(105)-256/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 943/2024 nömrəli qətnaməsi miras əmlakın onun tərəfindən qəbulu müddətinin uzadılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilmişdir.

31. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsinə dair iddianın təmin edilməməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

33. Məhkəmə kollegiyası İddiaçı doğum haqqında şəhadətnaməsində ana qarafasında “Nərgiz İsgəndərova” adının qeyd edilməsi, iddiaçının miras qoyan X6 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərinin məhkəməyə təqdim edilməməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 26 oktyabr 1954-cü il tarixdə Gürcüstan Respublikası Marneuli şəhərində doğulmuş, X15, anası isə Nərgiz İsgəndərova olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2090/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin nəticə hissəsindən isə görünür ki, İddiaçı iddiası təmin edilərək, XX.XX.1932-ci il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixdə Bakı şəhərində və XX.XX.1929-cu il təvəllüdlü, Ermənistan Respublikasında doğulmuş X8 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının anası olan Nərgiz adlı şəxsin soyadını Məmmədtağıyeva qeyd etməklə yanaşı, mötərizə içərisində həmçinin İsgəndərova kimi də qeyd etmişdir. Həmçinin, JN-168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsinə əsas olmuş sənədlərin surətindən, yəni Astraxanovka kəndində yaşayan, passport qeydiyyatında olan şəxslərin və X4 Komissiyasının siyahısında xx.xx.1929-cu il təvəllüdlü X11 ilə yanaşı, xx.xx.1932-ci il təvəllüdlü X2 da adı qeyd olunmuşdur ki, qeyd edilən faktlar X2 qızlıq soyadının İsgəndərova olmasını, X11 ilə nikaha daxil olması ilə əlaqədar sonradan ərinin soyadı olan Məmmədtağıyev soyadını qəbul etməsini və iddiaçının anasının X6 olmasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, JN-168, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət akta əsasən Şamaxı rayonu, Astraxanovka kənd sakini X2 mülkiyyətinə Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı 3,82 ha kənd təsərrüfatlı məhsullar istehsalı məqsədli torpaq sahəsi verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2090/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, miras qoyan Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmiş, Məmmədtağıyeva (İsgəndərova) Nərgiz Osman qızının ölümü ilə onun mülkiyyətinə verilmiş qeyd olunan torpaq sahəsinə miras açılmış və onun birinci növbədən yalnız bir vərəsəsi, hazırkı iş üzrə İddiaçı qalmışdır. İşdə olan yazılı sübutlarla yanaşı, şahid ifadəsi ilə də iddiaçının anasından miras qalmış torpaq sahəsinə sahiblənməsi və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə mirası faktiki olaraq qəbul etməsi təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi və həmin torpaq sahəsi üzərində tam olaraq payının müəyyən edilməsi ilə bağlı iddiası əsaslı olmuşdur.

35. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələbi baxımından məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsas hesab olunduğundan, həmçinin Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, əlavə olaraq notriat orqanının üzərinə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üzrə öhdəliyin qoyulmasına da zərurət yoxdur. Belə ki, iddiaçı qeyd olunan qətnamə əsasında istər notariat orqanına müraciət edib müvafiq şəhadətnamə almaq, istərsə də birbaşa hüquqlarının qeydiyyatı ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrinə müraciət etmək hüququna malikdir. 37.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-943/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. JN-168, KOD 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1 miras qalmış 3,82 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsinə dair İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilsin. JN-168, KOD 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan 3,82 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi üzərində İddiaçı tam olaraq payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar