Məhkəmə qərarları › İş №2(105)-2561/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2561/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2561/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1001/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1001/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, Cavabdeh və İddiaçı MMC arasında lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241 (on altı min iki yüz qırx bir) manat 41 (qırx bir) qəpik əsas, 9649 (doqquz min altı yüz qırx doqquz) manat 65 (altmış beş) qəpik gecikdirilmiş mükafat, 294 (iki yüz doxsan dörd) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla, cəmi 26215 (iyirmi altı min iki yüz on beş) manat 46 (qırx altı) qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1001/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil “Azevrolizinq“ MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq“ müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla, 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 598.79 manat, ümumilikdə isə 35926.60 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alan Cavabdeh 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə son ödəniş 08 fevral 2017ci il tarixdə 140 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də, İddiaçı MMC və bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun “Azevrolizinq" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayəti verərək onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 02 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, sözügeən avtomobili 2016-cı ildə götürdüyü tarixdən 4 ay sonra Vüsal adlı şəxsə geri qaytarmışdır. Bununla da avtomobil üzrə borcunun qalmamasını düşünmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, avtomobil üzrə lizinq müqaviləsi hələ də onun adındadır. Avtomobili Vüsala qaytarmış, əlavə olaraq heç bir lizinq şirkəti ilə müqavilə bağlamamışdır. Vüsal və digər şəxslərin dələduzluq əməllərinin ucbatından hazırda bu kimi maddi ziyanla üzləşməkdədir. Avtomobilin onda olduğu 4 ay müddət üçün ödənişləri lizinq şirkərinə ödəmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.B.Hüseynov apelyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı 2013-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, 10-PU302 dovlət qeydıyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobili illik 17 faiz olmaqla, 60 aylıq muddətə hər ay 598,79 manat sabit məbləğ olmaqla, ümumilikdə 35926,60 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşdür. 19 sentyabr 2016-cı il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. AC № 227040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avotmobilin sahibi İddiaçı MMC-dir. 26 oktyabr 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsi üzrə 13.10.2020-ci il tarixə iddiaçıya əsas borcu 16241,41 manat, mükafat borcu 9649,65 manat, cərimə borcu 29452,06 manat, cəmi 55343,12 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında 19 sentyabr 2016-cı il tarixli, AL-518 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 2013-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobili illik 17 faiz olmaqla, 60 aylıq muddətə hər ay 598,79 manat sabit məbləğ olmaqla, ümumilikdə 35926,60 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mülkiyyətində olan "Daewoo Gentra" markalı, **-PU-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 16241,41 manat, mükafat borcu 9649,06 manat, cərimə borcu 29452,06 manat, cəmi 55343,12 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 16241,41 manat əsas borcu və 9649,65 manat mükafat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 13.9-cu bəndinə əsasən cavabdeh gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 faiz hesablanmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 29452,06 manat dəbbə pulu məbləği yaranmış 16241,41 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 294 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Həmçinin iddia tələbinin avtomobilin iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, lizinq ödənişləri gecikdirildikdə lizinq müqaviləsini ləğv etmək və lizinq predmetini geri almaq lizinq verənə bilavasitə qanunvericiliklə verilmiş hüquqlardır. Tərəflər arasında 19 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsinin 60 ay müddətinə bağlanmasını və həmin müddətin qurtarmasını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən iddiaçının lizinq predmeti olan avtomobili geri almaq hüququ vardır. İşin faktiki hallarından görünür ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün Lizinq Şirkəti qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, eləcə də maliyyə arayışı ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsi "xxxx" ASC və Cavabdeh arasında bağlanmış müvafiq aktlar əsasında da şəxsən sonuncuya təqdim edilmişdir. Ona görə də, iddiaçı qarşısında öhdəliklərin icrası üçün borclu olaraq Cavabdeh də öhdəlik daşımaqdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1001/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar